Dünya Nizamini dərk etdikcə
Azərbaycanı yaxından tanıyır
“Nizami
Gəncəvi mədəni irsi: XXI əsr”
simpoziumunun yekun tədbiri
Ölkəmizdə və xaricdə yüzlərlə tədbiri keçirilən, bir çox layihələrlə əlamətdar olan böyük mədəniyyət bayramının – “Nizami Gəncəvi İli”nin artıq son akkordlarıdır. İlin daha bir maraqlı tədbiri dekabrın 16-da paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsindəki Mədəniyyət Mərkəzi – Eko Parkda gerçəkləşdi. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Zirə Mədəniyyət Mərkəzi – Eko Park, “Azərenerji” ASC və “Kapitalbank”ın birgə layihəsi olan “Nizami Gəncəvi mədəni irsi: XXI əsr” mövzusunda simpoziumun yekun tədbiri keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Zirə Mədəniyyət Mərkəzi – Eko Parkın qalereya hissəsində Nizami Gəncəvi “Xəmsə”sinin motivləri əsasında hazırlanmış əl işlərindən ibarət sərgiyə baxdılar.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi tədbiri açıq elan edərək qonaqları salamladı. Bildirdi ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın böyük mütəfəkkirlərin irsinə göstərilən diqqət həm də mədəni irsimizinin yaşadılmasına xidmət edir. Ölkəmizdə “Nəsimi ili”, daha sonra “Nizami ili”nin elan edilməsi bu dahilərin yaradıcılığının və Azərbaycan mədəniyyətinin nəinki ölkəmizdə, eləcə də beynəlxalq aləmdə təbliğinə böyük töhfə oldu.
Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bildirdi ki, milli-mənəvi dəyərlərimizin qədim kökü var. Onlardan biri də Nizami Gəncəvidir: “Nizaminin əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub. Ona görə ki, əsərlərində ən yüksək dəyərlərə inam var. Vətənə məhəbbət, ailə institutu, xeyir əməllər – bütün bunların hamısı Nizami yaradıcılığında öz əksini tapıb. Bugünkü tədbir Nizaminin zəngin irsini gələcək nəsillərə ötürmək baxımından əhəmiyyətlidir. 2021-ci ili “Nizami ili” elan etdiyinə görə cənab Prezidentə minnətdarıq. Əlamətdar il çərçivəsində müxtəlif ölkələrdə keçirilən xarici tədbirlərlə bir daha Azərbaycan mədəniyyətini və mədəni dəyərlərimizi dünyaya təbliğ etmiş olduq”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Nizami Gəncəvini Azərbaycan fəlsəfi fikrinin böyük elçisi kimi səciyyələndirdi: “Biz Nizami ideyalarını uşaq və gənclərimizə ötürməliyik. Nizami böyük dəyərdir və onun ideyaları hər zaman aktualdır.
Bu gün dünyada onun əsərlərindəki qadın azadlığı, xeyirxahlıq kimi dəyərlərə ehtiyac var”.
Yazıçılar Birliyi Xəzər bölməsinin rəhbəri, şair Arif Buzovnalı Nizaminin Azərbaycan ədəbiyyatındakı rolundan söz açdı. Qeyd etdi ki, əbədiyaşar ideyalar müəllifi olan Nizaminin hər bir əsəri yenidən araşdırılmalıdır.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev növbəti Nizami bayramına toplaşanları salamladı. Bildirdi ki, dünya neçə əsrdir Nizamini oxuyur, dərk edir, öyrənir. Nizami Gəncəvinin əcnəbi tədqiqatçıları şairin irsi ilə tanış olduqca Azərbaycan mütəfəkkirinin dahiliyini, insan ruhuna necə böyük təsir etdiyini vurğulayırlar.
Nizami ideyaları ona görə dünya tərəfindən qəbul olunur ki, o, ideal cəmiyyət, humanizm, sülh, bərabərlik kimi bəşəriyyəti bu gün də məşğul edən aktual məsələlərdən yazıb: “Əcnəbi elm adamları Nizamini araşdırdıqca Azərbaycan mədəniyyətinə də baxışları dəyişir. Çünki Nizami Azərbaycan mədəniyyətinin ən layiqli təmsilçisidir. Azərbaycandakı dünyaya örnək multikultural, tolerant mühitin bir qaynağı da Nizami kimi mütəfəkkirlərimizin ideallarından gəlir. Nizami nə qədər bəşəri olsa da, öz kökü ilə fəxr edirdi”.
Milli Məclisin deputatı Soltan Məmmədov tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyəti və ədəbiyyatının qorunması və təbliği istiqamətində gördüyü işlərdən söz açdı.
AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, millət vəkili, akademik Rafael Hüseynov Nizami Gəncəvini Azərbaycanın rəmzi adlandırdı. Qeyd etdi ki, Nizami ideoloji qüvvədir. Nizami Azərbaycanı güclü göstərən amildir: “2021-ci ilin “Nizami ili” elan edilməsi, ölkəmizin siyasi hədəfidir. 8 əsr boyunca Nizamiyə yüzlərlə cavab yazılıb, o həm Şərqə, həm də Qərbə işıq ötürən mayak olub. Onun irsinin təbliği davamlı olmalı, bu ənənə davam etdirilməlidir. Bu gün biz Nizamini müasirimiz kimi anırıq. “Yüz il sonra sorsanız hardadır o, Hər beyti səslənər burda, burdadır”. Bu fikir bu gün də öz gücünü saxlayır. Əgər Nizaminin sözü dünyanın dörd bir yanında bu gün yaşayırsa, demək o daim yaşayır”.
Çıxışlardan sonra qonaqlar mərkəzin Xalça muzeyi ilə tanış oldular. Burada Nizaminin qəzəlləri üstündə xanəndə, Əməkdar artist Babək Niftəliyevin ifasında səslənən muğamlar tədbirə rəng qatdı.
Daha sonra simpozium çərçivəsində elan olunan üç istiqamət üzrə əl işləri müsabiqəsinin qalibləri mükafatlandırıldı.
Rəngkarlıq üzrə Əminə Rəcəbəliyeva I, Reyhan Aslanova II, Fəxri Abbasov III yerə layiq görüldü. Onlara diplom və hədiyyələr təqdim olundu.
Dekorativ-tətbiqi sənət üzrə İsgəndər Məmmədov I, Səbinə İsmayılova II, Aytac Atakişiyeva isə III yeri tutdular. Heykəltəraşlıq üzrə qrup işinə görə mükafat isə 6 iştirakçı arasında bölündü.
Mükafatlandırmadan sonra konsert proqramı
təqdim olundu. Qara Qarayevin “Yeddi gözəl” baletindən fraqment, Üzeyir Hacıbəylinin “Sevgili canan” romansı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin ifasında Fikrət Əmirovun “Nizami” baletindən fraqment, teatrın solisti, Əməkdar artist
Fərid Əliyevin ifasında “Sənsiz” romansı səsləndirildi.
Azərbaycan Dövlət
Rəqs Ansamblı isə “Cəngavərlərin
döyüş rəqsi”ni təqdim etdi.
Bədii hissə Xalq artisti Alim Qasımov,
Əməkdar artist Fərqanə
Qasımovanın ifaları
və qiraətçi
Nadir Hüseynovun çıxışı
ilə sona çatdı.
Lalə AZƏRİ
Mədəniyyət.- 2021.- 17
dekabr.- S.1;2.