“Nizami
Gəncəvi İli”nin səhnə axtarışları
Paytaxtdan kənardakı
teatrların yaradıcılıq planları
Pandemiyanın
müşayiət etdiyi ikinci teatr mövsümü davam edir.
2020-ci ilin martında xüsusi karantin rejiminin elan edilməsindən
sonra onlayn tamaşa nümayişləri, videoformatda eksperimentlər,
ara-sıra sosial şəbəkələrdə izlədiyimiz
teatrsayağı canlı yayımlarla yadda qalmağa
çalışan teatrların 2021-ci il yaradıcılıq
planları, “Nizami Gəncəvi İli” çərçivəsində
reallaşdıracaqları layihələri ilə
maraqlandıq.
Bu dəfə
diqqətinizi öncə paytaxtdan kənardakı teatrlara
yönəldərək, onların
yaradıcı təşəbbüslərinə nəzər
salacağıq.
Başlayaq
elə Nizami yurdu Gəncədən. Gəncə Dövlət
Dram Teatrının yaradıcı kollektivi Nizaminin 880 illiyi ilə
əlaqədar dahi şairin “Xəmsə”sinin motivləri əsasında
yeni kompozisiya hazırlayıb. Qeyd edək ki, uzun illərdir
ki, Gəncə şəhərində fəaliyyət göstərən
Nizami Poeziya Teatrının səhnəsində “Xəmsə” əsasında
səhnələşdirilmiş pyeslərin tamaşası
ictimaiyyətə təqdim olunub. Həmin ənənə bu
gün də davam etdirilməkdədir.
Yeni
hazırlanan “Xəmsə” kompozisiyası Gəncə Dövlət
Dram Teatrının “Facebook” sosial şəbəkəsində
yayımlanaraq marağa səbəb olub. Layihənin rəhbəri
teatrın direktoru, Əməkdar mədəniyyət
işçisi Əli Qasımov, rejissoru Elşad Əhmədov,
operatoru Samir Həsənov, montaj və səs rejissoru Yusif Cəfərovdur.
Kompozisiyada əsas rolları xalq artistləri Alim Məmmədov,
Pərvanə Qurbanova, əməkdar artistlər Novuz Cəfərov,
Kəmalə Məmmədova, Elxan Abbasov, Sevda Orucova, Ramiz Vəliyev
və başqaları ifa edirlər.
Yaradıcı
heyətin Nizami irsinin təbliği istiqamətində daha bir
layihəsi də var. Teatrın gənc rejissoru Elşad Əhmədovun
quruluşunda “Sirlər xəzinəsi” tamaşası
hazırlanacaq.
Ağdam
Dövlət Dram Teatrı da “Nizami ili”nə töhfə verməyi
düşünür. Teatrın baş rejissoru, Əməkdar
artist Novruz Cəfərov ilkin olaraq “Sirlər xəzinəsi”ndən
(kompozisiya formasında) səhnəciklər
hazırlayacaqlarını deyir: “Ümumən repertuarımızı hələ
ki olduğu kimi saxlayırıq. İş başlayan kimi Sabit
Rəhmanın “Xoşbəxtlər” tamaşasının məşqlərini
davam etdirəcəyik. Doğrudur, onlayn məşqlər
edirdik və demək olar ki, tamaşa tam hazırdır. Sonrakı
repertuarımızı da günün tələbinə
görə yenidən quracağıq. Mövcud şəraiti
nəzərə alaraq yığcam səhnə nümunələri
üzərində düşünürük. Karantin rejimində
teatrlarla bağlı müəyyən yumşalmalar olarsa, biz
də əməli işə keçəcəyik”.
Füzuli
Dövlət Dram Teatrının da 2021-ci il üçün
planları genişdir. Əbdürrəhim bəy Haqverdiyevin
“Dağılan tifaq” əsəri üzərində ötən
ildən yarımçıq qalan işi davam etdirməyi
düşünən yaradıcı heyət “Nizami ili”nə də
özünəməxsus sənət prizmasından baxacaq.
