“
“Elə bil
“Zabul” muğamı ilə əkiz
yaranmışdı...”
Azərbaycan
muğam ifaçılığında parlaq imzalar çox
olub. Hətta bir sıra muğamların adı onu özünəməxsus
tərzdə ifa edən sənətkarların adı ilə
qoşa çəkilib. “Mirzə Hüseyn Segahı”,
“Haşım Segahı” və s. Bu yazıda biz qədim
muğam beşiyi Şuşanın musiqi mədəniyyətimizə
bəxş etdiyi, “Zabul Qasım” kimi məşhur olan xanəndə
Qasım Abdullayevin ömür və sənət yoluna nəzər
salacağıq. O xanəndə ki, ötən əsrin əvvəllərində
Şuşada və Bakıda musiqi məclislərində, eləcə
də “Şərq konsertləri”ndə möhtəşəm
çıxışları ilə muğamsevərləri
öz sehrinə salmışdı.
Qasım
İbrahim oğlu Abdullayev 1873-cü ildə dünyaya göz
açıb. Şuşanın zəngin mədəniyyət,
musiqi mühiti erkən çağlardan onda xanəndəliyə
maraq oyadır. Ustad sənətkarların ifalarını dinləyə-dinləyə
özü də xanəndəyə çevrilir. Tez-tez tədbirlərə,
xüsusilə imkanlı ailələrin məclislərinə
dəvət olunur. Şuşadakı “Şəmilin
bağı”nda muğamsevərlər qarşısında məlahətli
səslə çıxışlar edir.
Görkəmli
xanəndə İslam Abdullayev xatirələrində
yazır: “1913-cü ilin səfalı yay günləri idi.
İsa bulağında bir neçə məclis qurulmuşdu.
Şənliyə Qarabağın adlı-sanlı xanəndələri
dəvət olunmuşdu. Hər məclisdə bir xanəndə
vardı. Birdən Qasımın hər kəsi valeh edən bəlağətli
səsi eşidildi. O, “Zabul” oxuyurdu. Qasımın səsini
eşidən bütün xanəndələr, hətta rəhmətlik
Cabbar Qaryağdıoğlu belə qavalı yerə qoydu. Onun
vurduğu şirin xallar və gözəl guşələr
maraqla dinlənilirdi. Həmin vaxt mən şuşalı tacir
Hacı Bəşirin məclisində “Rast” oxuyan xanəndə
Xanlıq Şükürə qulaq asırdım... Məclisdə
Hacı Bəşir “palazqulaq” bir yüzlük
çıxarıb Şükürün qarşısına
qoydu. Ondan acığa bir “Zabul” oxumağı xahiş etdi.
Ancaq Xanlıq Şükür oxumadı və dedi: “Ağa,
Qasım olan məclisdə mən “Zabul” oxumaram”.
Musiqişünas
Firudin Şuşinski araşdırmasında yazır ki,
“Zabul-Segah” musiqi məclislərində ən çox ifa olunan
muğamlardan olub. Məşədi Qasım bu muğamı
çox gözəl ifa edib. Onun oxuduğu “Zabul” son dərəcə
lirik mahiyyət daşımaqla, həddindən artıq
gözəl guşə və şirin xalları ilə
bütün başqa xanəndələrin oxuduqları
“Zabul”dan fərqlənirdi. Buna görə də Qasımdan
sonra gələn xanəndələr, xüsusilə Musa
Şuşinski, Bülbül, Xan Şuşinski, Əli Cavad
oğlu və Zülfü Adıgözəlov kimi peşəkar
xanəndələr “Zabul” oxumaqda məhz Qasım Abdullayevi təqlid
edirdilər. Ötən əsrin əvvəllərində
Zabul Qasım Bakıda bir neçə konsert verir və
tamaşaçıların rəğbətini qazanır. O
daha sonra “Tağıyev teatrı”nda verilən “Şərq
konserti”ndə Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər
və Seyid Mirbabayevlə birlikdə çıxış edir.
Bu konsertdə Qasımın ifası sürəkli
alqışlarla qarşılanır. Həmin dövrdə
“Kaspi” qəzeti “Şərq konserti” və onun
ifaçıları haqqında dərc etdiyi məqalələrin
birində Qasımın xanəndəliyini yüksək qiymətləndirərək
yazırdı: “Konsertin birinci şöbəsində, bir
neçə vaxt bundan əvvəl Şuşadan gəlmiş
müğənni Qasım çıxış etdi. O, gözəl
səsi ilə “Segah” muğamını olduqca şirin
oxudu...”.
Xanəndə
haqqında araşdırmada qeyd edilir ki, Zabul Qasım təkcə
peşəkar muğam ifaçısı deyil, eyni zamanda opera
artisti kimi də tanınıb. Onu ilk dəfə səhnəyə
dəvət edən və istedadına yüksək qiymət
verən görkəmli bəstəkar Zülfüqar Hacıbəyov
olub. Xanəndə 7 avqust 1913-cü ildə Şuşadakı
“Yay klubu”nda tamaşaya qoyulan “Leyli və Məcnun” operasında
Məcnunun atası rolunda çıxış edir. Onun
professional çıxışı
tamaşaçıları valeh edir. Bundan sonra Qasım
Abdullayevin adı teatr tamaşalarının afişalarında
tez-tez əks olunur.
Sənətkarın
ifasının sorağı ölkəmizin
hüdudlarını aşır. “Sport-Rekord” musiqi şirkətinin
dəvəti ilə 1914-cü ildə Tiflisə gedir. Orada
“Zabul-Segah”, “Bayatı-Şiraz”, “Humayun”, “Şur” və
“Mahur-hindi” muğam və təsnifləri onun ifasında
qrammofon valına yazılır.
Qasım
Abdullayev Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra incəsənət
sahəsində çalışır. Musiqi mədəniyyətimizin
inkişafına töhfələr verir. Xanəndə nədənsə
Bakı şəhərində çox qalmır. Bir müddət
sonra Şuşaya qayıdır. Şəhərdəki musiqi
məktəbində muğam sənətinin sirlərini yeni nəsillərə
öyrədir.
Ustad
sənətkar 1927-ci ildə, 54 yaşında vəfat edib. Bu
vaxtsız itkidən Cabbar Qaryağdıoğlu bərk təsirlənir
və “Mən Qasımın ölümünə yox, “Zabul”un
ölümünə ağlayıram. Qasım ölmədi,
“Zabul” öldü”, deyir. Zabul Qasımı daha yaxşı
tanıyan görkəmli xanəndə Seyid Şuşinski isə
Məşədi Qasımı “böyük xanəndə” kimi
səciyyələndirib: “Bu adam incəsənət
üçün yaranmışdı. O, həmişə tarzən
Məşədi Zeynalla oxuyardı. Qasım elə bil “Zabul”
muğamı ilə əkiz yaranmışdı”.
Savalan FƏRƏCOV
Mədəniyyət.-
2021.- 3 fevral. S. 7.