Qafqaz Albaniyasına aid
arxeoloji abidə aşkarlanıb
“Avey” qoruğunun
Göyəzən filialı ərazisində arxeoloji
qazıntılar
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Göyəzən filialı ərazisində aparılan kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar yekunlaşıb. Qazıntılar AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı, arxeoloq Pərviz Qasımovun rəhbərliyi ilə həyata keçirilib.
Göyəzən dağında yer səthindən təqribən 400 metr hündürlükdə qaya parçalarından inşa edilmiş yeddibürclü Göyəzən qalası tədqiq edilib. Həmçinin Göyəzən dağının şimal-qərb ətəyində gətirilmə sal və qaya parçalarının olduğu ərazidə arxeoloji qazıntılar aparılıb.
Tədqiqat işləri nəticəsində məlum olub ki, qalanın bürclərinin diametri 6, mövcud hissələri isə 4 metr hündürlüyə malikdir. Cənub-şərqdən, yəni giriş tərəfdən şimal-qərbə tərəf uzanan divarın uzunluğu, beş bürc də daxil olmaqla 111, qalanın dağa dayaqlandığı arxa hissəsinin uzunluğu isə 99 metrdir.
Qalanın inşasının tarixini müəyyən etmək üçün giriş hissəsinin şimal bürcünün ətəyində şurf qoyulub. Qazıntılar zamanı müəyyən edilib ki, bürclərin ətrafları da qalanın tikintisində istifadə olunmuş səthi cilalanmamış qaya parçaları ilə doldurulub. Bu üsul Orta əsrlərdə bürc və divarların bərkidilməsində tətbiq edilib. Şurfdan çıxarılan qaya parçaları arasında Orta əsrlər dövrünə xas olan 200-dən çox yerli şirli və şirsiz keramika fraqmentləri aşkar edilib. Qala bölgənin islam dövrünə xas memarlıq üslubunda inşa edilib. Qalanın daha dəqiq tarixini müəyyən etmək üçün qazıntılar zamanı aşkar olunmuş nümunələr radio karbon analiz üçün götürülüb.
Qaladan 200 metr yüksəklikdə tam fərqli memarlıq üsulu ilə tikililər görünməkdədir. Ehtimal edilir ki, kub formalı cilalı daşlardan hörülmüş bu divarlar antik və ya erkən xristianlıq dövrü sakral xarakterli ibadətgahlar və sığınacaqlar olub. Bu tikililərə gedən cığırların təbii aşınması tədqiqatların aparılmasını çətinləşdirir.
Arxeoloji qazıntılar zamanı 12 torpaq qəbir aşkar edilib. Doqquz skeletdə əllərin sinə üzərində çiyinlərə doğru, çarpaz qoyulması, tabutun əlamətlərinin olmaması, şimal-qərbdən cənub-qərbə beli üzərində istiqamətlənmə Qafqaz Albaniyasının Orta əsrlər dəfn ənənəsini əks etdirir. Daha bir skelet sol çiyni üzərində, lakin xristian adəti üzrə dəfn edilib.
Daş qutu qəbirin aşkar edilməsi ərazidə Qafqaz albanlarının böyük bir xristian nekropolunun olmasını göstərir. Yaxşı cilalanmış daş qutu qəbirdə ilk Orta əsrlərdə alban xristianlığı üçün xas olan tərzdə dəfn qeydə alınıb. Dəfnlərdən tunc, mis və dəmirdən az sayda sırğalar, üzüklər, düymələr aşkar edilib.
Aparılmış qazıntılar Qafqaz Albaniyasına aid daha bir mühüm abidənin aşkar edilməsi ilə nəticələnib. 75 kvadratmetr olan qazıntı sahəsinin GPS koordinatları götürülüb, geodezik cihazlarla ölçmələr aparılıb.
Qeyd edək ki, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Göyəzən filialında elmi-arxeoloji qazıntılar və payız məktəbi” layihəsi çərçivəsində qoruq ərazisinə turlar, məktəbli və tələbələr üçün ustad dərsləri də təşkil edilib.
Mədəniyyət.- 2021.- 22
dekabr.- S.4.