Tbilisidə Rəşid
Behbudova həsr olunmuş konsert
Dekabrın 14-də Gürcüstanın paytaxtı
Tbilisidə dünya şöhrətli sənətkar,
Azərbaycan və
SSRİ-nin Xalq artisti Rəşid Behbudovun (1915–1989) anadan olmasının 106-cı ildönümünə
həsr edilmiş xatirə konserti təşkil olunub.
Tədbir
Mirzə Fətəli
Axundzadə adına
Azərbaycan Mədəniyyəti
Mərkəzinin təşkilatçılığı
ilə Tbilisi Dövlət
Konservatoriyasında reallaşıb.
Konsertin keçirilməsinə Gürcüstanın
Mədəniyyət, İdman
və Gənclər Nazirliyi, Azərbaycanın
Gürcüstandakı Səfirliyi,
SOCAR şirkəti dəstək
göstəriblər.
Konservatoriyanın foyesində sənətkarın
həyat və yaradıcılığını əks etdirən fotosərgi də təşkil edilib.
Konsert “Melita” rəqs qrupunun ifasında Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından rəqs ilə başlayıb. Rəşid Behbudov 1945-ci ildə bu operetta əsasında çəkilmiş eyniadlı filmdə baş rolu oynayıb.
Gürcüstanın tanınmış mədəniyyət xadimləri Gelodi Potsxişvili, Vaxtanq Qaçeçiladze çıxış edərək Rəşid Behbudov haqqında xatirələrini bölüşüb, yaradıcılığından söz açıblar.
Sonra konsertdə gürcü və azərbaycanlı solistlər – Zümrüd Əlizadə, Ərtoğrul Balayev, Natəvan Həsənova, Nərgiz Əliyeva, Hüseyn Əliyev, Tedo Qoridze, Surə Rüfət, Teymur Kazımov, Dilarə Kərimova, İamze Urumaşvili “Sənsiz”, “Natəvana ithaf”, “Sevgilim”, “Bakı nəğməsi”, “Ey Vətən” mahnılarını ifa ediblər.
Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin gənc musiqiçiləri də konsertdə çıxış ediblər. Sonda Həzrət Əzizli Nərgiz Əliyevanın müşayiəti ilə “Yaşa, Azərbaycan” mahnısını ifa edib.
Mədəniyyət.- 2021.- 15
dekabr.- S.2.