Bu gün o gündür...
Azərbaycana tarixinin ən böyük Zəfərini
bəxş edən Liderin günü
Azərbaycan müsəlman Şərqində ilk demokratik respublika quran ölkədir. Biz də müasir dövlətimizi bu bünövrə üzərində qururuq. Mən ölkəmizi müasir, demokratik, güclü sosial siyasətə malik, iqtisadi cəhətdən inkişaf etmiş və regionda güclü mövqe tutan ölkə kimi görürəm. Mənim dediklərimin əksəriyyətinə artıq nail olunub... Bizim bu gün həll etdiyimiz problemlər gələcəyə yönəlib... Əgər imkan olsaydı, mən irəli, deyək ki, heç olmasa 10 il irəli gedərdim. Baxardım ki, düşündüklərim baş tutub, yoxsa yox və nə dərəcədə alınıb?
Prezident İlham Əliyev bu sözləri on il əvvəl “Rossiya” telekanalında M.Qusmanın “Hakimiyyət formulu” müəllif proqramına müsahibəsi zamanı demişdi. Həmin proqram Azərbaycan Prezidentinin 50 illik yubileyi ərəfəsində efirə getmişdi.
On il keçib. Bu gün Prezident İlham Əliyevin
60 yaşı tamam olur. Hər bir yetkin insan yaşının
üstünə yaş gəldikdə dönüb arxaya
baxır, yaşadığı həyata, arxada qoyduğu
dövrə nəzər salıb ona özlüyündə
qiymət verir. Eyni zamanda gələcəyi
düşünür. Dövlət rəhbərinin
təvəllüd günü isə həm də cəmiyyətin
onun fəaliyyətinə, əməllərinə qiymət
verməsi üçün bir vəsilədir. İlham
Əliyevin həyatının 27 ili
dövlət işində, ictimai-siyasi fəaliyyətdə,
son 18 ili isə dövlətə rəhbərlikdə
keçib...
...2003-cü
ildən Azərbaycan yeni inkişaf mərhələsinə qədəm
qoydu. Ulu öndər Heydər Əliyevin
dövlətçilik kursunu layiqincə davam etdirən
İlham Əliyevin rəhbərliyi ilə bu illər ərzində
ölkəmiz dinamik inkişaf dövrünü
yaşayıb. Bu tərəqqi mədəniyyət
sahəsində də yeni layihələrin, dövlət
proqramlarının həyata keçirilməsi, müasir
maddi-texniki bazanın, infrastrukturun yaradılması,
yaradıcı fəaliyyətin təşviq olunmasında
özünü göstərib. Regionların
sosial-iqtisadi inkişafı yerlərdə mədəni həyata
da mühüm zəmin yaradıb. Paytaxtda
və regionlarda mədəniyyət obyektlərinin təmir-bərpası,
ölkənin müasir inkişafını təcəssüm
etdirən yeni mədəniyyət ocaqlarının
yaradılması bu sahəyə göstərilən diqqətin
real təcəssümüdür.
İlham Əliyevin prezidentlik fəaliyyəti ilk illərdən
başlayaraq tarixi-mədəni irsə bağlılıqla bərabər,
modernləşmə, qabaqcıl dünya təcrübəsinin
tətbiqi ilə müşayiət olunub. O, mədəniyyətin
xalqın taleyində əhəmiyyətini hər zaman yüksək
qiymətləndirib: “Azərbaycan xalqının çox zəngin
mədəniyyəti, tarixi vardır. Biz
haqlı olaraq öz mədəniyyətimizlə fəxr
edirik. Bu gün Azərbaycan dünyada öz mədəniyyəti,
musiqisi, tarixi ilə tanınan bir ölkədir... Azərbaycan mədəniyyətinin nə qədər
zəngin olduğunu artıq bütün dünya bilir.
