Dövlətimizin qayğısı bəstəkarları yeni uğurlara ruhlandırır

 

İlham Əliyev və musiqi mədəniyyəti” kitabının təqdimatı keçirildi

 

 

 

Dekabrın 24-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına konsert salonundaİlham Əliyev və musiqi mədəniyyəti” kitabının təqdimatı keçirildi. Yeni nəşr Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi münasibətilə işıq üzü görüb.

Kitabın məsləhətçisi və ön sözün müəllifi Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə, tərtibçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızıdır.

Professor Firəngiz Əlizadə tədbiri açaraq bildirdi ki, kitab 60 illiyini qeyd etdiyimiz ölkə başçısının musiqi mədəniyyətimizə qayğı və diqqətini əks etdirən tarixi faktlardan bəhs edir: “Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin hamisidir. Musiqimizin dünya miqyasında layiqincə təmsil edilməsi üçün hər zaman bəstəkar, ifaçı və musiqişünaslarımıza dəstək olur. Ümummilli liderimiz Heydər Əliyevdən miras qalan bir çox ənənələrlə yanaşı, məhz elm və incəsənət xadimlərinə Prezidentimizin, eləcə də ölkəmizin birinci xanımı Mehriban Əliyevanın qayğı və diqqəti sanki varislik timsalında davam etməkdədir”.

İttifaqın sədri qeyd etdi ki, göstərilən qayğı bəstəkarlarımızı yeni yaradıcılıq uğurlarına ruhlandırır. Onlar böyük maraq və həvəslə musiqinin müxtəlif janrlarında əsərlər yazırlar. Bu əsərlərin içərisində Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun qazandığı böyük Zəfərin tərənnümü də mühüm yer tutur. Zəfər tariximizə, bu şanlı tarixi yaradan Ali Baş Komandana yeni əsərlər həsr edilir. Noyabr ayında Heydər Əliyev Sarayında keçirilən “Zəfər çələngi” adlı konsertdə bəstəkarlarımızın tarixi Qələbəmizə həsr olunan əsərlərinin səslənməsi bunun əyani sübutudur.

Yeni işıq üzü görən kitabın ölkə başçısının yubileyinə kiçik töhfə olduğunu deyən Firəngiz Əlizadə nəşrin ərsəyə gəlməsində əməyi keçənlərə minnətdarlığını bildirdi. O, Azərbaycan bəstəkarları və musiqişünasları adından Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik etdi.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək bildirdi ki, Azərbaycan mədəniyyətinin ən zəngin qollarından birini musiqi sənətimiz təşkil edir: “Musiqi mədəniyyətimiz böyük bir inkişaf yolu keçib. Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələri yaradıcılıqlarında professional musiqimizin inkişaf təmayüllərini əks etdiriblər. Bu mirası yaşatmalı və təbliğ etməliyik. Gərək müasir gənclik bəstəkarlarımızın əsərlərinə həssas yanaşsınlar. Daima mütaliə etsinlər, klassik irsə sevgi ruhunda yetişsinlər”.

Elnur Əliyev təqdim olunan kitabın əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, dövlətimizin musiqiyə, incəsənətə diqqət və qayğısını əks etdirən, mədəni irsimizi yaşadan belə kitablar, həmçinin musiqi sənətimizin inkişafının göstəricisi, yeni musiqi əsərlərinin yaranmasına bir zəmindir.

Tədbirin bədii hissəsində Xalq artisti Firəngiz Əlizadənin Prezident İlham Əliyevə həsr olunan “Zəfər marşı”, beynəlxalq müsabiqələr laureatı Pikə Axundovanın ballada, Əməkdar incəsənət xadimi Məmmədağa Umudovun marş, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Cəfərovanın “Zəfər marşı”, musiqi tərtibçisi Azad ZahidinQalib sərkərdəsi Azərbaycanın” adlı əsərlər səsləndirildi.

Tədbirin sonunda çıxış edən kitabın tərtibçisi Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı bildirdi ki, 10 bölmədən ibarət kitab musiqişünaslar üçün dəyərli mənbə olacaq.

 

Savalan Fərəcov

Mədəniyyət.- 2021.- 29 dekabr.- S.5.