İlin teatr
fraqmentləri və yaddaşlara
yazılan yubiley
Yaşanan ilin başa çatması hər bir fəaliyyət sahəsi üçün həm də hesabat məqamıdır. İl ərzində teatr sahəsində baş verənlərə qısa nəzər yetirəcəyik. Əslində, söhbət teatrdan gedirsə, buna bütövlükdə il də demək olmaz. Çünki teatrlarda fəaliyyət pandemiya ilə bağlı karatın şəraitində müvafiq yumşadılma qərarından sonra – oktyabrın 1-dən başladı.
Təbii
ki, bu müddət
ərzində irimiqyaslı
festivallar, yaddaqalan premyeralar olmadı. İl ərzində yadda qalanlar sırasında Zəfər Gününə,
İkinci Qarabağ müharibəsindəki şanlı
Qələbəmizin ildönümünə
həsr olunmuş iki ölkə daxili teatr festivalını
qeyd edə bilərik.
Mədəniyyət Nazirliyi və Teatro.az portalı Vətən müharibəsində Zəfərimizi
səhnə əsərlərində
yaşatmaq, eləcə
də teatr sənətçilərini yeni
yaradıcı təşəbbüslərə
təşviq etmək
məqsədilə “4.4” Qısa
Tamaşalar Festivalı
keçirdi.
Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı
ilə Qələbəmizin
ildönümünə həsr
olunmuş “Qalib olan Azərbaycan” adlı tamaşalar festivalı da baş tutdu. Bundan başqa,
Mədəniyyət Nazirliyinin
dəstəyi, ATXİ-nin
təşəbbüsü və iştirakı ilə bir qrup
teatr təmsilçisi
postsovet ölkələri
gənclərinin teatr
forumunda iştirak etdilər.
“Nizami Gəncəvi
İli” ilə bağlı ölkə teatrları bir sıra yaradıcılıq
təşəbbüslərini realizə etməyə çalışdılar. Nazirliyin dəstəyi
ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “İskəndərə yeni
namə” adlı tamaşanın premyerası
reallaşdı.
Tanınmış teatr xadimlərinin yubiley və xatirə gecələri də ilin mədəniyyət
mənzərəsində yer
aldı.
Öz tamaşa
planlarına yenidən
nəzər salan, bərpa və yeni səhnə işlərini tamaşaçı
müzakirəsinə çıxarmaq
üçün çalışan
teatrlar da oldu. Akademik Opera və Balet
və Akademik Milli Dram teatrları daha çox bərpa olunan balet, opera və dram tamaşaları ilə teatrsevərlərin diqqətini
cəlb etməyə çalışdılar.
Akademik Musiqili və Rus Dram teatrlarında premyeralar oldu. Dövlət Gənc Tamaşaçılar
Teatrı da aktiv yaradıcılıq dövrü yaşadı və yeni tamaşaları
ilə müxtəlif
səhnələrdə (əsas
zalları təmir olunur) tamaşaçılarını
qarşıladı.
Pantomim və Yuğ teatrları isə daha çox
köhnə tamaşalarına
yenidən əl gəzdirməyə çalışdılar. Pandemiyadan öncə
premyerası keçirilən
nümunələri yenidən
tamaşaçı ilə
görüşdürdülər.
Dövlət Kukla Teatrı 90 illik yubiley mövsümündə
premyera və sosial aksiyalarını davam etdirdi. Sumqayıt,
Lənkəran, Gəncə,
Ağdam, Şuşa,
Mingəçevir teatrlarının
premyera, ölkədaxili
səfər, təcrübə
mübadiləsi xəbərləri
gəldi. Ümumi prosesdə Salyan,
Qax, Qusar teatrları da yadda qaldılar.
90 yaş və böyük tamaşaçı
sevgisi
Bildiyiniz
kimi, bu il həm də
milli kukla sənətimizin təşəkkül
və inkişafında
müstəsna yeri olan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 90 illik yubileyidir.
Elə ilin son yubiley tədbiri də bu teatrın səhnəsində oldu.
Dekabrın 26-da uşaqlı-böyüklü xeyli
sayda tamaşaçı,
teatrsevər teatrın
tamaşa salonunda toplaşaraq həm səhnədəkiləri, həm
də özlərini alqışladılar.
Mədəniyyət Nazirliyinin təmsilçiləri,
tanınmış mədəniyyət
və incəsənət
nümayəndələrinin iştirak etdiyi yubiley gecəsində ilk olaraq mədəniyyət naziri Anar Kərimovun
kuklaçılara təbrik
məktubu oxundu.
