Xatirələrdə yaşayacaq...
Dublyajın rejissoru – Arif Həbibi
Əməkdar
mədəniyyət işçisi, kino xadimi,
tanınmış dublyaj rejissoru Arif Həbibinin ölüm xəbərini
eşidəndə
Bir də
gördün yox oldu adam,
Bir də
gördün fotodu...
misraları
gəldi ağlıma. Arif müəllimin adını hələ
uşaq ikən baxdığım filmlərin sonunda eşidərdim
və mənə çox maraqlı gələrdi.
Dublyajın rejissoru – Arif Həbibi. Düşünərdim ki,
necə maraqlı işi var, görəsən, filmi bizim dilə
necə çevirir. O vaxt təbii ki, dublyaj haqqında təsəvvürlərim
yox idi və filmin sonunda səslənən
bu bir cümlə mənə böyük xəyallar
qurmağa kömək edərdi. Arif Həbibinin adını
eşitdiyim ilk filmi isə bu günə kimi dəqiq
xatırlayıram. “Özbəkfilm”in istehsal etdiyi “Gəlinlərin
qiyamı” filmi idi...
Fəsil
döndü, il dolandı qismət məni mədəniyyət
sahəsinə gətirdi. Bu illər ərzində onunla dəfələrlə
tədbirlərdə görüşdük, bəzən hər
hansı kino mövzusunda zəngləşdik də.
Ömrünün 50 ildən çoxunu dublyaj sənətinə həsr
etmişdi. Sadə, təvazökar insan idi. Kino sənətimizin
nəhəng simaları, kinostudiyanın qaynar
çağlarında yaşananları kövrək hisslərlə
xatırlayardı hər zaman. Sənət dostları
haqqında xatirələri böyük sevgi ilə
bölüşərdi. Hər biri ilə bağlı
özünəməxsus xatirələri, əsl peşəkar
düşüncələri var idi. Dublyaj sənətinin bu
günü onu narahat edən məsələlərdən idi.
İlk
filmini 27 yaşında dublyaj etmişdi. Qəzetimizə verdiyi
müsahibəsində Arif Həbibi həmin illəri sevgi ilə
xatırlamışdı: “Bu sənətə 1967-ci ildə
görkəmli teatr və kino xadimi Adil İsgəndərovun təkidi
ilə gəlmişəm. Həmin vaxt “Mən ki gözəl
deyildim” filmi çəkilirdi. Filmin rejissorlarından biri
Ağarza Quliyev idi. Bizim də onunla ailəvi dostluğumuz
vardı. Kinostudiyaya gedib Adil müəllimə Ağarza
müəllimlə həmin filmdə işləmək istəyimi
bildirdim. Dedi yox, filmin yaradıcı heyəti artıq təsdiqlənib.
Səni dublyajda rejissor assistenti kimi işə götürəcəm.
Orda üç-dörd ay işlə, sonra rejissor işinə
keçirəcəm. Bu üç-dörd ay üç il
dörd ay oldu. Bu illər ərzində mən görkəmli
kino xadimlərindən Ağarza Quliyevin, Şamil Mahmudbəyovun,
Əlisəttar Atakişiyevin, Yusif Yulduzun assistenti işlədim.
Bu sənətkarlar film çəkmədikləri müddətdə
öz xahişləri ilə dublyajda rejissor kimi
çalışır, məvacib alırdılar. Görkəmli
kino rejissorları ilə çalışmağım isə
mənim həyatımda, yaradıcılığımda
çox böyük rol oynadı.
Rejissor
kimi ilk dəfə 1970-ci ildə, 27 yaşımda “Anam ərə
gedir” adlı filmi (sovet melodramı, “Lenfilm” – red.) dublyaj etdim.
Sonra isə dublyaj fəaliyyətim davam etdi. Aktyorları adətən
özüm seçirdim. Xalq artistləri Leyla Bədirbəyli,
Əminə Yusifqızı, Amaliya Pənahova, Məhluqə
Sadıqova, Şahmar Ələkbərov, Məlik Dadaşov, əməkdar
artistlərdən Həsən Əbluc, Səməndər
Rzayev, Hamlet Xanızadə, Mirvari Novruzova və
başqalarını dublyaja tez-tez
çağırırdım. Dörd saatdan artıq studiyada
işləmək ağır idi. Amma çox həvəslə
işləyirdik. Dublyaj etdiyimiz filmlər də maraqla
baxılırdı və sevilirdi”.
Bəli,
həmin filmlər bu gün də kino fondumuzun qiymətli
saxlancıdır.
Bu
illər ərzində Arif müəllim 1000-ə yaxın
xarici bədii, sənədli və cizgi filminin dublyajına
rejissorluq edib. Həmçinin uzun illər “Azərbaycanfilm”in
istehsal etdiyi bədii filmlərin səsləndirilməsində
məsləhətçi-rejissor olub. Mədəniyyət və
İncəsənət Universitetində dublyajdan dərs deyib.
“Space”, “Lider”, ANS, ATV telekanallarında çalışıb.
...1943-cü
ilin yayında dünyaya göz açan Arif Həbibi 77
yaşında – qış günündə dünyaya vida
etdi. İnanırıq ki, dublyaj sənətində ustadın
yolu layiqincə davam etdiriləcək.
Lalə AZƏRİ
Mədəniyyət.-
2021.- 3 fevral. S. 6.