“Nizami Gəncəvini
oxuyaq”
TÜRKSOY-un kitab-albomunun növbəti təqdimatı
Qazaxıstanda keçirilib
Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən Türk dünyası rəssamlarının Nizaminin əsərlərinə çəkdiyi rəsm əsərləri və miniatürlərdən ibarət ingilis dilində “Nizamini oxuyaq” kitab-albomu nəşr edilib.
“Nizamini oxuyaq” kitab-albomunun və eyniadlı fotosərginin ilk təqdimatı noyabrın 22-də Bakıda, dekabrın 8-də isə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmişdi.
Dekabrın 14-də Nur-Sultan şəhərində, Qazaxıstanın Birinci Prezidenti – Elbası Kitabxanasının muzeyində TÜRKSOY-un təşkilatçılığı ilə art-albomun təqdimatı və sərginin açılışı olub.
Kitab-alboma Nizaminin əsərlərinin motivləri üzrə tanınmış rəssamların əsərlərinin 100-dən artıq fotoreproduksiyası daxil edilib və şairin poemalarından misralar verilib.
Tədbirdə çıxış edən kitabxananın direktoru Bakıtcan Temirbolat TÜRKSOY tərəfindən Türk dünyasının böyük mütəfəkkiri Nizami Gəncəvinin yubileyinə həsr olunmuş art-albomun hazırlanmasını təqdir edərək nəşrin əhəmiyyətini vurğulayıb.
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov bildirib ki, “Nizamini oxuyaq” kitab-albomunda Türk dünyası rəssamlarının Nizaminin əsərlərinə çəkdikləri miniatürlər yer alır. Kitab-albomdakı hər bir rəsmin öz tarixi var. Baş katib Türkiyənin Ədirnə, Təkirdağ, Bursa və Antalya şəhərlərində Türk dünyası sənətçilərinin iştirakı ilə Nizami Gəncəvinin yubileyinə həsr olunmuş konsert proqramlarının uğurla keçirildiyini də diqqətə çatdırıb.
Düsen Kaseinov qeyd edib ki, dövrümüzdə Nizami Gəncəvinin əsərlərinin öyrənilməsi sərhədlərini əhəmiyyətli dərəcədə genişləndirərək, təkcə ədəbi-fəlsəfi əsərlər kimi deyil, həm də sosiologiya, dinşünaslıq, psixologiya, pedaqogika və politologiya baxımından da maraq doğurur. Humanist ideyalar, Nizaminin “Xəmsə”sində tərənnüm etdiyi bəşəri ideyalar, sosial bərabərlik, tolerantlıq bütün dünyada bir etalona çevrilib.
Baş katib Nizaminin yubiley ilində TÜRKSOY-un Rusiyada, Belarusda, Ukraynada, Polşada, Qırğızıstanda tədbirlər təşkil etdiyini, keçən il dahi qazax mütəfəkkiri Abay Kunanbayevin də yubileyinin geniş qeyd edildiyini bildirib. Diqqətə çatdırıb ki, Abay Kunanbayev Nizaminin əhəmiyyətli əsərlərindən olan “İskəndərnamə”ni qazax dilinə tərcümə edib. Abay Nizamini özünün “gözəl” müəllimi hesab edir və onun yaradıcılığına dərindən hörmət edirdi.
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov bildirib ki, Nizami Gəncəvi bir fenomen olaraq təkcə Azərbaycan üçün yox, bütün Türk dünyası üçün bir işıq mənbəyi, bir örnəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edildiyini diqqətə çatdıran səfir bildirib ki, bu cür qərarlar Azərbaycan ədəbiyyatında, mədəniyyətində müstəsna xidmətləri olan şəxslərə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Diplomat qeyd edib ki, Nizaminin 880 illiyi dahi şairin yaradıcılıq irsinin qazax dilinə tərcümə edilməsi baxımından da mühüm bir zəmindir. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli yeni epoxada Nizami kimi klassiklərin yaradıcılığına yeni prizmadan baxışın əhəmiyyətini vurğulayıb. Bildirib ki, şairin yaradıcılığı öz dövründə olduğu kimi, üzərindən səkkiz əsrdən çox müddət keçsə də, şüurlara təsir göstərir, milli-mənəvi dəyərlərimizə söykəndiyi üçün Azərbaycan xalqının milli özünüdərki və özünəinamının inkişafı baxımından əhəmiyyətli rol oynayır.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı və Qazaxıstan Parlamentinin deputatı, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedov Nizaminin dünya ədəbiyyatına verdiyi misilsiz töhfələrdən bəhs edib, onun yaradıcılığının fəlsəfi aspektlərinə toxunublar.
“Nizami Gəncəvi” art-albomunun təqdimatı eyniadlı fotosərgiyə baxışla davam edib.
Tədbirdə TÜRKSOY-un
nümayəndələri, diplomatlar, alimlər,
dövlət və ictimai xadimlər iştirak ediblər.
Mədəniyyət.- 2021.- 15
dekabr.- S.1;2.