Bəstəkar
və musiqişünaslarımız haqqında nəşrlər
layihəsi davam edir
Azərbaycan
peşəkar musiqisi təşəkkül tapdığı
zaman ərzində dünya musiqi xəzinəsinə ölməz
əsərlər bəxş edib və bəstəkarlarımız
XXI əsrə də böyük sərvətlə, musiqi xəzinəsi
ilə daxil olublar.
Peşəkar
musiqiçilərimizin neçə-neçə nəsillərinin
formalaşmasında, musiqi xəzinəmizin yeni-yeni əsərlərlə
zənginləşməsində, mədəniyyətimizin
dünyada təbliğində mühüm rol oynayan Azərbaycan
Bəstəkarlar İttifaqı respublikanın musiqi həyatında
fəal iştirak edərək bir sıra maraqlı və əhəmiyyətli
layihələr həyata keçirir. Onlardan biri də Mədəniyyət
Nazirliyinin dəstəyi ilə reallaşan “Azərbaycan bəstəkarları
və musiqişünasları” layihəsidir.
Bəstəkar
və musiqişünaslarımızın
yaradıcılığının geniş kütlə
arasında tanıdılması və təbliğ edilməsi
məqsədilə ərsəyə gətirilən layihə
üzrə birinci mərhələdə Bəstəkarlar
İttifaqının 18 üzvünün həyat və
yaradıcılığını əhatə edən
broşürlər 2014-cü ildə “Şərq-Qərb” nəşriyyatında
çap olunub. İkinci mərhələdə
hazırlanmış 16 broşür də 2015-ci ildə həmin
nəşriyyatda işıq üzü görüb. 2020-ci ildə
isə Bəstəkarlar İttifaqı tərəfindən
layihənin üçüncü mərhələsi həyata
keçirilib, “Renessans-A” nəşriyyatında növbəti
22 broşür çap olunub.
Təqdim
olunan broşürlərdə təkcə klassik musiqi xadimləri
deyil, bu gün yazıb-yaradan bəstəkar və
musiqişünaslar haqqında da məlumatlar yer alıb. Bu
siyahıda yaradıcılıqları haqqında məhdud
sayda məlumat olan 6 bəstəkar və 16
musiqişünasımızın yaradıcılıq yolu
işıqlandırılıb.
Bəstəkarlardan
Hacı Xanməmmədov (broşür müəllifi – Zemfira
Qafarova), Nazim Əliverdibəyov (Munisə Abdullayeva), Tofiq
Bakıxanov (Zemfira Qafarova), Azər Dadaşov (Natalya
Dadaşova), Məmmədağa Umudov (Jalə Qulamova),
İlyas Mirzəyevin (Seyran Qafarov) yaradıcılıq yolu
işıqlandırılıb. Musiqişünaslardan isə Məmməd
Saleh İsmayılov (Səadət Seyidova), İzabella Abezqauz
(Aida Tağızadə), Şəhla Həsənova (İradə
Köçərli), Tamilla Hüseynova (Sevda Hüseynova),
Gövhər Hüseynova (Elnarə Dadaşova), Elmira Abbasova
(Nigar Əliyeva), Solmaz Qasımova (Zemfira Abdullayeva), Səadət
Seyidova (Dilbər Məmmədova), Elxan Babayev (Aynur
Elxanqızı), Nailə Kərimova (Cəmilə Həsənova),
Həcər Babayev (Səadət Təhmirazqızı), Ramiz
Zöhrabov (Leyla Zöhrabova), Ülviyyə İmanova (Kəmalə
Ələsgərli), Aida Tağızadə (Zümrüd
Dadaşzadə), Tariyel Məmmədov (İnna
Pazıçeva), Tahirə Yaqubovanın (Fəttah Xalıqzadə)
yaradıcılığı əhatə olunub.
Əgər
əvvəlki nəşrlər daha çox bəstəkarları
əhatə edirdisə, yeni nəşrlərdə Azərbaycanın
tanınmış musiqişünaslarına
üstünlük verilib. Bu sırada Azərbaycan
musiqişünaslığının korifeyləri olan Məmməd
Saleh İsmayılov, İzabella Abezqauz, Elmira Abbasova, Solmaz
Qasımova, Ramiz Zöhrabov, Aida Tağızadə və digərlərinin
adlarını xüsusi vurğulamaq istərdim. Bu gün də
Azərbaycan musiqişünaslıq məktəbi aktiv fəaliyyət
göstərir və artıq bu məktəbin istedadlı
nümayəndələri müxtəlif ölkələrdə
öz elmi əsərləri ilə tanınırlar.
Ümumilikdə,
bu layihənin çox böyük əhəmiyyəti
vardır. Bu broşürlər elmi-nəzəri tədqiqat
işi deyil, oxucuları Azərbaycan professional musiqisinin
inkişafına böyük töhfələr vermiş
tanınmış musiqiçilərimizin fəaliyyəti ilə
tanış etmək məqsədi daşıyır. Klassik bəstəkar
və musiqişünaslarımız haqda bu günə qədər
məlumatların az olması və ya uzun illər öncə
rus dilində çap olunması,
bu gün yaşayıb-yaradan bəstəkar və
musiqişünasların tanınması layihənin əsas məqsədlərindəndir.
Oxucular təkcə məşhur klassik bəstəkarlarımızla
yox, eləcə də Bəstəkarlar İttifaqının
bütün tarixi fəaliyyəti ərzində böyük
rol oynayan bəstəkar və
musiqişünaslarımızın
yaradıcılıqları haqqında məlumat alırlar.
Təqdim
olunan broşürlər gənc bəstəkarlar
üçün dəyərli mənbədir. Tədrisdə
onlardan istifadənin böyük əhəmiyyəti
vardır. Yeni nəşrlər respublikanın musiqi təhsili
müəssisələrinə, şəhər
kitabxanalarına, Bəstəkarlar İttifaqının Gəncə,
Lənkəran, Naxçıvan, Şəki təşkilatlarına
göndərilir. Ümidvarıq ki, əvvəlki nəşrlər
kimi, yeni nəşrlər də geniş oxucu marağına səbəb
olacaq.
Artıq
bir neçə ildir “Azərbaycan bəstəkarları və
musiqişünaslarının elektron kataloqu” layihəsi də
həyata keçirilir. Bu kataloqun hazırlanmasında “Musiqi
dünyası” jurnalının baş redaktoru, Əməkdar
incəsənət xadimi, professor Tariyel Məmmədovun
böyük əməyi vardır. Elektron kataloqa gələcəkdə
hazırlanacaq broşürlər üzrə məlumatlar da
daxil ediləcək.
Xatırladaq
ki, Azərbaycan Bəstəkarlar İttifaqında ilk iki mərhələ
üzrə nəşrlərin təqdimat mərasimi
keçirilmiş, layihə musiqi ictimaiyyətinə
çatdırılmışdı. Lakin bu gün mövcud
şəraitlə əlaqədar – pandemiya səbəbindən
üçüncü mərhələ üzrə nəşrlərin
təqdimatını keçirmək hələlik
mümkün deyil. Amma layihə davam edir. Bu silsilədən
növbəti broşürlər də çapa
hazırlanır. Ümid edirik ki, yaxın zamanda yeni nəşrlər
işıq üzü görəcək və biz onların təqdimat
mərasimini ənənəvi şəkildə qeyd edəcəyik.
Jalə QULAMOVA
Milli
Konservatoriyanın elmi katibi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Mədəniyyət.-
2021.- 3 fevral. S. 5.