Elmi Bərpa Mərkəzi Rusiyanın ixtisaslaşmış institutu ilə əməkdaşlığı davam etdirir

 

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi uzun illərdir Rusiyanın Bərpa üzrə Dövlət Elmi Tədqiqat İnstitutu ilə sıx əməkdaşlıq edir. İnstitut bu sahədə  dünyada tanınmış, ixtisaslaşmış elmi müəssisələrdəndir və burada mədəni sərvətlərin qorunması və bərpası zamanı son elmi nailiyyətlərdən, beynəlxalq təcrübədən istifadə edilir.

 

İnstitut mütəmadi olaraq “Mədəni irsin tədqiqi və konservasiyası” mövzusunda konfrans, seminar və mühazirələr də təşkil edir. Bu il təşkil edilən tədbir bərpa və konservasiya nəzəriyyələri üzrə görkəmli alim və bərpaçı, vaxtilə Qafqaza, o cümlədən Azərbaycana səfər edərək bədii metal nümunələrinin bərpası sahəsində tədqiqatlar aparmış Mariya Şemaxanskayanın (1937-2020) xatirəsinə həsr olunmuşdu.  Moskvada keçirilən tədbirdə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova da iştirak edib.

 

Səfər zamanı Rusiyanın Bərpa üzrə Dövlət Elmi Tədqiqat İnstitutu ilə MSXƏEBM arasında bərpa işinə dair elmi metodiki vəsaitlərin hazırlanmasında qarşılıqlı informasiya dəstəyi, elmi tövsiyə və təcrübə mübadiləsi, birgə tədbirlər keçirmək barədə növbəti əməkdaşlıq sazişi də bağlanıb.

 

Mədəniyyət.- 2021.- 17 dekabr.- S.5.