Həyat sanki onun
üçün bir kino idi...
Xalq artisti Səfurə
İbrahimovanın fotolarda
görünən sənət
yolu
Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, Dövlət
mükafatı laureatı
Səfurə İbrahimovanın
xatirəsinə həsr
olunmuş fotosərgi
barədə xəbər
vermişdik. Görkəmli teatr və kino
aktrisasının həyat
və sənət yolunu əks etdirən fotoların nümayiş olunduğu sərgi ilə biz də tanış
olduq.
Bu fotolar bir aktrisanın sənət yolunun nümayişindən
əlavə, həm də bir qadın
taleyinin cizgilərini əks etdirir. Ekspozisiyada 40-dan çox fotoşəkil yer alıb.
Səfurə İbrahimovanı Azərbaycan
filmlərinin ən sevilən nümunələrində
görüb sevmişik. “Sevil”də Dilbər, “Arşın mal alan”da Telli, “Qayınana”da Sədaqət və digər obrazları ilə tamaşaçı
rəğbəti qazanan
aktrisanın sevgisindən,
şəfqətindən qəlbimizə
bir sevgi, bir şəfqət nuru saçılıb.
Səfurə İbrahimovanın kinoda yaratdığı obrazları fotosərgidə
izləyəndə həyatı
da bir film kimi canlanır gözümüz önündə.
Fotolara tamaşa etdikcə gözəlliyi,
xanımlığı, peşəkarlığı
ilə yaddaşımıza
əbədi həkk olan aktrisanın həm də acı taleyindən duyğulanmamaq, mütəəssir
olmamaq mümkünsüzdür.
Sənət tarixinə nəzər yetirəndə görürük
ki, bir çox
aktyor və aktrisaların bu sahəyə gəlişi
təsadüfi olub, adi bir təsadüf
kimisə bir gündəcə sənət
ulduzuna çevirib. Bu ulduzlar arasında qəfildən parladığı
kimi, bir göz qırpımında
sönənlər də
olub, bəziləri isə sənətdə öz sözünü axıradək deməyi bacarıb.
1960-cı
ildə M.Əliyev adına Azərbaycan
Dövlət Teatr İnstitutunun (indiki
ADMİU) Dram və kino
aktyorluğu fakültəsinə
daxil olub. Birinci kursda oxuyarkən Akademik Dram Teatrının
hazırladığı İslam
Səfərlinin “Ana ürəyi”
dramının tamaşasında
Xatirə roluna dəvət olunub. Bundan sonra daha bir
neçə rol oynayan tələbə-aktrisa
1961-ci ildən bu teatrın truppasına daxil edilib. Bununla da aktrisa
öz istedadı ilə sənət kəhkəşanına aparan
yolda büdrəmir, yalnız üzü zirvəyə doğru gedir...
Məlumdur ki, sovet rejimi
xalqımızın bir
sıra köklü adət-ənənələrinə, həmçinin Novruz bayramının keçirilməsinə
mane olub. Tanınmış
filoloq alim, dövlət və ictimai xadim Şıxəli
Qurbanovun səyləri
ilə 1967-ci ildə Novruz bayramı elliklə qeyd edilərkən ilk Bahar qız obrazını Səfurə İbrahimova yaradıb.
Yenə
fotolara qayıdırıq...
“Bizim küçə”,
“Arşın mal alan”,
“Bizim Cəbiş müəllim”, “O qızı
tapın”, “Sevil”, “Qatır Məmməd”,
“Alma almaya bənzər”,
“Dərviş Parisi partladır”, “Tütək
səsi”, “Qayınana”
və s. bədii filmlərdən kadrlar və teatr səhnəsində
yaratdığı obrazlar.
Film yaradıcılığı
bir qədər fərqli və təzadlıdır. Görəsən, bu qadın sənətdə
öz sözünü
tam deyə bildimi, arzuladığı rolları
oynadımı, demədiyi
nələr qaldı?
Aktrisanın sənətdən
küsüb getməsi
bu sərgidə nümayiş olunan fotoların bir qədər az
olmasında özünü
göstərir. Sanki yarıda kəsilmiş ömrə bənzəyir
bu fotosərgi. Kimdir günahkar, onun özümü, yoxsa sənət mühiti?...
Hər halda düşünürəm ki,
aktrisanın müəmmalarla
dolu tale yolu macərasız keçməyib. Onun sənət
imkanları bəlkə
də vaxtilə bəzi həmkarlarını
xoflandırıb, qısqandırıb.
Sənət zirvəsinə aparan yol həm də cismani gözəllikdən başlayır və heç şübhəsiz, Səfurə xanımda da bu istisna deyildi. Onunla bağlı xatirələrini danışan sənət dostları da dəfələrlə eyni fikri vurğulayıblar. Aktrisanın birdən-birə sənətə gəlişi və uğurlu çıxışları birmənalı qarşılanmırdı. Bəlkə də elə bu səbəbdən həyat ondan ötrü bir kino idi. Baş rolunu da özü oynayırdı. Və ağlına belə gətirmirdi ki, bütün kinoların axırında eyni sözlər yazılır – “Filmin sonu”.
Səfurə İbrahimova 1938-ci il dekabrın 27-də Bakıda doğulub. 20-dən artıq filmdə maraqlı obrazlar yaradan aktrisa səhnədə də rəngarəng rollarla yaddaşlara köçüb.
21 dekabr 2020-ci ildə dünyadan köçdü. O, sanki bu dünyanın insanı deyildi, sirli-sehrli nağıllar aləmindən gəlmişdi və həmin o aləmə də geri döndü. Ömrünün çox hissəsini tənhalıqda keçirən unudulmaz aktrisa onu sevənlərin qəlbində əbədi yaşayacaq.
Lalə AZƏRİ
Mədəniyyət.- 2021.- 22 dekabr.- S.6.