“Beşmanatlıq gəlin”ə təzə qiymət şərtdirsə...

 

Nə də olmasa, ortada uzun yol gələn bir onu görənlər var. Bu günlərdə Akademik Musiqili Teatr sənətsevərləri hələ pandemiyadan öncə (mart 2020) səhnəyə çıxmağa hazırlaşan “Beşmanatlıq gəlin” tamaşasının premyerasına topladı...

 

Bəstəkar Səid Rüstəmov və yazıçı-dramaturq Məmməd Səid Ordubadinin birgə ərsəyə gətirdiyi musiqili komediya bu teatrın repertuarında 1940-cı ildən 1994-cü ilə qədər müxtəlif rejissorların quruluşlarında dəfələrlə göstərilib və rəğbətlə qarşılanıb. Süjet xəttində məişət mövzusunu əks etdirən, gözlənilməz və komik vəziyyətlərlə xoş ovqat yaradan əsərin yenidən repertuara daxil edilməsini istəyən və uzun əmək sərf edərək onu ərsəyə gətirən teatrın kollektivini alqışlamaq lazımdır.

 

Budəfəki retro komediyanın rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur. Yeni quruluşu ilə əvvəlkilərdən fərqli olduğu iddia edilən tamaşada Xalq artistləri İlham Namiq Kamal (Kəblə Hüseynəli), Fatma Mahmudova (Səlbi), Əməkdar artist İqrar Salamov (Möhsün), aktyorlar  Möylə Mirzəliyev (Tahir), Ülviyyə Əliyeva (Gülnaz), Türkel Tariqpeyma (Naznaz), Səmədzadə Xasiyev (Qiyas), İbrahim Əlizadə (Nadir), Nigar Qarayeva (Komsomol katibi) iştirak edirdilər. Orkestr, xorbalet artistləri də tamaşanın tərkib hissəsi kimi onu daha baxımlı və templi saxlamağa çalışdılar.

 

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər ZakirLeyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Tamilla Aslanovadır.

 

Qısaca deyim ki, əsərdə bəzi insanlara xas acgözlük, pula hərislik, cahillikbundan irəli gələn mənasız, çürük düşüncələrə bağlılıq tənqid olunur. Xüsusən müəllifin vurğusu keçmişin vaxtı ötmüş adətləri üzərindən parlaq gələcəyə ümid çağırışlarıdır. Ailə-məişət mövzulu əsərdə də iki gəncin məhəbbəti və onların bütün maneələrdən saf sevgiləri ilə aşması ana xətti təşkil edir.

 

Ümumən səhnə imkanlarını yaxşı bilən və dramaturgiyanın əsas prinsiplərinə tam cavab verməyə çalışan bu əsərin müəllifləri sayəsində  həm klassik komediya ənənələrinə nəzər salmış oluruq, həm də bir-birini izləyən sürətli keçidlər sayəsində oynaq bir nümunə seyr edirik. Amma bir məqam üzərində xüsusilə dayanmaq istərdim.

 

“Beşmanatlıq gəlin” musiqili komediyasının libretto müəllifi Məmməd Səid Ordubadi o dövr üçün səciyyəvi olan kolxoz həyatından bəhs edən süjeti qələmə alıb. Yəni əsərdə məişət və şəxsi münasibətlər tandemində kolxoz, birgə əmək, bərabərlik, sinfi ayrı-seçkiliklə mübarizə kimi mövzular bu dəfə rejissorun ironik baxış bucağında “Gələcəkdə pul olmayacaqkimi kosmopolit arzu ilə tarıma çəkilir. Yəni nə hadisələrin nostalgiyasında daldalana bilirik, nə də... Sadəcə, onun baxış bucağına tamaşa edirik. Onu da deyim ki, quruluşçunun müasir həll verməyə çalışdığı bu tamaşanın əvvəlində və sonunda azan səslənməsi səhnəsindən başqa bütün tətbiqlərini anladım, ümumi planda əsas istəyinə çatdığını yəqin edə bildim: tamaşaçı qəşş edənədək gülməlidir.

 

Çağdaş tamaşaçıya zatən kosmik fəzadakı cisimlər kimi uzaq görünən feodal düşüncəli insanların kolxoza cəlbi, eləcə də kolxoz ənənəsinin çürük olmasının illər sonra təsdiqini tapması onsuz da onun emosiyasız, bir az da irəli getsək, etinasız qəbul edəcəyi mövzudur. Deməli, üzərində o qədər də dayanmaq gözlənilən effekti verməyəcək.

 

Yenilik, müqayisəli müasirlik demişkən, yadıma görkəmli teatrşünas Cəfər Cəfərovun bu barədə daim aktual sözləri düşdü. O, ötən əsrin 60-cı illərinin teatr mənzərəsini təsvir edərkən “Müasirlik son dərəcə əhatəli və mürəkkəb bir mövzudur. Onu teatr sahəsi ilə məhdud dairədə düşündükdə belə, qısa mülahizələrlə kifayətlənmək çox çətindir.  Çünki bu halda həm müasirliyin ümumi mahiyyəti,  həm də spesifik  bir sahədəki təzahürü nəzərə alınmalıdır” deyirdi. Mənə elə gəlir ki, xüsusən klassik nümunələr, ələlxüsus da  geriliyi, xurafatı əsas predmetə çevirən əsərlər səhnəyə qoyularkən bu incə məqam mütləq nəzərə alınmalıdır.

