Vədinə xilaf
çıxan Lanovoy
...
Taleyə, qismətə bax ki, 1941-ci ilin 22 iyununda yay tətilini
keçirmək üçün ölkənin qərb sərhədindəki
doğma kəndinə babangilə qonaq gələsən və
ananı, atanı bir də üç ildən sonra – kənd
işğaldan azad olunandan sonra görəsən…
Özü
də həyatın qaynadığı Moskvadan Ukraynanın
Odessa vilayətinin Moldova ilə sərhədinə yaxın (təbii
ki, o vaxt bu sərhəd rəmzi məna
daşıyırdı) Strimba kəndinə gələndə
sənin vur-tut yeddi yaşın ola… On yaşına kimi
uşaqlığının ən gözəl
çağını müharibə-mühasirədə
yaşayasan...
Bütün
bunlar azmış ki, işğalçı ordunun hərbçisi
əylənmək üçün sənin – 7-8 yaşlı
uşağın başını guya hədəf alaraq,
başının üstündən avtomatın iki daraq
gülləsini havaya boşalda… Sən də bu hadisədən
sonra möhkəm kəkələməyə başlayasan…
Söhbət
artıq barəsində keçmiş zamanda
danışdığımız, bu günlərdə (28
yanvar) dünyadan köçmüş görkəmli teatr və
kino aktyoru, həyatının altmış ilini aktyor sənətinə
bağlamış, qıyqacı baxışı, məxmər
kimi yumşaq, polad kimi şaqraq səsi ilə əvvəlcə
rejissorları, səhnəni, ekranı
bölüşdüyü tərəfdaşlarını,
sonra da milyonlarla tamaşaçını sehrinə salan Vasili
Lanovoydan gedir.
Vasili
Lanovoyun çəkildiyi ilk film – sovet yeniyetmələrinin ilk
həyat sarsıntılarından bəhs edən “Kamal
attestatı” 1954-cü ildə böyük ekrana çıxandan
bu ucaboylu, yaraşıqlı aktyor lap ahıl yaşınadək
rol sarıdan korluq çəkmədi.
Lakin
uşaq ikən üzləşdiyi müharibə dəhşətləri
ömürlük onun şüuruna həkk olub, qəlbində
dərin iz buraxdı. Bəlkə də buna görə
rejissorlar Vasili Lanovoyu daha çox döyüş filmlərində
görmək istədilər. “Zabitlər”dəki İvan
Varavva, “Parol lazım deyil”dəki Mareykis, “Berlindən
şimal-qərbdə”ki Naməlum adam, “Operativ ezamiyyət”dəki
Komandir, “Lyubov Yarovaya”da Mixail Yarovoy, “Baharın on yeddi
anı”ndakı Karl Volf, “Anna və Komandor”dakı Komandor,
“Turbinlərin günü”ndəki Şervinski, “Azadlıq əsgərləri”ndək
general-polkovnik Qreçko, “Ləğvetməyə
başlamalı”dakı polkovnik Çistyakov kimi obrazları
yada salmaq kifayətdir ki, bu fikri təsdiq edəsən.
Bütövlükdə isə
xarizması ekrandan belə sirayət edən 100-dən
çox filmdə irili-xırdalı rol oynadı Vasili Lanovoy.
Bəlkə
də Vasili Lanovoy tək-tək aktyorlardandır ki, 64 il eyni
teatrın səhnəsində çıxış edib.
1957-ci ildə sənət təhsilini başa vurandan sonra
Y.Vaxtanqov adına Dövlət Akademik Teatrı onun yeganə
iş yeri olub.
Vasili
Lanovoy həm Vaxtanqov teatrının qastrol tamaşaları, həm
də çəkildiyi filmlərin premyeraları ilə dəfələrlə
paytaxtımıza gəlib. Sonuncu dəfə isə 2011-ci ildə
Erik-Emmanuel Şmitin “Həvvaya ithaf” tamaşası ilə
Bakıda olmuşdu. 1 saat 45 dəqiqə fasiləsiz davam edən
tamaşa yəqin ki, onu seyr edənlərin yaddaşında əbədi
qalacaq. Yeri gəlmişkən, 1999-cu ildə ilk
tamaşası göstərilmiş “Həvvaya ithaf” hələ
də Vaxtanqov teatrının repertuarındadır. İndən
belə zahid yazıçı Abel Znorko rolunda kim
çıxış edəcək?...
