“Bərabər yürüdük biz bu yollarda...”

 

 

Ankarada Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluğuna, Azərbaycan-Türkiyə əbədi qardaşlığına həsr edilmiş “Bərabər yürüdük biz bu yollarda: Azərbaycan-Türkiyə” kitabının təqdimat mərasimi keçirilib.

 

Nəşr Milli Məclisin deputatı Məlahət İbrahimqızının ideya müəllifliyi ilə hazırlanıb. Kitabın rəyçiləri  Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov və Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar, redaktoru Türkiyə Böyük Millət Məclisinin üzvü Öznur Çalıkdır.

 

Mərasimdə rəsmi şəxslər, iki ölkənin millət vəkilləri, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov iştirak ediblər.

 

Çıxış edənlər tarixi köklərə bağlı olan Azərbaycan-Türkiyə qardaşlığının əhəmiyyətindən danışıblar.

 

Kitaba Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın 2003-cü ildən başlayaraq davam edən ikitərəfli və çoxtərəfli görüşlərindəki çıxışları, bəyanatları, eləcə də 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış “Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” daxil edilib.

 

Mədəniyyət.- 2021.- 17 dekabr.- S.3