Azərbaycan cəmiyyəti həmişə mədəniyyətə
çox bağlı olub və bu gün müstəqil Azərbaycan
dövləti çox güclü əsaslar – tarixi, mədəni
əsaslar, mənəvi dəyərlər üzərində
qurulub...”.
Bu illərdə Azərbaycan musiqi sənəti dünya
səhnələrini fəth edib, ifaçılarımız
yüzlərlə sənət yarışmasında uğur
qazanıb. Azərbaycanın zəngin mədəni irsi ölkəmizdən
çox-çox uzaqlarda uğurla təqdim və təbliğ
olunub.
...Amma... Bu illər ərzində Azərbaycanın əldə
etdiyi bütün nailiyyətlərin (siyasi, iqtisadi, mədəni,
idman və s.) bir natamamlığı vardı. Ölkəmizin ərazisinin beşdəbirinin
işğal altında olması onların üzərinə də
kölgəsini salırdı. Əldə
olunan hər bir uğurun sanki beşdəbir kəsiri
vardı. Çünki onların hər
birində əlimiz yetməyən Vətən
torpaqlarının da payı olmalı idi, amma yox idi. Bunu fərd kimi hər birimiz, xalq, cəmiyyət
olaraq hamımız dərk edirdik. Hər zaman dilimizə
gətirməsək də... “Vətən bağı al-əlvandır”
söylənəndə xarıbülbülün yeri
görünür, “Qarabağ şikəstəsi” səslənəndə
qəlbimizdəki boşluğu, o beşdəbirin
kəm olduğunu hiss edirdik...
2020-ci
ilin 27 sentyabrınadək... Həmin gün İlham Əliyev
Azərbaycan üçün ən taleyüklü bir qərarı
verdi və 44 gün içində uzaqgörən siyasətçi,
mahir diplomat, qətiyyətli dövlət
başçısı və Ali Baş Komandan olaraq illərdir
qurduğu, dövlətin bütün imkanlarını güc
və qüdrətinə səfərbər etdiyi Silahlı
Qüvvələrlə birlikdə Azərbaycana tarixinin ən böyük Zəfərini bəxş
etdi.
Azərbaycan xalqı zədələnmiş milli
qürurunu dirçəldəcək, Vətənin həsrətində
olduğumuz o beşdəbirin göylərində
dalğalanacaq bayrağımıza baxmaq üçün –
başımızı uca, alnımızı açıq edəcək
o Zəfərin illərdi intizarında idi.
Bu Zəfər təkcə ölkəmizin ərazi
bütövlüyünü, Azərbaycanın beynəlxalq
hüquqla tanınan sərhədlərinin
bütünlüyünü təmin etmədi, bizi millət və
toplum olaraq illərdi içimizdə çəkdiyimiz
natamamlıqdan da qurtardı. Azərbaycan tarixinin ən
böyük sınağından çıxaraq otuz ilin kəsirini
tamamladı, böyüdü. Yalnız ərazi
bütövlüyünü bərpa etməklə deyil, həm
də dövlət, xalq olaraq güc və qüdrətini
dünyaya göstərərək. Mədəniyyətimizin
illərlə natamam olan mənzərəsi, rəngi,
havası, səsi də tamamlandı. Artıq “Qarabağ
şikəstəsi” Qarabağda havalanır,
“Şuşanın dağları” Şuşada səslənir...
“Öz
şəhərimizi uzaqdan görmək nə qədər
ağrılı idi”
“Bir neçə il bundan əvvəl bu bölgədə, bizim səngərlərdə olarkən, o binanı binoklla görmüşəm. Bu hissləri sözlə ifadə etmək çətindir, mümkün deyil. Öz torpağımızda öz şəhərimizi uzaqdan görmək, buraya gələ bilməmək nə qədər ağrılı idi. Dəfələrlə təmas xəttində olarkən, səngərlərdə olarkən, fikirləşirdim ki, gün gələcək biz qayıdacağıq, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik” – İlham Əliyev bu sözləri 23 noyabr 2020-ci ildə, Ağdamdan düşmənin ayağının kəsildiyi tarixdən üç gün sonra yurd yerimizə qədəm basarkən demişdi.
“Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim “Qurani-Kərim”i bağışladım... Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq. Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bu tarixi günləri yaşayırıq. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq....”.
Zəfərə aparan yol zamanın neçə aşırımından keçmiş, illərlə sürən siyasi-diplomatik mübarizələrlə yoğurulub, dövlətin iqtisadi gücü, hərbi qüdrəti ilə tamamlanan təməl – strategiya üzərində ərsəyə gəlmişdi. Bu strategiyanın əsasını ulu öndər Heydər Əliyev qoymuş və dövrün hələ məhdud imkanları içində, tədricən özünü təsdiq edən Azərbaycanın gələcək inkişafının əsas vektoru buna istiqamətlənmişdi. Bu strategiyanın reallaşmasında hələ prezidentlik fəaliyyətinə başlamazdan öncə İlham Əliyevin də aktiv rolu, fəaliyyəti vardı...
“Biz Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verə bilmərik” – Heydər Əliyevin 1996-cı ilin dekabrında ATƏT-in Lissabon sammitində bəyan etdiyi sözlər işğalçı Ermənistana və beynəlxalq birliyə ünvanlanan siyasi mesaj idi. Həmin mesajın praktik olaraq həyata keçməsi isə onun mühüm siyasi mahiyyətinə tən gələn hərbi və iqtisadi bünövrəni zəruri edirdi. Bu istiqamətdə 2003-cü ilədək ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında böyük işlər görülmüş, o cümlədən Azərbaycanın gələcək iqtisadi, eləcə də hərbi-siyasi qüdrətinə təməl olacaq neft-qaz layihələrinin uğurlu icrası başlanmışdı. Heydər Əliyev tərəfindən təməli qoyulan və Azərbaycanı strateji inkişafın magistralına çıxaran layihələr 2003-cü ildən sonra, bu siyasətin İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi sayəsində, real bəhrəsini verməyə başladı.
Azərbaycanın bir nömrəli problemi
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir... Hamı bilməlidir ki, bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz tükənməz deyil… Azərbaycanda ordu quruculuğu sahəsində böyük işlər görülmüşdür. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir… Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcək. Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı qüdrətli dövlətə çevirəcəyik...” – İlham Əliyev bu sözləri 2003-cü il oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti kimi and içərkən bəyan etmişdi.
İlham Əliyevin dövlət başçısı postunda etdiyi ilk çıxış Azərbaycanın gələcək inkişaf perspektivlərinə işıq tutan proqram mahiyyətli nitq olmaqla bərabər, dövlətin bir nömrəli probleminin həllinə yönəlik istiqamətləri də ifadə etmişdi: güclü siyasət, güclü iqtisadiyyat, güclü ordu. Məhz bu üç təməl istiqamətin vahid strategiya olaraq uğurla həyata keçirilməsi nəticə etibarilə Azərbaycan dövlətinin qüdrətini, onun ərazi bütövlüyünü təmin edəcək həlledici faktor olacaqdı. Çünki məhz güclü siyasəti güclü iqtisadiyyatla təmin olunan və arxasında güclü ordusu olan dövlət bütün xarici təhdidlərə sinə gərə bilərdi.
Qeyd etdiyimiz kimi, İlham Əliyev bu strategiyanın işlənməsi və realizə olunmasında 2003-cü ildən əvvəl də bilavasitə iştirak etmiş, Azərbaycanın bir nömrəli probleminə beynəlxalq münasibətin formalaşması, onun çözümü üçün müstəsna önəm kəsb edən iqtisadi təməlin atılması, Azərbaycanın neft strategiyasının uğurla həyata keçirilməsi işinə mühüm töhfə vermişdi. 1994-cü ildən ARDNŞ-nin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti, 1996-cı ildən isə birinci-vitse prezidenti vəzifəsində dünyanın iri neft şirkətləri ilə danışıqlara rəhbərlik edən, müxtəlif dövlətlərin rəsmiləri ilə mütəmadi təmasda olan İlham Əliyev bu müddətdə özünü bacarıqlı diplomat kimi təsdiqləmişdi və ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşmiş tarazlı xarici siyasət strategiyasının başlıca prinsipini hər zaman diqqətdə saxlayırdı: Azərbaycan özünün zəngin neft ehtiyatları ilə dünya güclərinin barışmaz rəqabətinə deyil, səmərəli əməkdaşlığına meydan olmalıdır.
