Ustadlar ustadının 200 illik yubileyi qeyd olundu

 

Aşıq Ələsgər yaradıcılığı Azərbaycan dilinin, ruhunun ifadəçisidir

 

 

 

Yola salmağa hazırlaşdığımız 2021-ci il xalqımızın yaddaşında həm söz sazın bayramı kimi qalacaq. İl ərzində Nizami Gəncəvinin 880, Aşıq Ələsgərin 200 illik yubileyləri münasibətilə rəngarəng tədbir təqdimatlara şahid olduq.

 

Dekabrın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ustad Aşıq Ələsgərin (1821-1926) 200 illik yubileyinə həsr olunan gecə saz-söz ahəngli ilin unudulmayacaq tədbirlərindən idi.

 

Mədəniyyət Nazirliyi Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkil etdiyi tədbir Prezident İlham Əliyevin Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq sərəncamına əsasən gerçəkləşdi. Tədbirdə tanınmış elm, mədəniyyət incəsənət xadimləri, aşıqlar, ictimaiyyət nümayəndələri iştirak edirdi.

 

Yubiley gecəsində çıxış edən mədəniyyət naziri Anar Kərimov Aşıq Ələsgərin Azərbaycan Türk dünyası ədəbiyyatına, aşıq sənətinə verdiyi töhfələrdən söz açdı. Bildirdi ki, ustad sənətkar çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb. Xalq ruhuna uyğun həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib. Görkəmli sənətkarın doğma Vətənə məhəbbət aşılayan, ana dilimizin saflığını, məna potensialını hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir.

 

Nazir qeyd etdi ki, Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət məktəb yaradıb, bu ulu sənətin yaşadılması üçün çalışıb. Bununla da o, gələcəyin məşhur el aşıq   şairlərinə qüvvətli təsir göstərib.

 

Anar Kərimov diqqətə çatdırdı ki, Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə diqqət qayğı göstərən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: “Aşıq Ələsgərin yubileyləri məhz ulu öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilib. Böyük söz ustadının respublikamızda onun hüdudlarından kənarda 150 illik yubiley mərasimi keçirilərkən əlamətdar hadisə baş verib. Azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılıb. Həmin büst 80-ci illərin sonunda soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılıb. Prezident Heydər Əliyevin sərəncamına əsasən, 1997-ci ildə Aşıq Ələsgərin 175 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. Bu, ulu öndər tərəfindən Aşıq Ələsgər yaradıcılığına, qədim el sənətinə verilən ən yüksək dəyərdir. Bu zəngin ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilib. Dövlət başçısının sərəncamı ilə 2011-ci ildə ustad aşığın 190 illik yubileyi ölkəmizdə böyük təntənə ilə qeyd edilib. Prezidentin yüksək diqqətinin nümunəsi kimi Gədəbəydə Aşıq Ələsgər adına Aşıq Məktəbi açılıb”.

 

Nazir bildirdi ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü dəstəyi ilə bu ulu sənətin 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi aşıq sənətinə ölkəmizdə yüksək diqqətin təzahürüdür. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Bakı şəhərində sənətkarın heykəli qoyulacaq. Aşıq Ələsgər irsi xalqımızın yaddaşında əbədi yaşayacaq.

 

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxışında Aşıq Ələsgəri ustadlar ustadı kimi səciyyələndirdi: “Ustad sənətkarın yaradıcılığındakı mükəmməlliyə və poetik gözəlliyə baxdığımız zaman belə qərara gəlirik ki, həqiqətən, onun sözü-sənəti Azərbaycan aşıq sənətinin pasportu olmağa layiqdir. Bu mənada Aşıq Ələsgər ustadnamələrindən tutmuş qoşmalarına, təcnislərinə qədər Azərbaycan dilinin, ruhunun təmsilçisidir. Ustadın yaradıcılığına diqqət yetirdikcə əsərlərinin hər misrasında aşıq sənətinin nizamnaməsini görürük”.

 

Çıxışlardan sonra tədbirin bədii hissəsinə keçildi. Aşıqlardan Qələndər Zeynalov, Təbriz Vəliyev, Nəbi Nağıyev, Nazim Quliyev, Vüqar Qurbanov, Bəhmən Göycəli, Familə Göyçəli, İmran Həsənoğlu, Xanlar Xəlilov, Göycə Ömürlü, Ağamurad Şirvanlı, Roman Azaflı, Ramin Qarayev, Solmaz Kosayeva, Cahangir Quliyev, Şaiq İncəli, Qabil Borçalı və başqalarının ifalarında  Aşıq Ələsgərin yaradıcılığından “Ovşarı” (“Dolanır”), “Qəhrəmanı” (“Cilvələnibdi”), “Şəşəngi” (“Qadan alım”), “Göyçə gözəlləməsi” (“Yavaş get”), “Naxçıvanı” (“Dağlar”), “Şahsevəni” (“Yaylaq”) saz havaları səsləndirildi. Qiraətçilərin ifasında isə saz-söz ustadının “Ustadnamə”, “Qəmərcanı”, “İncimərəm”, “Qadan alım”, “Çeşmə” folklor qrupunun ifasında “Ceyranım” və digər şeirləri səsləndirildi. Çıxışlar alqışlarla qarşılandı.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2021.- 22 dekabr.- S.1;2.