Zəngin
yaradıcılıq yolu
keçən sənət
ocağının uğurlarına
nəzər salınan
məktubda deyilir: “Bu yubiley sizin kollektivin
ötən illərdəki
səmərəli fəaliyyətinin
bəhrəsidir. Sizin uğurlu
çıxışlarınız, ayrı-ayrı beynəlxalq
və respublika miqyaslı festivallarda qazandığınız nailiyyətlər
Kukla Teatrının adını milli teatrımızın aparıcı
sənət kollektivləri
sırasına çıxarmışdır.
Repertuarınızdakı səhnə əsərləri
hər zaman azyaşlı tamaşaçıların
məhəbbətini qazanmışdır”.
Məktubun sonunda nazir teatrın
kollektivinə cansağlığı
və yeni yaradıcılıq uğurları
arzulayırdı.
Yubiley tədbirində
çıxış edən
mədəniyyət nazirinin
birinci müavini Elnur Əliyev yola salmağa hazırlaşdığımız 2021-ci ilin maraqlı yubiley tədbirləri ilə yadda qaldığını bildirdi. Dedi ki, 44 günlük Vətən müharibəsində
Azərbaycan xalqının
Ordusunun qazandığı
Qələbə bütün
xalqımızın, xüsusən
yaradıcı insanların
əzmini, inam və gücünü daha da artırıb.
Elnur Əliyev qeyd etdi ki, milli-mənəvi
dəyərlərin təbliğatında,
yetişən nəsillərin
teatr sənətinə
sevgi ruhunda formalaşmasında Kukla Teatrı təmsilçilərinin
xüsusi rolu var: “Abdulla Şaiq adına Azərbaycan
Dövlət Kukla Teatrı, ümumiyyətlə,
ölkəmizin teatr mühitində vacib bir fenomendir. Çünki uşaqların zövqünü
formalaşdıran, onlarda
bu sahəyə maraq yaradan Kukla
Teatrıdır”.
Hazırda yaradıcı sənayenin
aparıcı qolu olan teatr sənətinin,
ümumilikdə incəsənətin
televiziya və kompüter, telefon ekranları ilə rəqabətdə olduğunu
deyən Elnur Əliyev bildirdi ki, bu rəqabətdə
üstünlüyü saxlamaq
üçün canlı
ünsiyyət mühüm
amildir. Canlı tamaşalar həm də uşaqlarda milli dəyərlərin formalaşması baxımından
vacibdir: “İnanırıq
ki, Kukla Teatrı bu rəqabəti nəzərə
alıb işini gələcəkdə də
öz prinsip və ənənələrinə
uyğun quracaq, balaca tamaşaçılar
üçün daim maraqlı məkan olacaq. Kukla Teatrının bütün
kollektivinə möhkəm
cansağlığı, yaradıcılıq
sahəsində yeni nailiyyətlər arzulayıram”.
Sonra teatrın kollektivindən Əməkdar artist Rəhman Rəhmanov, aparıcı səhnə ustası Elmira Hüseynova, Ülviyyə Əliyeva və Sona Quliyevaya Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim edildi.
Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədr müavini, Xalq artisti Hacı İsmayılov çıxış edərək ittifaqın rəhbəri, Xalq artisti Azər Paşa Nemətovun Kukla Teatrının kollektivinə təbriklərini çatdırdı. O, Kukla Teatrının məhsuldar fəaliyyəti, zəhmətkeş kollektivi, zəngin repertuarı, yaratmış olduğu səhnə ənənələrindən söz açdı. Sonra teatrın yaradıcı heyətinin bir qrupuna ATXİ-nin fəxri fərmanları təqdim olundu.
Yubiley gecəsində teatrın repertuarındakı ən yaddaqalan tamaşalardan ibarət səhnələşdirilmiş kompozisiya təqdim edildi. Tamaşa arası səhnədə 90 il bundan əvvəl ilk kuklaçı Mollağa Bəbirlinin hazırladığı kuklaların fotoşəkilləri proyeksiyada nümayiş olundu. Böyük ekranda Səudiyyə Ərəbistanı, Rusiya, Hindistan və digər ölkələrdə fəaliyyət göstərən kukla teatrları rəhbərlərinin təbrikləri nümayiş etdirildi.
Salyan, Gəncə və Qax Dövlət Kukla teatrlarının rəhbərləri də səhnəyə çıxaraq həmkarlarını təbrik etdilər. Dövlət Gənc Tamaşaçılar Teatrının yubileyə töhfə olan səhnəciyi də böyük maraqla qarşılandı.
Qonaqlara və sadiq kuklasevərlərə təşəkkürünü bildirən teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə bu qədim və mürəkkəb səhnə sənətinin yaşadılması və layiqincə təmsil olunması üçün əllərindən gələni edəcəklərini dedi.
Tədbirin sonunda səhnə arxasında yaradıcı heyətlə görüşən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev onları bir daha təbrik etdi, xoş arzularını çatdırdı.
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2021.- 29
dekabr.- S.1;4.