“Qarabağ ədəbi
mühiti” monoqrafiyası yazılacaq
Ədəbiyyat
İnstitutunun 2021-ci il üçün tədqiqat işlərinin
planı təsdiqlənib
Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi
şurasının 2021-ci ildə ilk onlayn iclası
keçirilib. İclasa Türkiyədən Avrasiya Yazarlar
Birliyinin başqanı Yaqub Öməroğlu və
Tatarıstandan akademik Daniya Zaqidullina da qatılıblar.
Elmi
şuranı AMEA-nın vitse-prezidenti, Ədəbiyyat
İnstitutunun direktoru, akademik İsa Həbibbəyli
açaraq gündəlikdəki məsələlərlə
iştirakçıları tanış edib. Sonra o, türk
dünyası və Azərbaycanla ədəbi-mədəni əlaqələrin
inkişafında verdiyi töhfələrə görə hər
iki qonağın institut tərəfindən təltif edildiyini
bildirib. Qeyd edib ki, Tatarıstan Elmlər Akademiyasının
vitse-prezidenti, akademik Daniya Zaqidullina türk dünyası
ölkələrinin əlaqələrinin genişləndirilməsində
və Azərbaycan ədəbiyyatının təbliğində
gördüyü böyük işlərə görə
institutun “Fəxri doktoru”, Yaqub Öməroğlu isə
Türkiyədə və türk dünyasında Azərbaycan
ədəbiyyatına verdiyi dəyərli töhfələrə
görə institutun “Fəxri dostu” adına layiq
görülüb.
İsa
Həbibbəyli Avrasiya Yazarlar Birliyinin “Qardaş qələmlər”
dərgisinin may nömrəsinin Azərbaycana həsr
olunmasının əməkdaşlığa böyük
töhfə verəcəyini deyib. Həmçinin
Tatarıstanda Nizami Gəncəvinin təbliği sahəsində
görülən işlərin miqyasının genişlənəcəyinə
əminlik ifadə olunub.
İclasda
çıxış edən Azərbaycan Yazıçılar
Birliyinin katibi Rəşad Məcid diqqətə
çatdırıb ki, Türkiyədə 200-dən çox
azərbaycanlı müəllifin kitabının çap edilməsində
Yaqub Öməroğlunun xüsusi əməyi olub.
Qonaqlar
göstərilən etimada görə minnətdarlıqlarını
bildiriblər. Yeni hekayələr kitabının Türkiyədən
öncə ilk dəfə Azərbaycanda çap olunduğunu
deyən Yaqub Öməroğlu “Nizami Gəncəvi İli”ndə
dahi şairin adını daşıyan bir elm ocağından
belə bir təltifə layiq görülməsinin
qürurverici olduğunu vurğulayıb.
Sonra
institutun Ortaq başlanğıc və İntibah dövrü
Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri,
filologiya elmləri doktoru, professor İmamverdi Həmidov 80 illik
yubileyi ilə əlaqədar olaraq təbrik edilib və fəxri
fərmanla təltif olunub.
“İlin
gənc alimi – 2020” nominasiyasına institutun Mətbuat tarixi və
publisistika şöbəsinin elmi işçisi, doktorant
Gülnar Səma layiq görülüb.
İclasda
elmi katib, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli
institutun “Müqayisəli ədəbiyyatşünaslıq”
jurnalının elmi nəşrlərin beynəlxalq indeksləşdirmə
bazası olan “Copernicus” sisteminə və Türkiyədə fəaliyyət
göstərən “ASOS indeks” sisteminə daxil edildiyi
haqqında məlumat verib.
Gündəlikdəki
digər məsələlər, o cümlədən “Nizami Gəncəvi
İli” çərçivəsində qarşıda duran vəzifələr,
“Qarabağ ədəbi mühiti” monoqrafiyasının planı
və müəlliflər heyətinin müəyyənləşdirilməsi,
institutun 2021-ci il üçün elmi tədqiqat işlərinin
əhatəli planı, çap məsələləri və
s. müzakirə olunaraq təsdiqlənib.
Mədəniyyət.-
2021.- 3 fevral. S. 7.