İlmələrin ritmi
Ruhunda yaratmaq istedadı ilə dünyaya göz açan rəssam-şairə Xalidə Seyidovanın zamanın axarında həmkarı Hicranın timsalında digər “yarı”sını tapması ona nə qədər yaradıcılıq sevinci bəxş etmişdisə, sonralar onların dostları tərəfindən “qoşa qanad” kimi dəyərləndirilməsi hər ikisi üçün qürurverici olmuşdu. Məşhur “Əzimzadə məktəbi”ndə (1971-1975) və M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1977-1982) ixtisas təhsili alan cütlüyün sonrakı fəaliyyəti bəzən müxtəlifliyi ilə seçilsə də, çox vaxt da birlikdə çalışmaları ilə səciyyələnmişdir.
Bu yerdə əlavə edək ki, həyat yoldaşının gözlənilməz vəfatından sonra Xalidə xanım yaradıcılıqla yanaşı, üç qız övladının da qayğılarını çəkmişdir. “Hicran” təxəllüsü ilə şeirlər yazması da elə onun bu çox qayğılı günlərində baş tutmuşdur. Hazırda o, çoxsaylı təsviri və dekorativ-tətbiqi sənət nümunələri ilə yanaşı, artıq işıq üzü görmüş bir neçə şeir kitabının da müəllifidir. Respublikanın tanınmış xanəndələrinin repertuarında onun qələmə aldığı qəzəllərin yer alması və dinləyici zövqünü oxşaması da bu poetik nümunələrin dəyərindən xəbər verir...
Təhsildən sonra həm özü, həm də ömür-gün yoldaşı rəssamlığın müxtəlif sahələrinə aid əsərlər ərsəyə gətirsələr də, hər ikisi onların “tanınma nişanı”na çevrilə biləcək sənət nümunəsi yaratmaq istəyində olublar. Məsləhətləşmələrdən sonra iriölçülü toxuculuq nümunəsi yaratmağa qərar veriblər. Müəyyən müddət ərzində dünyanın ən böyük dekorativ-tətbiqi sənət nümunəsi sayılacaq (1996-cı ildə daha iriölçülü qobelen toxundu) bu əsər qobelen olmalıydı. Əslində, onlar məşhur müəllimləri Lətif Kərimovun tövsiyələrini gerçəkləşdirməyi arzulayırdılar. Hicran və Xalidə Seyidovların bir neçə ilə ərsəyə gətirdikləri və “Mənim Azərbaycanım” adlanan 150 kvadratmetrlik (10x15 metr) qobelenin eskizi 1986-cı ildə artıq hazır idi. Beş il sonra Sumqayıtdakı “Kimyaçı” Mədəniyyət sarayının foyesini bəzəyən əsər elə ictimailəşdiyi gündən böyük maraqla qarşılandı. Bunu şərtləndirən başlıca səbəb ölçüsünün böyük olması ilə yanaşı, müəlliflərin onun yaradılmasında yüksək – həsədaparıcı sənətkarlıq nümayiş etdirmələri idi.
Qobelenin adından da göründüyü kimi onun məna-məzmun yükünü doğma Azərbaycanımızın uzaq-yaxın tarixinin bədiiləşdirilmiş təsviri təşkil edir. Bunun üçün müəlliflər kompozisiyanı hadisələrin və onların baş verməsində aparıcı olan müxtəlif şəxsiyyətlərin bir araya gətirilməsi üzərində qurmuşlar. Müdriklər müdriki Dədə Qorqudu kompozisiyanın dominantı seçən və qəhrəmanlıq keçmişimizin simaları – Babək, Koroğlu, Qaçaq Nəbi və Həcərin, eləcə də əsrlərin sınağından çıxmış ədəbiyyat nümunələri yaradıcılarının təsvirlərini, memarlıq tikililəri və milli maddi-mədəniyyət nümunələri ilə əlaqələndirən müəllif cütlüyü son nəticədə doğma Azərbaycanımızın ümumiləşdirilmiş – cəlbedici “tarix və mənəviyyat xəritəsi”ni yaratmağa nail olmuşlar. Təsviri və dekorativ-tətbiqi sənət sahəsində əldə etdikləri nəzəri və praktiki biliklərin ustalıqla vəhdətinə nail olan müəlliflərin bununla da qobelenin orijinallığını şərtləndirmiş, bütünlükdə isə toxuculuq nümunəsinin duyulası monumentallığını əldə etmişlər. Qeyri-adi bədii tutumuna görə yurdun rəmzinə çevrilmiş bu əsərin qərarlaşdığı məkanın dominantına çevrilməsini bu gün onun “Kimyaçı” Mədəniyyət sarayına ayaq basan hər kəsi ovsunlaması da təsdiqləyir...
