Tokioda caz
konsertində Azərbaycan mahnıları və rəqsləri
Yaponiya paytaxtının Qinza əyləncə mərkəzindəki “Swing Jaz Club”da təşkil olunan konsert zamanı müxtəlif xalqların caz musiqisi ilə yanaşı, Azərbaycan mahnı və rəqsləri də ifa edilib. Tanınmış caz ifaçısı, “Excellence Award” mükafatının qalibi xanım Kyoko Yamamotanın Azərbaycan dilində səsləndirdiyi “Sarı gəlin” və “Bana-bana gəl” mahnıları və soydaşımız Dilarə Qazıyeva-Sato tərəfindən nümayiş etdirilən milli rəqslərimiz sürəkli alqışlarla qarşılanıb.
Yapon tamaşaçılara Azərbaycan musiqisinin əsrarəngizliyi barədə məlumat verən K.Yamamota biznes əlaqələri qurmaq üçün ölkəmizə səfər edən zaman burada həm də çox zəngin musiqi ilə qarşılaşdığını bildirib. Qeyd edib ki, Azərbaycan musiqisi ritmlərin fərqliliyi, xüsusilə pop musiqisinin çox maraqlı olması ilə onun diqqətini cəlb edib. Qərara alıb ki, orijinallığı ilə seçilən Azərbaycan musiqi nümunələrini öz repertuarına daxil etsin. “Sarı gəlin” və “Bana-bana gəl” mahnılarının yapon tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayan K.Yamamota qeyd edib ki, bundan sonrakı fəaliyyətində də Azərbaycan musiqisi nümunələrinə geniş yer verəcək.
“Bu konsert
Yaponiya Mədəniyyət Nazirliyinin “Gələcək üçün
incəsənət” layihəsi çərçivəsində
təşkil edilib və pandemiyaya
baxmayaraq, maraqlı əyləncə üçün əlverişli fürsət idi. Repertuara Latın Amerikası və yapon
mahnıları ilə yanaşı, Azərbaycan
mahnıları da daxil
edilməsi tamaşaçıların böyük
marağına səbəb oldu. Çox sevinirəm ki, Yaponiya ilə Azərbaycan arasında uzun məsafənin olmasına baxmayaraq,
sizin musiqiniz belə rəğbətlə
qarşılanır. Yaxın gələcəkdə Azərbaycan
musiqisinin yeni nümunələri
üzərində işləməyi planlaşdırıram”,
– deyə K.Yamamota bildirib.
Mədəniyyət.- 2021.- 29
dekabr.- S.8.