“Azərbaycan müstəqil dövlət olaraq ilk addımlarını atırdı. Təbii ki, biz neft kimi bir sərvətə malik olduğumuzdan həm beynəlxalq neft şirkətlərinin, həm də mənafeləri Azərbaycanda kəsişən bir çox dövlətlərin güclü maraq obyektinə çevrildik. Bizə belə güclü diqqət hansısa rəqabət, müəyyən problemlər yarada bilərdi. Ona görə də mən həmişə demişəm: biz istəyirik ki, Azərbaycan rəqabət meydanı deyil, müxtəlif mənafelər arasında əməkdaşlıq zonası olsun…”, – deyə İlham Əliyev sonralar müsahibələrinin birində vurğulamışdı.
Beləliklə, prinsipial, ən əsası isə, realist siyasətlə güclü iqtisadiyyatın təməl bağlılığı və bunun nəticə etibarilə dövlətin qüdrətinin təmin olunmasında hansı rol oynadığı İlham Əliyev üçün hələ prezidentlikdən xeyli əvvəl nəzəri məsələ deyildi. Bu baxımdan onun 1996-cı ildən etibarən millət vəkili, o cümlədən Milli Məclisdə ABŞ Konqresi ilə əməkdaşlıq qrupunun rəhbəri, 2001-2002-ci illərdə isə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) deputat qrupunun rəhbəri kimi, 2003-cü ilin yanvarından həmçinin AŞPA-nın vitse-prezidenti postunda fəaliyyəti xüsusi qeyd olunmalıdır. Bu dövrdə Azərbaycanın bir nömrəli probleminin Qərb dairələrinə çatdırılması kimi vacib missiyanın mühüm hissəsini o həyata keçirmişdi.
1997-ci ilin noyabrında İlham Əliyev Vaşinqtonda “Xəzər neft kəməri” mövzusunda keçirilən konfransda bildirmişdi: “Ermənistan hər il ABŞ-dan 100 milyon dollar yardım alır. Azərbaycanlılar bilmək istəyirlər ki, nə üçün erməni lobbisi belə güclüdür! Bu lobbi ədalətdən, həqiqətdən, ən adi bir məntiqdən də güclüdür? Məgər bu lobbi Azərbaycanla ABŞ arasında gələcəkdə həyata keçiriləcək böyük müştərək layihələrdən də əhəmiyyətlidir?... Bu müharibənin qurbanı Ermənistan yox, Azərbaycandır. Bizim torpaqların 20 faizi işğal edilib, bir milyon əhalimiz qaçqın vəziyyətində yaşayır. Bizim tarixi irsimiz, evlərimiz, məktəblərimiz, məscidlərimiz, əcdadlarımızın qəbirləri vandallar tərəfindən dağıdılıb”.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti barədə həqiqətlərin Avropa Şurasında qəbul və etiraf olunmağa başlanması Qarabağ probleminə beynəlxalq aləmdə ədalətli baxışın təmin olunması üçün müstəsna önəm kəsb edirdi. İlham Əliyev 2001-ci ilin yanvarında, ölkəmiz Avropa Şurasına qəbul edilən zaman bildirmişdi: “Avropa Şurası kimi mötəbər təşkilatda təmsilçilik Azərbaycan üçün ilk növbədə Ermənistanla siyasi-diplomatik savaşı daha effektli aparmaq nöqteyi-nəzərindən vacibdir. Ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin başlıca vəzifəsi də məhz Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq müstəvidə ifşası olacaq...”.
