Ustadlar ustadının 200 illiyinə töhfə

 

Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustadlar ustadı Aşıq Ələsgərin (1821-1926) anadan olmasının 200 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Aşıqlar Birliyi (AAB) tərəfindən bir sıra tədbirlər nəzərdə tutulur.

Artıq bu istiqamətdə ilk addım da atılıb – “Aşıq Ələsgər. Lirika” kitabı çapdan çıxıb.

AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu kitabda Dədə Ələsgərin dillər əzbəri olan lirik şeirlərinin yer aldığını bildirib. “Yeni nəşrin Aşıq Ələsgərin indiyədək nəşr olunmuş kitablarından fərqi ondan ibarətdir ki, ilk dəfə olaraq kitaba daxil edilmiş şeirlərin bütün aşıq mühitləri nəzərə alınmaqla hansı aşıq havaları üstündə oxuna bilməsi haqqında da məlumat təqdim edilir. Eləcə də şeirlərdə işlədilmiş arxaizmlərin və ərəb-fars mənşəli sözlərin izahlı lüğəti də verilib”, - deyə M.Nəbioğlu qeyd edib.

Kitabı nəşrə hazırlayanlar AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və birliyin katibi Musa Nəbioğlu, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir.

 

Mədəniyyət.- 2021.- 3 fevral. S. 7.