UNESCO
sessiyasında ölkəmizin mədəni özünüifadə
müxtəlifliyindən danışılıb
İşğaldan
azad olunmuş torpaqlarımızda bəşəri mədəniyyətin
ayrılmaz hissəsi olan mədəni irsimizi bərpa edəcəyik.
Tarixi, incəsənəti, maddi mədəniyyət abidələri,
əsrarəngiz təbiəti, iqlimi, təbii sərvətləri
ilə zəngin olan işğaldan azad edilmiş
torpaqlarımızda yaxın gələcəkdə müasir
və yenilikçi inkişaf mərkəzləri və
yaradıcılıq institutlarının təməli
qoyulacaq.
Azərbaycanın
UNESCO yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir
Elman Abdullayev bu sözləri qurumun “Mədəni
özünüifadə müxtəlifliyinin təşviqi
haqqında” 2005-ci il Konvensiyasının Hökumətlərarası
Komitəsinin 14-cü sessiyasının
açılışında çıxışı
zamanı səsləndirib.
Səfir
2005-ci il Konvensiyasının mədəni özünüifadə
müxtəlifliyinin qorunması və təşviqi istiqamətindəki
rolundan, Azərbaycanda inkişaf etdirilən kreativ sənayedən,
inklüziv cəmiyyəti inkişaf etdirmək məqsədilə
yaradıcılığın təşviqi istiqamətində
görülən işlərdən, eyni zamanda hamı
üçün zəngin mədəni özünüifadə
sahəsində bərabərhüquqlu fürsətlərin təmin
edilməsindən danışıb.
Bildirib
ki, COVİD-19 pandemiyası səbəbindən UNESCO-nun
Dünya irs siyahısında olan abidələrinin 80 faizinə
ziyarətin məhdudlaşdırıldığı, habelə
bir çox mədəni institutların
bağlandığı dövrdə sosial şəbəkələrdə
yaradıcı sənayenin əsas mütəxəssisləri
və müxtəlif sənət adamları ilə
aparılmış qlobal müzakirələri ehtiva edən
UNESCO-nun ResiliArt Hərəkatı yaradıcı sənayelərin
mövcud vəziyyətini işıqlandırıb.
Azərbaycanın
Mədəniyyət Nazirliyinin və “Kreativ Azərbaycan”
portalının sənət nümayəndələrini bu təşəbbüsə
qoşulmağa dəvət etdiyini bildirən E.Abdullayev bu
günə kimi ölkəmizdə 21 yeni layihə, kampaniya və
müsabiqənin keçirildiyini diqqətə
çatdırıb. Qeyd edib ki, tarixi, incəsənəti,
maddi mədəniyyət abidələri, əsrarəngiz təbiəti,
iqlimi, təbii sərvətləri ilə zəngin olan
işğaldan azad edilmiş torpaqlarımızda yaxın gələcəkdə
müasir və yenilikçi inkişaf mərkəzləri və
yaradıcılıq institutlarının təməli
qoyulacaq.
“Azərbaycan
işğal olunmuş ərazilərini azad etdikdən sonra
beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən
ölkəmizin bir çox tarixi və mədəniyyət
abidələrinin kütləvi şəkildə məhv edilməsinin
şahidi oldu. Azərbaycan hazırda azad edilmiş ərazilərdəki
abidələrin bərpası üçün yol xəritəsi
hazırlayır. Universal mədəniyyətin ayrılmaz hissəsi
olan mədəni irsimizi bərpa etmək üçün
bütün səylərimizi səfərbər edəcəyik.
Bənzərsiz mədəni irsimiz kimliyimizi əks etdirir”, -
deyə səfir vurğulayıb.
Azərbaycanın
Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın töhfələri sayəsində
yüksək səviyyəyə çatmış Azərbaycan-UNESCO
münasibətlərinə toxunan daimi nümayəndə
2022-ci ildə UNESCO-ya üzvlüyümüzün 30 illiyinin
tamam olacağını diqqətə çatdırıb, təşkilatla
mədəni müxtəliflik və mədəniyyətlərarası
dialoq sahəsində sıx əməkdaşlıqdan və
2005-ci il Konvensiyasının müddəalarına uyğun
olaraq, tarix boyu Azərbaycanda yaşayan müxtəlif millətlərin
nümayəndələrinin mədəniyyət, incəsənət,
adət-ənənələr və dillərinin
qorunmasından söz açıb.
Sessiyanın
açılışında “Dayanıqlı İnkişaf
üçün Yaradıcı İqtisadiyyat İli”nin
başlanılması ilə əlaqədar UNESCO-nun Baş
direktoru Odri Azuleyin, BMT Baş Assambleyasının 75-ci
sessiyasının sədri Volkan Bozkırın, Kolumbiyanın
Prezidenti İvan Dükenin, habelə Dünya Bankının və
Ticarət və İnkişaf üzrə BMT
Konfransının nümayəndələrinin videomesajları
da dinlənilib. Sessiyanın gündəliyi, müşahidəçilərin
siyahısı təsdiqlənib, komitənin on
üçüncü iclasının ətraflı icmalı
qəbul edilib və UNESCO Katibliyinin 2020-ci il ərzində həyata
keçirdiyi fəaliyyətin hesabatı dinlənilib.
Qeyd
edək ki, Azərbaycan UNESCO-nun “Mədəni
özünüifadə müxtəlifliyinin qorunması və
təşviqi haqqında” 20 oktyabr 2005-ci il Konvensiyasına
2010-cu ildə qoşulub. 2019-cu ildə Azərbaycan Şərqi
Avropa qrupundan 2019–2023-cü illər üçün Hökumətlərarası
Komitəyə üzv seçilib. 24 üzv-ölkədən
ibarət Hökumətlərarası Komitənin əsas
funksiyası 2005-ci ildə qəbul olunmuş Konvensiyanın tətbiq
və təşviqinə təkan verməkdir.
UNESCO-nun
“Mədəni özünüifadə müxtəlifliyinin təşviqi
haqqında” 2005-ci il Konvensiyasının Hökumətlərarası
Komitəsinin 14-cü sessiyası fevralın 6-dək öz
işini davam etdirəcək.
Azərbaycan
sessiyada Mədəniyyət Nazirliyinin və UNESCO yanında
Daimi Nümayəndəliyin nümayəndələri ilə
təmsil olunur.
Mədəniyyət.-
2021.- 3 fevral. S. 1;3.