“Siz mənim sözlərimi yadda saxlayın”
İlham Əliyev istər Amerikadakı görüşlərində, istərsə də AŞPA-da çıxışlarında Ermənistana havadarlıq edən dairələrin nəzərinə çatdırırdı ki, Azərbaycanın iqtisadi imkanları, apardığı siyasət onu regionun lider ölkəsinə çevirəcək, Ermənistanın isə bu işğalçılıqdan nəticə etibarilə qazancı olmayacaq. Yeritdiyi işğalçılıq siyasətinin Ermənistan üçün çox baha başa gələcəyi bu ölkənin siyasi çevrələrinə də ünvanlanırdı.
Bu xüsusda İlham Əliyevin 2001-ci ilin sentyabrında AŞPA-nın sessiyası zamanı Strasburqda “Aravot” qəzetinə (yeri gəlmişkən, bu, Ermənistanın indiki baş naziri, o zamanlar jurnalist olan Nikol Paşinyanın yer aldığı siyasi cəbhənin qəzeti idi) dedikləri erməni tərəfinə əlamətdar mesaj idi: “Ermənistan hər vəchlə Qarabağ məsələsinin əsl mahiyyətinin üstünü vurmamağa, yəni Azərbaycanın torpaqlarının işğalını, Azərbaycana qarşı təcavüzü açıb-ağartmamağa çalışır... Siz mənim sözlərimi yadda saxlayın: Ermənistanın vəziyyəti getdikcə ağırlaşacaq, bu cür qəsbkarlıq siyasətini aparmaq onun üçün daha çətin olacaqdır. Əlbəttə, münaqişə nəticəsində Azərbaycan zərər çəkmişdir. Amma Ermənistanla Azərbaycanın perspektivlərini müqayisə etsək, görərik ki, onların arasında uçurum dərinləşir. Bir şeyi başa düşün: Azərbaycan bu cür vəziyyətlə heç vaxt razılaşmayacaq. Bu gün Ermənistan regional layihələrdən tamamilə təcrid olunmuşdur. Vaxt ötəcək, onda gec olacaqdır... Açığını deyəcəyəm, sizdə perspektiv barədə düşünən siyasətçilər görmürəm”.
İlham Əliyevin erməni cəmiyyətinə ünvanladığı mesaj AŞPA-da alınan qərarlarla da təsdiqlənirdi. 2002-ci ilin yayında erməni tərəfin etirazına rəğmən britaniyalı parlamentar Terri Devis Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçi təyin edildi. Bir müddət sonra isə Ermənistanın Avropa Şurası qarşısında öhdəliklərinə dair qətnamədə Azərbaycanın ərazilərini işğal etməsi faktı ilk dəfə təsbit edildi...
Ümumilikdə 2001-2003-cü illərdə İlham Əliyevin rəhbərliyi altında ölkəmizin AŞPA-dakı deputat qrupu Ermənistanın Azərbaycana qarşı təcavüzünün fəsadları, qaçqın və köçkünlərin həyat şəraiti, işğal olunmuş ərazilərdəki milli mədəniyyət abidələrimizin dağıdılıb talan edilməsi və s. məsələləri əks etdirən 30-dan çox qətnamə, bəyanat, müraciətin yayılmasına, müzakirəsinə və Avropa Şurasının sənədləri kimi qəbul edilməsinə nail olmuşdu. Məhz İlham Əliyevin rəhbərliyi ilə başlanmış məqsədyönlü fəaliyyətin nəticəsi idi ki, 2005-ci il yanvarın 25-də AŞPA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini əks etdirən və Ermənistanın təcavüzkar dövlət olduğunu təsbit edən 1416 saylı qətnamə qəbul edildi...
