“Kükrəyən, çağlayan ruhdu Ələsgər”

 

Ağdaş RMİ Ağdaş rayon Mərkəzi Kitabxanasının oxu zalında “Haqq aşığı Ələsgər” adlı tədbir keçirilib. Tədbirdə Müşfiq İsayev adına tam orta məktəbin şagirdləri aşıq-şairin şeirlərini söyləyiblər.

 

Kürdəmir RMİ Kürdəmir rayon Heydər Əliyev Mərkəzində “Ələsgər sazı, Ələsgər sözü” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə idarənin rəisi Faiq Xudanlı, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, sənətkarın nəticəsi Xətai Ələsgər, mədəniyyət işçiləri iştirak ediblər.

 

Sabirabad RMİ Saatlı rayon Mədəniyyət Mərkəzinin Nəsimikənd kənd folklor və mədəniyyət evlərinin birgə təşkilatçılığı ilə “Aşıq Ələsgər – 200” adlı tədbir keçirilib. Tədbirdə saz-söz ustadının həyat və yaradıcılığı barədə məlumat verilib. Hər iki mədəniyyət müəssisəsinin bədii qiraət dərnəyinin üzvləri Aşıq Ələsgərin şeirlərini səsləndiriblər.

 

Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxanasında “Yerin pərdəsidir, göyün simləri, kükrəyən, çağlayan ruhdu Ələsgər” adlı ədəbi-bədii gecə təşkil olunub. MKS-nin direktor əvəzi Fəridə Qədimovanın açılış sözündən sonra Gəncə Dövlət Universiteti Pedaqoji fakültənin dekanı, dosent Bayram Apoyev “Aşıq Ələsgər poeziyasında təbiət təsvirləri” mövzusunda çıxış edib. Gecədə həmçinin Göygöl Rayon Təhsil Şöbəsinin müdir müavini, şair Salman Balakişiyev, yazıçı Nüşabə Əsəd Məmmədli, AMEA Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitutu Ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyyə Quliyeva, sənətkarın nəticəsi Firuzə Ələsgərli və başqalarının çıxışları dinlənilib. Çıxışlardan sonra aşıqların ifasında saz havaları ifa olunub, şeirlər səsləndirilib.

 

Xaçmaz RMİ Siyəzən rayon Mədəniyyət Mərkəzində “Dədə Ələsgər ocağı” adlı tədbir keçirilib. Tədbirdə Siyəzən RİH-nin başçısı Novruz Novruzov, RMİ-nin rəisi Vüsal Hüseynov və başqaları çıxış edərək Aşıq Ələsgərin saz-söz sənətkarlığından, aşıq yaradıcılığının bütün sahələrinə müraciət edərək ədəbiyyatımızda böyük iz qoymasından danışıblar. Çıxışlardan sonra aşıq Əhməd Səftəroğlu söz ustadının əsərlərindən parçalar ifa edib.

 

 

Mədəniyyət.- 2021.- 17 dekabr.- S.4.