“Jazz mix”in ritmləri bu dəfə
Vaqif Mustafazadəyə ehtiramla
səsləndi
Heydər Əliyev Sarayının “Jazz mix” layihəsinin budəfəki konserti görkəmli bəstəkar və pianoçu, caz-muğam üslubunun banisi, Əməkdar artist Vaqif Mustafazadənin (1940-1979) xatirəsinə həsr olunmuşdu.
Dekabrın 16-da, bəstəkarın xatirə günündə təşkil edilən gecədə həm gənc, həm də peşəkar caz musiqiçilərinin çıxışları təqdim olundu. Müxtəlif caz stilistikasına uyğun kompozisiyalar – svinq, ballada, bassonava, caz-muğam elementlərinin yer aldığı proqram musiqisevərlərin ruhunu oxşadı.
Proqramda ilk çıxış Vətən müharibəsində Qələbəmizə həsr olunmuşdu. “Laçın” xalq mahnısı və görkəmli bəstəkar Cahangir Cahangirovun “Cənnətim Qarabağ” bəstəsinin caz versiyalarını Əməkdar artistlər İskəndər Ələsgərov (zərb alətləri), Ruslan Hüseynov (bas-gitara) və royalda Coşqun Qadaşov təqdim etdi.
Daha sonra Nicat Aslanovun caz qrupu öz peşəkar ifaları ilə tamaşaçıların qəlbini fəth etdi. “Baladadaşın ilk məhəbbəti” filmindən Emin Sabitoğlunun “Keçdiyim bütün yollar” musiqisinə Nicat Aslanov bu dəfə cazmen yanaşması ilə müraciət etmişdi. Nostalji və bütün nəsillər tərəfindən sevilən musiqi maraqla qarşılandı.
Caz bəlkə də dünyada ən çox qarışığı olan musiqidir. Afrika ritmlərindən tutmuş pop musiqisinə kimi bir çox janrın elementlərinə caz musiqisində rast gəlmək mümkündür. Elə bu səbəbdən də konsert boyu Bəhruz Zeynalın qrupu, Coşqun Qadaşov və dostları, Nicat Aslanov, Samira Jazzy, Nərmin Məmmədli, Şəfiqə Abbasova və Vladanın təqdim etdiyi caz improvizələrində biz bu qarışıq dünyaya bir daha baş vurub notların rəngarəng və krossvordsayaq hərəkətinin möcüzəsinə daldıq. “İsti caz”ın ruhlandırıcı təbiətinin saksofonda həm klassik musiqi, həm də “ragtime” ilə improvizasiyada təqdimatı konsertdə iştirak edən əcnəbi tamaşaçılara gənc Azərbaycan cazmenlərinin bacarığını nümayiş etdirirdi. Qarışıq caz elementlərinin yer aldığı konsertdə cazla “tanışlıq” arzulayan hər bir dinləyici məmnun idi. Konsert boyu Xalq artisti Salman Qəmbərovun müsahibələrinin birində səsləndirdiyi bir fikir dolanır yaddaşımda: “Ümumiyyətlə, “caz” sözünün tərcüməsi yoxdur, kimsə həddən ziyadə feyziyab olduğunu, heyranlığını bildirmək üçün “ca-aaz” adlandırıb, belə də qalıb”.
Və... bütün bu heyranlığın içində bir də Vaqif Mustafazadə ruhuna ehtiram var idi. Zəngin Şərq koloritli orijinal kompozisiyaları və muğamla cazın qarışığı olan gözəl improvizasiyaları ilə tanınan musiqiçi hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Onun yaradıcılığı bu gün həm Vətənimizdə, həm də xaricdə yüksək qiymətləndirilir.
Vaqif Mustafazadə sənətinə həsr edilən “Jazz mix” layihəsi unudulmaz ab-hava ilə yekunlaşdı.
Lalə AZƏRİ
Mədəniyyət.- 2021.- 22
dekabr.- S.8.