Bütün bunlar – hər nə qədər həmin dövrdə işğalçıya təzyiq etmək, təcavüzə son qoymaq üçün praktik təsir vasitəli sənədlər olmasa da – mahiyyət etibarilə Azərbaycanın beynəlxalq müstəvidə haqlı mövqeyini tədricən gücləndirən, irəlidəki haqq savaşının siyasi əsaslarını hazırlayan mühüm addımlar idi...
“Atamın başladığı işi davam etdirmək mövqeyindəyəm”
2003-cü ilin 4 avqustunda İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri təyin olunması 10 il ərzində Azərbaycanın sabit inkişaf kursunun, milli müstəqilliyin və dövlətçiliyin qarantı olmuş Heydər Əliyev siyasətinin dönməzliyinin təmin olunması istiqamətində müstəsna əhəmiyyətli hadisə idi. Heydər Əliyevin siyasət, diplomatiya və dövlətçilik məktəbinin ən layiqli davamçısı, Azərbaycan cəmiyyətinin gələcək lider kimi gördüyü şəxsiyyət dövlət idarəçiliyi iyerarxiyasında haqq etdiyi növbəti pilləyə yüksəlmişdi.
İlham Əliyev bu barədə ABŞ-ın “Vaşinqton Post” qəzetinə müsahibəsində belə demişdi: “Mən bu seçimi şüurlu etmişəm və xoşbəxtəm ki, atamın başladığı işi davam etdirmək mövqeyindəyəm”.
Heydər Əliyevin yolunu davam etdirmək Azərbaycan dövlətinin mənafelərini ən yüksək səviyyədə müdafiə və realizə etməyi bacarmaq deməkdir. 2003-cü il sentyabrın 24-də BMT Baş Assambleyasının 58-ci sessiyasında çıxış edən Baş nazir İlham Əliyevin Qarabağ məsələsi ilə bağlı bəyanatı – “Azərbaycanın səbri sonsuz deyil və heç kim bundan sui-istifadəyə cəhd etməsin” – bunu bacaracaq lider olacağının mesajı idi. O, liderlik keyfiyyətlərini öz fəaliyyəti ilə dəfələrlə nümayiş etdirmişdi və artıq bunu Azərbaycan dövlətinin birinci şəxsi simasında sübuta yetirməyin zamanı idi. 2003-cü il oktyabrın 1-də Heydər Əliyevin Azərbaycan xalqına müraciəti İlham Əliyevə bu məsuliyyətli yolda ən yüksək xeyir-dua oldu.
“1990-1993-cü illərdə respublikamızda yaranmış siyasi və hakimiyyət böhranından, idarəsizlik və qarmaqarışıqlıqdan istifadə edən Ermənistan ordusu Azərbaycanın torpaqlarını işğal etdi, bir milyondan çox soydaşımızı qaçqın və köçkün vəziyyətinə saldı... Xaos və anarxiya dövründə Azərbaycanın pozulmuş ərazi bütövlüyünü, qaçqın və köçkünlərin öz yurd-yuvasına qaytarılması problemini hələ də həll edə bilməmişik. Mən əminəm ki, biz bu məsələni də mütləq həll edəcəyik... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm...”.
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Azərbaycanın bir nömrəli problemini həll etmək üçün dövlətin bütün potensialını səfərbər edəcəyinə söz verdi: “Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcək... Əlbəttə, yəqin çətinliklər də olacaq. Amma mən bu çətinliklərə hazıram. Əgər mən özümdə belə bir hazırlıq görməsəydim, heç vaxt bu yola getməzdim...”.
İllər sonra Zəfərə aparacaq yollar
İrəlidə, həqiqətən də, çox mürəkkəb, çətin, geosiyasi düyünlərlə dolu illər vardı. Amma xalqa arxalanaraq, onun inam və etibarına, birlik və bərabərliyinə güvənərək aşılmayacaq sədd yoxdur. İlham Əliyev bu illərdə hər zaman xalqla bir yerdə oldu, şəxsən özü üçün əlamətdar olan günlərdə də...