Əgər
koronavirusa yoluxmasaydı, Vasili Lanovoy öz sənət
heyranları ilə səhnədə hələ çox
görüşəcəkdi. Görkəmli aktyor 86
yaşında da səhnədə idi. Axırıncı premyerası –
“Yevgeni Vaxtanqovun şərəfinə büllur bal”
tamaşası ayyarım əvvəl – ötən il
dekabrın 14-də olmuşdu. Amma kim nə bilərdi ki…
***
...Tələbəyik.
XIX əsr rus ədəbiyyatından bizə görkəmli
alim, mərhum Şamil Qurbanov dərs deyir. Çox sevdiyi
müəlliflərə, əsərlərə, ədəbi
qəhrəmanlara oxucu, tədqiqatçı rəğbətini
heç gizlətməyən, bu hissi mühazirələrində
tələbələrinə ötürməyi bacaran, tədris
edilən əsərləri böyük ustalıqla təhlil
edən bir pedaqoq idi Şamil müəllim. Budur, proqramla
növbə Lev Tolstoyun “Anna Karenina” əsərinə
çatıb. Müəllim əsərin başlıca qəhrəmanlarının
xarakterini aça-aça gəlib çatdı zabit Aleksey
Vronski obrazına və maraqlı bir cümlə işlətdi:
“Vronski – yəni əsl Peterburq cayılı!”. Şamil Qurbanov
bunu söylədi və bütün auditoriyanı nəzərdən
keçirib susdu. Mən isə özümü saxlaya bilməyib
“müəllim, nə gözəl, nə dəqiq dediniz!”
söyləyib əl çaldım. Müəllim
gülümsədi və heç nə demədi. Sonradan
semestr imtahanında biləcəkdim ki, Şamil Qurbanov mənim
reaksiyamı məmnunluqla yada salıb suallara cavab istəmədən
qiymətimi yazdı. Demə, o, həmin pedaqoji priyomla
hansı tələbənin “Anna Karenina” əsərinə bələd
olduğunu bilmək istəyirmiş. Qiymət
kitabçamı bəzəyən “əla”dan sonra mən də
ürəyimdən keçəni müəllimimlə
paylaşdım: “Düzdür, əsəri oxumuşdum,
özü də orijinaldan. Amma siz “Peterburq cayılı” deyəndə
gözümün qarşısında məhz Vasili Lanovoyun
Vronskisi canlandı”.
İllər
sonra görkəmli aktyorla Bakıda tamaşadan sonra
ayaqüstü görüşəndə macal tapıb bu əhvalatı
ona söylədim. Düzdür, “Peterburq cayılı” ifadəsinin
nə demək olduğunu anlatmağa təxminən
iki-üç dəqiqə gərək oldu. Vasili
Semyonoviç Bakıda, universitet auditoriyasında baş
vermiş həmin olaydan məmnun qaldığını gizlətmədi.
Bəlkə də elə bu səbəbdən söz verdi ki,
100 yaşını məhz Bakı səhnəsində rol
oynayaraq qeyd etmək istəyir.
İndi
də budur, Vasili Lanovoy barədə son söz yazıram. Və
deyirəm, məzarında rahat uyu, “Peterburq cayılı”!...
Sizin kimi böyük istedadlar, bitkin şəxslər
yalnız amansız xəstəlik üzündən vədlərinə
xilaf çıxa bilərlər. Heyif sizdən, “Şahzadə
Turandot”un ən romantik, ən realist, ən yaraşıqlı
Kalafı!
Gülcahan
MİRMƏMMƏD
Mədəniyyət.-
2021.- 3 fevral. S. 6.