Qarabağmuğam qrupunun İsveçdə konsertləri

 

İsveçin paytaxtı Stokholmda Nizami Gəncəvinin 880 illiyi münasibətilə ölkəmizin səfirliyinin təşkilatçılığı və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə muğam konserti keçirilib. Konsertdə Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağmuğam qrupu çıxış edib.

Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov qonaqları salamlayaraq, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığından, onun dünya ədəbiyyatı və ədəbi fəlsəfəsinə olan töhfəsindən danışıb.

Stokholm Universitetinin professoru Səadət Kərimi çıxışında bildirib ki, Nizami Gəncəvinin vəfatından 8 əsr ötsə də, bu gün yazıçı və bəstəkarlar onun əsərlərindən  ilhamlanır. Çünki Nizami Gəncəvi dahi təfəkkürü ilə dünyəvi ideallara əsaslanıb və öz əsərləri ilə bütün bəşəriyyətə səslənib.

Daha sonra təqdim olunan proqramda musiqiçilərimiz Azərbaycan muğam kompozisiyalarını ifa ediblər. Xanəndə Mənsum İbrahimovu Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artistlər Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət ediblər. Konsert tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

 

***

 

İsveç səfirliyimizin təşkilatçılığı və UNESCO üzrə Milli Komissiyanın dəstəyi ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş növbəti muğam konserti Malmö şəhərində baş tutub. Konsertdə “Qarabağmuğam qrupunun ifasında Azərbaycan muğam kompozisiyaları və Nizami Gəncəvinin şeirlərinə bəstələnən musiqilər səsləndirilib.

 

Mədəniyyət.- 2021.- 22 dekabr.- S.8.