Teatrda “Nizaminin “Xəmsə” həmayili” adlı poetik xalq
tamaşası hazırlanacaq. Həmçinin Ağalar
Mehdiyevin “Oyun” əsəri və ərəb
nağıllarının motivləri əsasında
“Əlibaba və qırx quldur” tamaşası bu ilin
yaradıcılıq planındadır.
Mingəçevir
Dövlət Dram Teatrı “Nizami ili”ndə bir neçə səhnə layihəsi
reallaşdırmağı planlaşdırır. Şairin
“Sirlər xəzinəsi” poemasından seçilmiş
üç əhvalat əsasında “Xırda söhbətlər”
adlı tamaşa artıq hazırdır və yaxın
günlərdə teatrın sosial şəbəkə səhifələrində
nümayiş etdiriləcək. “Xırda söhbətlər”in
quruluş müəllifi Cavid Təvəkkül,
quruluşçu rəssamı Kəmalə Əsgərova,
musiqi tərtibatçısı Elnur Rəsulovdur.
Qazax
Dövlət Dram Teatrı da ötən ilin
yarımçıq işlərini bu il tamamlamaq istəyir və
“Nizami ili”nə də öz səhnə
yozumunda baxmağa çalışacaq. Hazırda şairin “Xəmsə”sindən
seçmələrlə müəyyən süjetli rəvayətlər
üzərində iş aparılır və yay aylarında
kompozisiya kimi təqdim olunacaq.
Qusar
Dövlət Ləzgi Dram Teatrında Nizami Gəncəvinin
“Yeddi gözəl” poemasından “Xeyir və Şər” səhnələşdirilir.
Bundan əlavə, “Xosrov və Şirin” poeması əsasında
kompozisiya, ümumilikdə “Xəmsə” əsasında beş
ayrı kompozisiya ərsəyə gətiriləcək.
Teatrın
direktoru, Əməkdar mədəniyyət işçisi Faiq
Qardaşov hazırda “Xeyir və Şər” tamaşası ilə
bağlı səhnə geyimlərinin hazırlanması, digər
tərtibat işlərinin görüldüyünü dedi:
“Bu il üçün geniş yaradıcılıq
planlarımız var. Məşqləri gedən “Xeyir və
Şər” tamaşasını yaxın günlərdə
videoformatda təqdim etməyi düşünürük. Eyni zamanda Vətənimizin ərazi
bütövlüyü uğrunda canından keçən igid
oğullarımızın həyat və döyüş yolu
barədə gənc nəslə müfəssəl məlumat
vermək üçün səhnə nümunələri
hazırlayırıq. Bu qəbildən növbəti
işimiz Milli Qəhrəman Çingiz Qurbanov haqqında
tamaşadır və artıq onun da məşqləri gedir”.
Qax
Dövlət Kukla Teatrının 2021-ci illə bağlı
yaradıcılıq planları arasında maraqlı nümunələr
var. Uşaqların sevimli nağıl nümunələri
olan rus xalq nağılı “Turp”, eləcə də “Yatmış gözəl” (Şarl
Perro) və “Yırtıcı dovşan” (Pavel Morozov) plana daxil
edilib.
“Nizami
ili” ilə əlaqədar “Xeyir və Şər” əsərinin
motivləri əsasında hazırlanmış eyniadlı
pantomima tamaşası da bərpa edilərək yenidən
balacaların ixtiyarına veriləcək. Qeyd edək ki, həmin
nümunə teatrın repertuarında bir neçə il
qalıb və müxtəlif festivallarda uğurla iştirak
edib.
Bu il
130 yaşını qeyd edən Lənkəran teatrının
da həm yubiley ili, həm də
“Nizami ili” münasibətilə geniş
yaradıcılıq planları var. Bu barədə ötən
ay (22 yanvar) qəzetimizdə dərc olunan müsahibəsində
Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq
Heydərov ətraflı söhbət açmışdı.
İndi
qalır bütün bu planların reallaşması
üçün pandemiya müşayiətində münasib
şəraitin yaranmasını gözləmək...
HƏMİDƏ
Mədəniyyət.-
2021.- 3 fevral. S. 5.