Norveç ilə Azərbaycan arasında
mədəni əməkdaşlıq müzakirə olunub
Mədəniyyət naziri Anar Kərimov dekabrın 17-də Norveç Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Erlinq Şönsberqlə görüşüb.
Səfiri salamlayan nazir ona fəaliyyətində uğurlar arzulayıb. Ölkələrimiz arasında mədəni əməkdaşlıqdan söz açan Anar Kərimov mövcud əlaqələrin genişləndirilməsi üçün imkanların olduğunu vurğulayıb. İncəsənətin müxtəlif sahələri üzrə təcrübə mübadiləsinin önəmindən bəhs edən nazir Norveçin mədəni sənayelər, kino, musiqi sahələrində təcrübəsinin ölkəmiz üçün də əhəmiyyətli olduğunu deyib.
Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” təşəbbüsü çərçivəsində 2011-ci ildən ənənəvi keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu barədə diplomata məlumat verən Anar Kərimov ölkəmizin yeni təşəbbüsü olan “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasından da söz açıb. Bildirib ki, kampaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır. Anar Kərimov Norveçi də bu qlobal çağırışa qoşulmağa dəvət edib.
Səmimi qəbula görə təşəkkür edən səfir Erlinq Şönsberq “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal çağırışına dərin marağını ifadə edib, bu çərçivədə əməkdaşlığın vacibliyindən danışıb. Vurğulayıb ki, mədəniyyət xalqları, ölkələri birləşdirən ən güclü vasitədir.
Görüş tərəfləri
maraqlandıran bir sıra məsələlərin
müzakirəsi ilə davam edib.
Mədəniyyət.- 2021.- 22
dekabr.- S.4.