Azad olunmuş ərazilərin memarlıq görkəmini bərpa edəcəyik

 

Azərbaycan Memarlar İttifaqının 85 illiyi qeyd olunub

 

 

 

Beynəlxalq Muğam Mərkəzində dekabrın 17-də Azərbaycan Memarlar İttifaqının (AMİ) 85 illiyinə həsr olunmuş tədbir keçirilib. İştirakçılar əvvəlcə foyedə “Müasir Azərbaycan memarlığı” adlı sərgi ilə tanış olublar.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Memarlar İttifaqı İdarə Heyətinin sədri, professor Elbay Qasımzadə çıxış edərək qurumun tarixindən danışıb. Bildirib ki, 1934-cü ildə Azərbaycan memarlarının birinci qurultayını keçirmək üçün təşkilat komitəsi yaradılıb və 1936-cı ilin mart ayında ittifaqın təsis qurultayı baş tutub.

Ötən 85 ildə Azərbaycan memarlarının layihələri üzrə bir çox möhtəşəm tikililərin yaradıldığını söyləyən ittifaqın sədri qeyd edib ki, bu memarlıq nümunələri yalnız respublikamızda deyil, dünyada da tanınır:Keçmiş SSRİ məkanında kifayət qədər nüfuzlu mütəxəssislər kimi ad qazanan Azərbaycan memarları arasında uzun müddət  Memarlar İttifaqına rəhbərlik edən akademik Mikayıl Hüseynovun xidmətləri əvəzsizdir. O dövrdə Azərbaycandan memar ixtisaslı yeganə Sosialist Əməyi Qəhrəmanı da məhz Mikayıl Hüseynov olub. Bu həm də Azərbaycan memarlığının beynəlxalq səviyyədə nüfuzunun göstəricisidir. Bu gün bizim istedadlı, gənc memarlarımız varonlar bu sənəti bizdən sonra da yaşadacaqlar”.

Elbay Qasımzadə diqqətə çatdırıb ki, müasir dövrdə Azərbaycan memarlığı və şəhərsalması dövlət siyasətinin ayrılmaz bir hissəsi olmaqla Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir: “Müstəqil Azərbaycan iqtisadi cəhətdən çox inkişaf edib. Ötən müddət ərzində paytaxtımızın siması çox dəyişib. Yeni parklar salınır, binalar tikilir, şəhər gündən-günə gözəlləşir. Bütün bunlar Prezident İlham Əliyevin diqqət və qayğısının göstəricisidir”.

Yubiley tədbirində çıxış edən mədəniyyət naziri Anar Kərimov Prezident İlham Əliyevin 17 dekabr tarixli sərəncamı ilə dövlət təltiflərinə layiq görülmüş memarları təbrik edərək onlara yeni yaradıcılıq nailiyyətləri arzulayıb.

Nazir bildirib ki, memarlıq sənəti dünyanın inkişafını göstərən bir dəyərdir. Azərbaycan memarlıq sənətinin tarixi göstərir ki, ölkəmizdə inkişaf etmiş sivilizasiya mövcud olub. Memarın istedadı, yaradıcılıq qabiliyyəti olmazsa, yaşadığımız məkan gözəl və rəngarəng ola bilməz. Zəngin inkişaf yolu keçən Azərbaycan memarlıq sənəti bu günuğurla davam edir. Ulu öndər Heydər Əliyev memarlarımıza böyük diqqət göstərirdi. Bu gün bu ənənələr Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir. Bu gün Azərbaycan Memarlar İttifaqı beynəlxalq memarlar ailəsinin fəal üzvlərindən biridir.

Torpaqlarımızın otuz ilə yaxın davam edən işğalı zamanı ermənilər tərəfindən memarlıq nümunələrimizin də yerlə yeksan edildiyini, vandalizmə məruz qaldığını bildirən Anar Kərimov deyib: “İndi qarşımızda bu memarlıq nümunələrini bərpa etmək kimi mühüm vəzifələr durur. İstərdik ki, gənc memarlar bu işdə fəal iştirak etsinlər. Prezident İlham Əliyevin göstərişi ilə bu işdə həm Memarlar İttifaqı, həm də Mədəniyyət Nazirliyi olaraq bütün fəaliyyətimizi səfərbər edərək, işğaldan azad edilmiş ərazilərimizin memarlıq görkəmini özünə qaytarmaqla əzəli yurd yerlərimizin inkişafını təmin edəcəyik”.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Azərbaycan memarlıq məktəbinin zəngin tarixi var. Ötən əsrin 30-cu illərindən fəaliyyət göstərən Memarlar İttifaqı Bakı şəhərinin idarəetmə orqanları ilə sıx əməkdaşlıq edib. Hazırda memarlarımız şəhərimizin gözəlləşməsində yaxından iştirak edir. Qeyd olunub ki, bu gün memarların bir qrupunun təltif edilməsi Prezidentin bu sahəyə diqqətinin bariz nümunəsidir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini, Əməkdar memar Elxan Əsədov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Əsgər Ələkbərov və digər çıxış edənlər yubiley münasibətilə təbriklərini çatdırıb, milli memarlığın inkişafına töhfələr vermiş insanlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Mərasimdə bir sıra qurumların Azərbaycan Memarlar İttifaqına ünvanlandığı təbrik məktubları oxunub. Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonierin Azərbaycan Memarlar İttifaqına təbriki videoformatda təqdim olunub.

Sonra bir qrup memara ittifaqın akademik Mikayıl Hüseynov adına xatirə medalı, “Ustad memar” peşəkarlıq şəhadətnaməsi, AMİ-nin fəxri fərmanı təqdim edilib. Həmçinin V Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin və Gənc memarların və tələbələrin işlərindən ibarət VII Respublika müsabiqəsinin qaliblərinə mükafatlar verilib.

Tədbir konsert proqramı ilə davam edib. Qonaqlara AMİ-nin 85 illiyi ilə bağlı Azərbaycan ingilis dillərində nəşr edilmiş kitab-albom hədiyyə olunub.

 

LALƏ

Mədəniyyət.- 2021.- 22 dekabr.- S.3.