 

“Beşmanatlıq gəlin”in ən yaddaqalan keyfiyyətləri sırasında, sözsüz ki, duetlər xüsusi yer tutur. Ümumən librettodan irəli gələn məqamları öz zəngin musiqisi ilə olduqca gözəl  təyin edən bəstəkar bizə xalq musiqisindən, onun milli xüsusiyyətlərindən bəhrələnməklə vəziyyətdən asılı olaraq şux, oynaq, həzin ariya, duet və mahnılarla yaxşı təqdim edir. Harmonik rəqslər, tamaşanın və xüsusən də bir çox hallarda solo ifaçıların çətin situasiyalardakı çıxış yoluna, xilasına çevrilən xor da tamaşaya rəng qata bildi. Sözümü qəribliyə salmadan məhz vokal, ayrı-ayrı aktyorların orkestrlə dialoqu arasındakı uçuruma ümumi dinləyici planından toxunmaq istərdim. Musiqili komediya əsərlərində aktyorun oyunundan, rejissorun traktovkasından, rəssamın səhnə tərtibatından çox yük, diqqət, tələb komediya sözündən əvvəl gələn musiqinin üzərinə düşür. Bu baxımdan könül istər ki, ümumən orkestr çökəyində olanlarla onlara tamaşaçıdan da yaxın olan səhnədəkilər arasındakı yol həm qısa, həm rəvan, həm də rahat olsun...

 

Qeyd etdiyimiz kimi, bu operettanı maraqlı, yaddaqalan edən ən yaxşı cəhəti onun qəhrəmanı olan cütlüklərinin duetləridir. Bu mənada Naznaz və Qiyasın, eləcə də GülnazNadirin lirik, səmimi, qulağa yatımlı duetsolo ifaları öz işlərini gördülər.

 

Əsərin mərkəzində duran komik surət – Kəblə Hüseynəli Xalq artisti İlham Namiq Kamalın təqdimatında – aktyor dinamikası, tamaşaçıya hesablanmış mimikaları, bütünlükdə səhnəni ələ almağa hesablanmış ifası sayəsində maraqlı və baxımlı idi. Bu mənada üç yaşlı kişinin – Kəblə Hüseynəli, Tahirkar Möhsünün səhnəsi də yaxşı işlənmişdi və tamaşanın xüsusən ikinci hissəsindəki müəyyən məqamlarda cansıxıcı uzatmaların nəfəsliyi rolunu oynayırdı.

 

Fatma Mahmudovanın deyingən Səlbisi, ümumi tempi daim yüksəkdə saxlamağa hesablanmış balet nömrələri (rəqslər) də onların, kütləvi səhnədə olsa belə, müəyyən missiyalarının olduğunu göstərirdi.

 

“Beşmanatlıq gəlin”də musiqinin aparıcı rolu oynayan üslubu xalq mahnılarından gələn üslubdur. Yəni bəstəkar xalq mahnılarının xüsusiyyətlərindən istifadə etməklə ayrılıqda mahnı kimi də gözəl nümunələr yarada bilib. Bunu daha çox Qiyas və Gülnazın ifalarında sezə bildik.

 

Bayaqdan sadaladıqlarımızdan da göründüyü kimi, tamaşada hadisələr kolxoz quruluşunun hakim olduğu hansısa kənddə baş verir. Yəqin müəllif istəsəydi hər hansı kolorit,  yaxud ştrix sayəsində bizə təsəvvüründəki bölgəni, mahalı, lap kəndi də göstərərdi. Amma o, bunu etmir. Onun əksinə olaraq, bəzi aktyorlarımız isə ara-sıra bizi gah Abşeron kəndlərinə, gah qərb mahallarına, gah da şimal ellərinə “dəvət” edirdilər.

 

Son olaraq deyim ki, Akademik Musiqili Teatrın tamaşaçı müzakirəsinə çıxardığı, hələ “qırmızı” duvağı solmayan “Beşmanatlıq gəlin”i əsas hədəfinə – komik situasiyaların tamaşaçının üzündə gülüş yaratmasına nail oldu. Təbii ki, burada aktyorların quruluş tələblərinə qatdıqları improvizələri, hər birinin oturuşmuş oyun üslubunu və tamaşaçı ilə yumoristik ünsiyyət dilinin olmasını da unutmaq olmaz.

 

Düşünürəm ki, keçmişin kif atmış düşüncələrinin yaxın tarixin süzgəcindən keçənlərini ayırmaq və klassik musiqili teatr ənənələrinin təsir imkanlarını təyin etmək üçün “Beşmanatlıq gəlin” əsl fürsətdir. Beləcə, həm ənənəvi komediya janrında nümunəni izləyəcək, həm də keyfiyyətli musiqinin dinləyicisi olacaqsınız.

 

Həmidə NİZAMİQIZI

 

Mədəniyyət.- 2021.- 22 dekabr.- S.5.