Gənc
bəstəkar “Dədə Qorqud” baletini tamamlayıb
Gənc
bəstəkar İlahə Qismət “Dədə Qorqud”
dastanının motivləri əsasında eyniadlı balet
üzərində işi tamamlayıb. Bəstəkar II pərdə,
VI şəkildən ibarət balet üzərində beş
il çalışdığını və əsəri Azərbaycan
Ordusunun Vətən müharibəsində Qələbəsinə
həsr etdiyini bildirib. Libretto müəllifi İltifat
Hacıxanoğlu olan baletin musiqisinin orkestrləşdirmə
işi başa çatdırılıb.
“Xeyirlə
şərin mübarizəsini tərənnüm etdirən
baleti nəinki Azərbaycanın, eləcə də türk
dünyasının mədəniyyətinə verilmiş bir
töhfə olaraq ərsəyə gətirmişik. 2020-ci ilin
Vətən müharibəsi Azərbaycan xalqı ilə
yanaşı, türk dünyasının birlik və həmrəylik
ruhunu yüksəltdi. “Dədə Qorqud” baletinin librettosu da
xalqımızın bu möhtəşəm Qələbəsi
ilə eynilik təşkil edir. Müharibədə əldə
etdiyimiz zəfər nəticəsində nəinki düşmən
əlindəki torpaqlarımız, həmçinin “Dədə
Qorqud” dastanındakı Bamsı Beyrək kimi uzun illər əsirlik
həyatı yaşamış soydaşlarımız da azad əsarətdən
qurtuldular. Bu baleti 44 günlük Vətən müharibəsinə
ithaf edirəm”, – deyə İlahə Qismət bildirib.
Gənc
bəstəkar vurğulayıb ki, indi ən böyük arzusu
2021-ci ildə “Dədə Qorqud” baletinin səhnəyə
qoyulmasına nail olmaq və bu əsəri Azərbaycan xalqı ilə
yanaşı bütün türk dünyasına təqdim etməkdir:
“Türk xalqlarının ortaq mənəvi sərvəti kimi
mədəniyyətimizdə yer alan “Dədə Qorqud”
dastanı əsasında yazılmış baletin Türkiyə-Azərbaycan
qardaşılığına bir töhfə olacağına
inanıram”.
Qeyd
edək ki, bəstəkar İlahə Qismət (İsrafilova)
1993-cü ildə Bakıda anadan olub. Bülbül adına
Orta İxtisas Musiqi Məktəbində təhsil alıb,
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
(BMA) Bəstəkarlıq fakültəsinin bakalavr və
magistr pillələrini fərqlənmə diplomu ilə
bitirib. Bəstəkarlıq ixtisası üzrə mərhum sənətkar,
Xalq artisti, professor Arif Məlikovdan və Əməkdar incəsənət
xadimi Aydın Əzimovdan dərs alıb. 2017-ci ildə Azərbaycan
Bəstəkarlar İttifaqının üzvlüyünə
qəbul edilib, ittifaqın Gənclərlə iş bölməsinə
rəhbərlik edir.
Hazırda
BMA-nın doktorantı olan bəstəkar, həmçinin “Mədəni
Əlaqələrin İnkişafına Dəstək”
İctimai Birliyinin sədri kimi bir sıra layihələrin
müəllifidir. Gənclər və İdman Nazirliyinin, Mədəniyyət
Nazirliyinin yaradıcı gənclər üçün
mükafatları ilə təltif olunub.
Mədəniyyət.-
2021.- 3 fevral. S. 7.