Kitabxanalar il ərzində maraqlı layihələr həyata keçiriblər

 

Son günlərini yaşadığımız 2021-ci il ölkəmizdə mədəniyyət sahəsində bir sıra əlamətdar hadisələrlə yaddaşlara yazıldı. Ölkəmizin aparıcı kitabxanaları əlamətdar mədəniyyət hadisələri, yubileylərlə bağlı müxtəlif layihələr, tədbir və təqdimatlar həyata keçiriblər.

 

Azərbaycan Milli Kitabxanası, reallaşdırdığı əhəmiyyətli layihələrlə bərabər, Mədəniyyət Nazirliyi ilə birgə kitab toplama kampaniyasına – “Qarabağa kitabla gedək” adlı layihəyə də başlayıb. Məqsəd işğaldan azad olunmuş ərazilərdə kitabxanaların fondlarının bərpasına kömək göstərməkdir. İl ərzində həm elm və ədəbiyyat adamları, həm də müxtəlif qurumlar layihəyə dəstək olub, çoxsaylı nəşrləri kitabxanaya təqdim ediblər.

 

Milli KitabxanaNizami Gəncəvi İli” münasibətilə dahi şairin əhatəli biblioqrafiyasını yenidən nəşr etdirib. Bundan əlavə, Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş elektron məlumat bazaları hazırlanıb, sərgi və təqdimatlar keçirilib. Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu ilə birgə təşkil edilən “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünya kitabxanalarında və muzeylərində mühafizə olunan Nizami Gəncəvi yaradıcılığına aid əlyazmaların digital nüsxələrinin ölkəmizə gətirilməsi istiqamətində işlər davam etdirilib. Layihə üzrə indiyədək Azərbaycan elminə məlum olmayan nüsxələrin də yer aldığı 156 əlyazmanın rəqəmsal surətləri ölkəmizə gətirilib. Həmçinin, qeyd edək ki, il ərzində Milli Kitabxanada görkəmli şəxsiyyətlərin yubileyləri, əlamətdar günlərə həsr edilən 25 adda elektron məlumat bazası, eləcə də onlarla virtual sərgi hazırlanaraq istifadəçilərə təqdim olunub.

 

***

 

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası il ərzində “Nizami ili”, Zəfər Günü, Aşıq Ələsgərin 200 illiyi və digər əlamətdar hadisələrlə bağlı müxtəlif tədbirlər həyata keçirib. Videoçarxlar hazırlanıb, müsabiqələr təşkil olunub, biblioqrafik vəsaitlər hazırlanaraq kitabxananın sosial şəbəkələrdəki səhifələrində oxuculara təqdim edilib.

 

Kitabxana tərəfindən həyata keçirilən “Bakını qarış-qarış” adlı layihə çərçivəsində silsilə materiallar hazırlanaraq istifadəçilərin ixtiyarına verilib. Həmçinin “Bakı kitablardavirtual kitab sərgisi, eləcə də Azərbaycan paytaxtının müasir simasını təşkil edən tikililər haqqında videoçarxlar hazırlanaraq yayımlanıb.

 

Gənclər Kitabxanasının 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan mətbuatının fəaliyyətinə diqqət yönəltmək məqsədilə haqq savaşımızın yerli mətbuatda xronikasına dair virtual sərgisi də ilin diqqətçəkən layihələrindən olub. Sərgidə 44 gün boyunca Azərbaycan mətbuatında müharibəyə həsr olunmuş materiallar yer alıb.

 

***

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası da 2021-ci ili müxtəlif tədbir və layihələrlə, virtual təqdimatlarla başa vurub. “Qonağım ol” layihəsi çərçivəsində oxucular kitabxananın sosial şəbəkələrdəki hesabları üzərindən uşaq yazarları, rəssam, tərcüməçi, psixoloq və tədqiqatçı, naşirlərlə canlı yayım vasitəsilə görüşərək müasir dövr kitabxana fəaliyyətini təşkil etmək sahəsində mühüm məlumatlar əldə ediblər.

 

Kitabxana Vətən müharibəsinin birinci ildönümü münasibətilə vətənpərvərlik mövzulu layihələr həyata keçirib. Zəfər Gününə həsr olunmuş “Rəşadətlə yaşayanlarölümü fəth edənlər” adlı ümumrespublika hekayə müsabiqəsi çərçivəsində təqdim olunan hekayələr arasından seçilən 25 nümunə “Ölümü fəth edənlər” adlı kitaba daxil edilib.

 

Respublika Uşaq Kitabxanasının “Nizami Gəncəvi İli” ilə bağlı həyata keçirdiyiDünyada söz olmasa, nəyə gərək düşüncə” adlı festival əlamətdar ilə maraqlı töhfə olub. Festival çərçivəsində rəsm, şeirmusiqi günləri təşkil edilib.

 

***

 

İl ərzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən MKS-lərin mərkəzi kitabxanaları və filialları, həmçinin regional mədəniyyət idarələrinin əhatə etdiyi kitabxanalarda da müxtəlif tədbirlər keçirilərək kitabxanaların saytında və sosial şəbəkə hesablarında oxuculara təqdim olunub.

 

Nurəddin Məmmədli̇

Mədəniyyət.- 2021.- 29 dekabr.- S.4.