2011-ci ilin 24 dekabrı. İlham Əliyevin 50
yaşı tamam olur. Prezident xanımı
ilə Ağcabədi rayonunun Taxtakörpü ərazisində
laçınlı məcburi köçkünlər
üçün salınan yeni qəsəbədə, məcburi
köçkünlərdən birinin evindədir.
Dövlət
başçısı Azərbaycanın əsas hədəfinə
doğru keçilən yoldan və qarşıdakı vəzifələrdən
söz açır: “Biz bu işğala son qoyacağıq. Yəni bu, qaçılmaz bir həqiqətdir.
...Sadəcə, çalışırıq ki, bunu hələ
ki, danışıqlar yolu ilə həll edək və eyni
zamanda daha da güclənək... Biz işləyirik, öz
işimizi görürük, güclənirik, daha da çox tərəfdaş
əldə edirik... Biz siyasi-iqtisadi, hərbi
gücümüzü, bölgədəki təsir
imkanlarımızı, dünyadakı mövqelərimizi
bilirik. Budur Qarabağ məsələsinin
həllinə aparan yollar. Biz bu yollardan
istifadə edəcəyik, edirik. Bizə əlavə
güc verən xalqın bu siyasətimizə göstərdiyi
dəstəkdir. Azərbaycan dövləti
qarşısında bu məsələdən daha vacib məsələ
yoxdur… Mən şəxsən tam əminəm ki, biz ərazi
bütövlüyümüzü bərpa edəcəyik... İllər keçdikcə biz daha da güclənəcəyik,
Ermənistan daha da zəifləyəcəkdir. Nə qədər ki, torpaqlarımız işğal
altındadır, Ermənistana qarşı bütün cəbhələrdə
mübarizə aparılır və aparılacaqdır. Bu məsələ həll olunmayana qədər Azərbaycan
xalqı rahat yaşaya bilməz və biz sakitləşməyəcəyik.
Bu, müvəqqəti yaşayış məntəqəsidir. Torpaqlarımız
işğalçılardan azad olunandan sonra bütün
köçkünlər üçün Laçında, Kəlbəcərdə,
Ağdamda hələ ki, işğal altında olan digər
torpaqlarda bundan da gözəl evlər tikəcəyik. Mən buna şübhə etmirəm. Biz öz ərazi bütövlüyümüzü
mütləq bərpa edəcəyik. Mən bu barədə
fikirlərimi dəfələrlə bildirmişəm, bir daha
demək istəyirəm ki, bu, sadəcə olaraq sözlər
deyil, sadəcə olaraq bizim arzularımız deyil, bu, həqiqətdir...”.
Doqquz il sonra bu həqiqəti bütün dünya
gördü.
“...Mən
deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa
edilməlidir. Deyirdim ki, müharibə
variantı heç vaxt istisna olunmur. Nəinki
deyirdim, bütün bu illər ərzində bütün
gücümüzü səfərbər edib ölkəmizi
gücləndirirdik, güc toplayırdıq – həm beynəlxalq
müstəvidə, həm ölkə daxilində, həm
iqtisadi məsələlərin həllində, ölkəmizdə
həmrəyliyin və birliyin möhkəmlənməsində,
ordu quruculuğunda güc toplayırdıq. Bu
gücü dəmir yumruq formasına gətirdik, düşmənin
belini qırdıq...” – Müzəffər Ali Baş
Komandanın 2020-ci il dekabrın 1-də
Laçın rayonunun işğaldan azad olunması münasibətilə
televiziya ilə xalqa müraciətində dediyi bu sözlər
həqiqət anı idi.
