Aşıq Ələsgər Səməd Vurğunun Ev-Muzeyində yad
edilib
Aşıq Ələsgərin anadan olmasının 200 illiyi münasibətilə dekabrın 16-da Səməd Vurğunun Ev-Muzeyində tədbir keçirilib.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi ilə birgə təşkil olunan tədbiri muzeyin direktoru Nüşabə Babayeva-Vəkilova açaraq qonaqları salamlayıb. Aşıq Ələsgərin yaradıcılığının Azərbaycan ədəbiyyatında, saz-söz sənətində xüsusi yeri olduğunu vurğulayan direktor Xalq şairi Səməd Vurğunun dediyi sözləri diqqətə çatdırıb: “Hansı mövzuya əl atıram, hansı daşı qaldırıram, altında Dədə Ələsgərdən bir nişanə görürəm”.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı çıxış edərək Dədə Ələsgərin Azərbaycan poeziyasının ən böyük nümayəndələrindən biri olduğunu vurğulayıb.
“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgər də ustadın həyat və yaradıcılığından söz açıb, tədbirin təşkilinə görə sənətkarın nəsli adından minnətdarlığını bildirib. O, ev-muzeyə Aşıq Ələsgərin təsviri olan rəsmi hədiyyə edib.
Tədbirdə “Aşıq Pəri Məclisi”nin rəhbəri Pərvanə Zəngəzurlu, aşıq Ramin, şair Südabə İrəvanlı, aşıq Gözəl Kəlbəcərli, şairə Aysel Kərim, Tərxanım Müseyibqızı Göyçəli, Nizami Qərib və başqaları çıxış ediblər. Aşıq Ələsgərin şeirləri, saz havaları səsləndirilib.
Mədəniyyət.- 2021.- 22
dekabr.- S.4.