Cəsarətin ünvanı

 

İctimai təfəkkürün formalaşmasında mühüm rol oynayan kinonun məzmunu dərin, aktyor ifası peşəkar olduqda sənət həyatın inikasına çevrilir, qəbul edilir, sevilir, baxılır. Sənətdə seçilmək, cəmiyyətin sevimlisi olmaq bu mənada heçasan deyil. Bəzi hallarda milyonların sevgisi ilə əhatələnmək doğmalarının sevgisindən məhrum qalmaq hesabına başa gəlir. Bu isə bir ömrə yansıyan kədər, nisgil deməkdir.

Azərbaycan kinosunun sevilən simalarından olan Xalq artisti, istedadlı teatr, kino aktrisası Səfurə İbrahimova da sevdiyi sənətin dolanbac cığırlarında zəhməti, istedadı hesabına qazandığı uğuru köksünə sıxmağa, sevincini, nailiyyətlərini bir gözü nəmli, bir gözü gülərək yaşamağa məcbur olub. Yaxınlarının, doğmalarının (əsasən də anasının) tənələrindən çəkinməyib, həyatın zərbələrinə xoş niyyəti, zəhməti, istedadı ilə cavab verib, qalib gəlib. Məsləyini həyatının nicatına çevirən incə ruhlu xanım iradəsinə, mətinliyinə arxalanaraq arzusunu gerçəkləşdirib, cəsarətinin ünvanı olan sənətini milyonlara çatdırıb, şəxsiyyətini sənəti fonunda, sənətini şəxsiyyəti fonunda sevdirib.

 

 

 

Sənətə doğru

 

 

 

Səfurə İbrahimova 1938-ci il dekabrın 27-də Bakıda anadan olub. Orta məktəbi (14 saylı) bitirdikdən sonra (1955), bir müddət “Stalinneft”də, həmçinin  44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib. Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) Dramkino aktyorluğu fakültəsində təhsil alıb (1960-1964), professor Rza Təhmasibin kursunu bitirib.

Tələbəliyinin ilk günlərindən sənət müəllimlərinin diqqətini cəlb edib, birinci kursdan Akademik Milli Dram Teatrına dəvət alıb. İlk dəfə İslam Səfərlinin “Ana ürəyi” tamaşasında Xatirə rolunu oynayıb. Teatrda xalq artistləri Hökümə Qurbanova, Sofa Bəsirzadə, Leyla Bədirbəyli və digər səhnə ustaları ilə tərəf-müqabil olub. Görkəmli sənətkarlarla çiyin-çiyinə çalışması aktrisanın sənət təcrübəsini daha da artırıb. İnstitutu bitirdikdən sonra teatrda ştata götürülüb, xariciyerli dramaturqların əsərlərinin tamaşalarında müxtəlif xarakterli rolları ustalıqla yaradıb.

Səfurə xanım xatirələrində kinoya gəlişi haqqında belə deyib: “Orta məktəbdə oxuyarkən məni kinoya dəvət ediblər. Yadımdadır, o vaxt sinfimizə gəlib kinoya çəkmək üçün qız uşağı axtardıqlarını dedilər. Gələnlərdən bir nəfər qadın sinfimizə göz gəzdirəndən sonra müəllimimdən mənim üçün icazə istədi... Beləliklə, ilk dəfə rejissor Zeynəb Kazımovanın “Həyat öyrədir” filmində Leyla roluna çəkildim.  Film 1961-ci ildə ekranlara çıxdı”.

Sözügedən filmdəki uğuruna, həmçinin teatrda olan peşəkarlığına görə görkəmli kinorejissor Əlisəttar Atakişiyev Səfurə xanımı “Bizim küçə” (1961) filmində Asya roluna dəvət edir. Kiçikplanlı rol çərçivəsində obrazın və tərəf-müqabillərinin hadisələrə müdaxiləsini təmin, mövzunun mahiyyətini təlqin edən personaj hadisələrin axıcılığına  təsir edir, aqressiv xarakteri, ətrafında yaratdığı gərginliklərin fonunda digər prototiplərin müsbət xarakterini qabardır. Bu isə yaradıcılıq texnikasının dəqiq mizanlanmış üslubu, sənət biliciliyinin göstəricisidir.

 

 

İstedad, yoxsa şans...