Təkrarlanan
tarix və rəqəmlər
24 noyabr
2003-cü il – Prezident İlham Əliyev həmin
gün “Azərbaycan Respublikasında sosial-iqtisadi
inkişafın sürətləndirilməsi tədbirləri
haqqında” fərman imzalamışdı. Bu,
onun dövlət başçısı postunda
imzaladığı ilk proqram xarakterli fərman idi. Bəlkə
də həmin gün İlham Əliyev nə vaxtsa Azərbaycanın
işğaldan azad ediləcək əraziləri ilə
bağlı belə bir sənədi imzalayacağını da
fikrindən keçirmişdi...
24 noyabr
2020-ci il – tam 17 il sonra eyni gündə Prezident İlham
Əliyev əsarətdən qurtulan yurd yerlərimizdə
dövlətimizin suveren idarəçiliyini təsbit edən
sənədə – “Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərində məsələlərin
mərkəzləşdirilmiş qaydada həlli ilə
bağlı Əlaqələndirmə Qərargahının
yaradılması haqqında” sərəncama imza atdı.
Təsadüf idimi? Təbii ki, yox. Həm də simvolik
idi...
Prezident
İlham Əliyev tarixin təkrarlanmasına təsadüf kimi
yanaşmadığını bir müddət sonra (2021-ci il avqustun 30-u) Şuşada bu sözlərlə
ifadə edəcəkdi: “Əziz dostlar, təxminən 40 il
bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə
o tərəfdə durmuşdum. Şaxtalı-qarlı
havada Vaqifin məqbərəsinin açılışı
idi. Ondan sonra ikinci dəfə 1982-ci ilin
iyul ayında – iyulun 29-da atamla bərabər ikinci dəfə
Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri
keçirilirdi. Bu gün isə ikinci dəfə
Vaqifin məqbərəsinin açılışını
biz qeyd edirik. Vaqif Poeziya Günləri
keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri
hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi
məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin
qara səhifəsi artıq arxada qaldı və yenidən biz nəfəs
almağa başlamışıq...”.
“Bu məsələ həll olunmayana qədər Azərbaycan xalqı rahat yaşaya bilməz və biz sakitləşməyəcəyik” – 2011-ci ildə deyilmiş sözlər artıq öz yerinə oturmuşdu...
... Zamanın maşını real olmasa da, ən müşkül görünən istəyi də zaman içində gerçəyə çevirmək mümkündür. Güc, imkan və hədəfləri doğru seçib, nəyi nə zaman, necə edəcəyini dəqiq bilərsənsə.
***
On il öncə məşhur telejurnalist Prezident İlham Əliyevə “zaman maşınında keçmişə qayıtmaq istərdinizmi” deyə soruşanda o, əgər mümkün olarsa – keçmişə deyil, gələcəyə, on il sonraya baxmaq istədiyini demişdi. On il sonra nəyi görmək istəyirdi? Bunu təxmin edə bilərik...
Bu gün həmin on ilin tamamıdır. İlham Əliyev on il öncə ürəyində tutduğu hədəfi
məqsədyönlü fəaliyyəti, bacarığı,
uzaqgörən siyasəti və qətiyyəti ilə
gerçəyə çevirə bilməsinin qürurunu
yaşayır. Qalib Prezident və Müzəffər
Komandan kimi. Milli qürurunu ucaltdığı xalqı
ilə birlikdə...
On il öncə bu gün laçınlı məcburi
köçkün Prezident İlham Əliyevə “50
yaşınızı gəlib bizimlə keçirməyinizi
heç nə ilə əvəz etmək olmaz. Bunun
qiyməti yoxdur. Gün o gün olsun ki, 100
yaşınızı da qeyd edəsiniz” arzusunu ifadə edəndə
o, “Mən adətən öz ad günlərimi qeyd etmirəm.
Sizinlə birlikdə Qarabağ torpağında
bu günü qeyd edək” demişdi.
Bu gün
o gündür…
Azərbaycana
tarixinin ən böyük Zəfərini bəxş edən
Liderin günü...
Vüqar Əliyev
Mədəniyyət.- 2021.- 24
dekabr.- S.1;4.