Xalçalarımız MoskvadaCaspian” sahilində”

 

“Azərxalça” ASC-nin xalçaları növbəti dəfə Moskva sakinlərinə təqdim olunub. Moskvanın məşhur məkanlarından biri – Köhnə Arbatda Azərbaycan mətbəxi və mədəni irsinin bir arada təqdim olunduğuCaspian” restoran-qalereyasında təşkil olunmuş gecədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, ticarət nümayəndəsi Ruslan Əliyev, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov iştirak ediblər. Gecəyə Rusiyanın tanınmış dizaynerləri də qatılıb.

 

Tədbiri giriş sözü ilə açan Polad Bülbüloğlu hər kəsi Azərbaycan gecəsindən salamlayıb.

 

Emin Məmmədov tədbir iştirakçılarının bir daha Azərbaycan xalçalarına heyran qalacaqlarından əminliyini ifadə edərək, “Azərxalça” ASC-nin bütün yeniliklərə və maraqlı təkliflərə açıq olduğunu və dizeynerlərdən cəlbedici əməkdaşlıq təklifləri gözlədiyini vurğulayıb.

 

“ELLE Decoration” jurnalının baş redaktoru Aleksey Dorojkin də gələcəkdə “Azərxalça” ASC ilə birgə əməkdaşlığa hazır olduqlarını, sərgi zamanı Azərbaycan xalçalarına duyulan marağı xüsusi qeyd edib.

 

Tədbir iştirakçılarına ümumilikdə həm klassik, həm də modern xalça kolleksiyalarından ibarət 56 xalça təqdim edilib. Onların əksəriyyəti Qarabağ xalçalarıdır.

 

Tədbirin rəsmi hissəsi Azərbaycan xalçalarından ibarət ümumi sərgi, “Azərbaycan xalçalarının yeni həyatı” adlı təqdimat, xalçaların toxunma prosesini izah edən ustad dərsindən ibarət olub. Sonra qonaqlara Azərbaycan milli mətbəxinin təamları, şərablar və Azərbaycandan xüsusi dəvət olunmuş sənətçilər – Riad Məmmədov və Aslan Əhmədovun ifasında konsert proqramı təqdim olunub.

 

“Azərbaycan xalçaları “Caspian” sahilində” adlı gecənin təşkilatçıları Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi, Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyi, “Azərxalça” ASC və “DetaliDizayn Məktəbidir. Məqsəd Azərbaycan xalçalarını məhz nüfuzlu dizaynerlərin diqqətinə çatdırmaq, onlarla əməkdaşlıq üçün zəmin yaratmaqdır.

 

Mədəniyyət.- 2021.- 17 dekabr.- S.8.