 

 

 

Səfurə xanımın bəxti onda gətirir ki, kinoya gəldiyi ilk vaxtlardan etibarən görkəmli kinorejissorların (Arif Babayev, Hüseyn Seyidzadə, Tofiq Tağızadə, Həsən Seyidbəyli, Rasim Ocaqovs.) filmlərinə dəvət alır. Aktrisaya növbəti yaradıcılıq uğurunu “Arşın mal alan” (1965) kinokomediyasında oynadığı qulluqçu Telli obrazı gətirir.

1945-ci ilin məşhur filmindən sonra Üzeyir Hacıbəylinin ölməz əsərinin yenidən ekranlaşdırılması böyük cəsarət tələb etsə də, görkəmli kinorejissor Tofiq Tağızadə fərqli quruluşda və aktyorların peşəkar təqdimatında musiqili komediyanı bir daha sevdirməyə, əsərə uğurlu ekran taleyi bəxş etməyə nail olur. 

Sultan bəyin ailəsində qulluqçu işləyən Telli özündən çox ailədəki qızların (Gülçöhrə, Asya) xoşbəxtliyini arzulayır. Personajın nikbin cəhətləri (janrın təbiətinə, əsərin  məzmununa uyğun olan), xoş rəftarı ictimai bərabərsizliyi yox (rəiyyət-mülkədar münasibətini), hər bir sinfə mənsub olan insanların yalnız qarşılıqlı anlaşması, bir-birinə dəstəyi sayəsində xoşbəxt yaşaya biləcəyi fikrini aşılayır. Rolun baməzə, koloritli təqdimatı əsərin məzmununun bilavasitə (komik) çatdırılmasına təsir göstərir, Tellinin səciyyəvi cəhətləri, danışıq və jestləri digər personajların (Soltan bəy, Vəli) fərdi  cəhətlərini də tanımağımıza imkan yaradır (Bu fikri aktrisanın “Dərviş Parisi partladır” filmində oynadığı qulluqçu Gülpəri roluna da şamil etmək olar).

Yeni “Arşın mal alanekranlara çıxdıqdan bir il sonra yaradıcı qrupun üzvlərindən rejissor Tofiq Tağızadə, aktrisalar Səfurə İbrahimova, Leyla Şıxlinskaya sovet kinematoqrafçıları nümayəndə heyətinin tərkibində Yaxın Şərq ölkələrində (İordaniya, İraq, Suriya) sovet filmləri həftəsində iştirak edirlər. Kino tədqiqatçısı Aydın Kazımzadənin sözügedən filmlə bağlı məqaləsinə istinad edək: “Tofiq Tağızadə danışırdı ki, bizim filmimiz dərhal müvəffəqiyyət qazandı və hər yerdə – Əmmanda, Bağdadda, Dəməşqdə kinoteatrların sahibləri bizi dilə tuturdular ki, bayram proqramını uzadaq...”.

Bundan sonra aktrisaYun şal” bədii-televiziya filmində Südabə, “O qızı tapın” detektiv filmində Xalidə, “Tütək səsi”ndə İsmət, “Əlavə iz”də Leyla, “İmtahan” kinodramında Dilarə, “Təxribat”da Aida,  “Qətl günütarixi dramında Sədi Əfəndinin arvadı, “Hökm” döyüş-macəra filmində Suğra və digər rolları ustalıqla ifa edib. Ümumiyyətlə, 1960-70-ci illər Səfurə xanımın kino yaradıcılığında uğurlu olur. Həmin illərdə aktrisa bir-birinin ardınca məzmunlu ekran əsərlərində rol alır.

Görkəmli kinorejissor Həsən Seyidbəylinin “Bizim Cəbiş müəllim” (1969) filmində Nəcəfovun arvadı obrazı Səfurə xanımın tezliklə kinoda başikinci planlı rollara dəvət almasına imkan yaradır. Filmdə İkinci Dünya müharibəsi zamanı neft Bakısında yaşayan ailənin psixoloji, mənəvi durumu göstərilir, həmçinin ön cəbhədən həyat yoldaşının qara xəbərini alan obrazın təfsirində Azərbaycan qadınının ümumiləşdirilmiş obrazı, həmin illərdəki çətin güzəranı göz önündə canlanır. Amplua çərçivəsinin yoxluğunu kiçikplanlı rollarında belə təsdiqləyən aktrisa rejissor Vladimir Qorikkerin ekranlaşdırdığı “Sevil” (1970) film-operasında Dilbər rolunu böyük şövq və məharətlə oynayır. Kino tədqiqatçısı Aydın Kazımzadə aktrisanın sözügedən filmə dəvət almasını  belə şərh edir: “Rejissor Qorikker Səfurə xanımın teatrda oynadığı bir neçə rola baxandan sonra qəti şəkildə demişdi: “Ya Səfurə, ya da...Yalnız Səfurə”.