Bu böyük uğurun işığında qobelenə bağlılığını, onun bədii-texniki imkanlarını daha da genişləndirmək potensialına malik olduğunu yeni-yeni toxuculuq nümunələri ilə sərgiləyən Xalidə xanım zamanın axarında bir-birindən maraqlı əsərlər ərsəyə gətirmişdir. “Həyatın yaranışı”, “Neft kontatası”, “Müharibəyə yox!”, Olimpiada”, “Xoşbəxt uşaqlıq”, “Yuxu”, “Gecə və gündüz” və s. qobelenlərdə ifadə olunan ovqat daşıyıcılığı qabarıq duyulur. Qobelendə müxtəlif toxuculuq texnikalarının tətbiq olunmasının mümkünlüyü qarşılığında müəllifin həmin əsərlərin səthinə verdiyi fakturalı görüntüdə tamaşaçısını cəlb edən və yaşantılara bələyən estetik qaynaqlar kifayət qədərdir. Bu toxuculuq nümunələrində bədii həll müxtəlifliyi də diqqət çəkir. Rəssam bu halda texnoloji xüsusiyyətlərlə yanaşı, bədii tutumun gözoxşayan, çox vaxt isə düşündürücü koloritlə ifadəsinə də üstünlük vermişdir. Onun axıcı – oynaq ritmli ilmələrin rəng müxtəlifliyindən əldə etdiyi bədii tutumda müharibənin dəhşətlərinə, sirli-soraqlı asimanın “aysberq”liyinə, körpə röyasının şirinliyinə, “qara qızıl”ın dəyər daşıyıcılığına, uşaq qayğısızlığına tutulan “bədii güzgü”də tamaşaçısını dialoqa çəkmək gücündə olan estetik çalarlar mövcuddur...
Xalidə xanımın təsviri sənət sahəsindəki yaradıcılığı da maraq doğurur. Onun rəngkarlıq və qrafika sahəsində ərsəyə gətirdiyi tablo və lövhələri, bir çox hallarda olduğu kimi, heç də süjet orijinallığı və yeniliyi ilə fərqlənmir. Əksinə, bu motivlər nə qədər ənənəviliyi ilə seçilsə də, məhz bu məlum və çoxlarına adi görünən obyektlərə fərqli bədii münasibət göstərilməsi ilə göz oxşayır. Rəssamın yağlı boya ilə çəkdiyi “Günəbaxanlar”, “Qayalar”, “Naxçıvan lalələri”, “Şərq ağaclarının ritmi”, “Durnalar”, “Payız nemətləri”, “Dəvə karvanı”, eləcə də akvarellə işlədiyi “Xəmsə” motivi” əsərlərində bizə tanış olan yer və obyektlərə tuşlanan gözlənilməz baxış və rakursların yaratdığı görüntülərdə ovqat daşıyıcılığı, poetik ruha bələnmə qabarıq nəzərə çarpır. Əsərlərdə realizmdən şərti-bədii improvizələrə kimi uzanan bədii şərh təsvirin estetik qaynağa çevrilməsinə yönəldildiyindən bu görüntülər davamlı axtarışların uğurlu nəticəsi kimi baxılır...
Xalidə xanımın bu gün də davam edən yaradıcılığında Qarabağ ünvanlı əsərlər xüsusi yer tutmaqdadır. Onun 44 günlük Vətən müharibəsində yaşadıqlarının gələcək tablolarda əbədiləşəcək ilk eskizləri də hazırdır. Müəllifin təsviri yaradıcılıq axtarışlarını poeziya ilə əlaqələndirilməsi sayəsində onun sözlərdən “toxunmuş” “Zəfər çələngi” yaranmaqdadır. Elə onun haqqında yazını da müzəffər Ordumuzu vəsf edən şeirlə tamamlamaq istəyirik:
Zəfər! Zəfər! deyərkən,
Şəhidlər gələr gözə.
Qarabağ yaşadıqca,
Minnətdarıq biz sizə.
Buludlar ağı deyir,
Şəhid əsgərlərimə,
Dağlar vüqarın tökür,
Məzarının üstünə.
Qalibliyin məğrurdur,
İtki versə də qəhər.
Qarabağda gün doğur,
Bu gün zəfərli səhər...
Ziyadxan
ƏLİYEV
Əməkdar incəsənət xadimi,
professor
Mədəniyyət.- 2021.- 22
dekabr.- S.7.