 

 

 

Rolları qədər sevilən şəxsiyyət

 

 

 

Sənəti daim yüksək səviyyədə təqdim edən aktrisa Akademik Milli Dram Teatrının səhnəsində Cəfər Cabbarlının “Sevil” əsəri əsasında hazırlanan eyniadlı tamaşada Sevil obrazını uzun müddət böyük sevgi və peşəkarlıqla yaradıb. Tamaşaçı yaddaşında mövhumatçılığa qarşı hayqıran aktrisa kimi yaddaşlarda iz salan Səfurə xanım “Sevil” film-operasında tamamilə fərqli Dilbər surətini oynayır, ikiqat məharət, bacarıq sərf etməklə obrazın hiyləgər, meşşan xüsusiyyətlərini orijinal, rəngarəng boyalarla göstərir. Mürəkkəb xarakterli rolları böyük məharətlə canlandıran aktrisa bir-birindən fərqli personajları rolların həyat mövqeyinə, psixologiyasına uyğun tərzdə, realist üslubda yaratmaqla bir sənətkar, bir vətəndaş kimi mənəvi üstünlüyün, gözəlliyin qələbəsini göstərir, intellektual cəmiyyətin formalaşmasında sağlam zəkanın qalibiyyətini vurğulayır. 

“Qatır Məmməd” filmində köməkçi obrazlardan olan Həlimə dövrünün ədalətsizliyinə qarşı çıxır, atasının qisasını almaq üçün Qatır Məmmədin dəstəsinə qoşulur.  Səfurə İbrahimovanın bu obrazdakı oyununda, xüsusilə Həlimənin monoloqunda haqsızlıqlara qarşı kövrək etiraz duyuruq. Səlis diksiya, dolğun hissiyyat və yaşarı təqdimatda məzlumların bəlalar burulğanındakı faciəsinə acıyırıq. Beləliklə də, kiçikplanlı rol ziddiyyətlərin açılmasına, filmin ideya məzmunun çatdırılmasına bilavasitə kömək və xidmət edir.

Alma almaya bənzər” musiqili kinokomediyadakı Mədinə obrazı isə baməzə xarakteri çərçivəsində vəziyyət komediyasını yaradan personajdır. Obrazın təfsirində bəzi personajların (Qurban, Həsən) daxili məni, həyat mövqeyi bəlli olur.

“Qayınana” musiqili komediyasındakı Sədaqət obrazı da hadisələrin axıcılığına rəvac verir. Aktrisa forma və məzmun etibarilə müxtəlif janrlı filmlərdə oynadığı rolları vasitəsilə ayrı-ayrı dövrlərin hadisələrinə ustalıqla müdaxilə edir, münasibət bildirir, sənətini yüksək səviyyədə təqdim etməklə tamaşaçılara mənəvi qida, estetik zövq verir. Hər bir obrazı ilə tamaşaçıların qəlbində dərin iz salan aktrisa sənətdə göstərdiyi xidmətlərə görə 1974-cü ildə “Əməkdar artist”, 2002-ci ildə “Xalq artisti” fəxri adlarına, 1984-cü ildə Dövlət mükafatına layiq görülür.

Sənət və həyat mübarizəsində özünəməxsus dəst-xətti ilə fərqliliyini sübut edən aktrisa 2005-ci ildən etibarən sənətdən uzaqlaşsa da, böyük həyat eşqi ilə sarıldığı dünyadan (21.12.2020) köçsə də, şəxsiyyəti qədər sevilən rollarına, rolları qədər sevilən şəxsiyyətinə görə milyonların qəlbində xatırlanacaq, unudulmayacaq...

 

Şəhla Əmi̇rli̇

kinoşünas

 

Mədəniyyət.- 2021.- 29 dekabr.- S.7.