“Kompüterin kələyi” əsəri fars dilində

 

Yazıçı Reyhan Yusifqızının “Kompüterin kələyi” əsəri fars dilinə tərcümə olunub. Bu barədə Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) İran Milli bölməsinin F.Köçərli adına Respublika Uşaq Kitabxanasına verdiyi məlumata görə, yazıçı Reyhan Yusifqızının “Kompüterin kələyi” əsərini fars dilinə uşaq yazarı, tərcüməçi, uşaq ədəbiyyatı tədqiqatçısı Nəsim Yusefi tərcümə edib.

Qeyd edək ki, Reyhan Yusifqızının “Kompüterin kələyi” əsəri 2021-ci ilin yanvar ayında Tehranda fəaliyyət göstərən “Hamşəhri” nəşriyyatının “Doçərxə” jurnalında dərc olunub.

Xatırladaq ki, F.Köçərli adına Respublika Uşaq kitabxanası 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür. Təşkilata üzv olmaqda əsas məqsəd Azərbaycanda uşaq yazıçıları, rəssam və tərcüməçilərini müasir uşaq ədəbiyyatımızdakı problemlərə yönəltmək, uşaq ədəbiyyatı sahəsində olan yenilikləri təbliğ etməklə uşaqların mütaliəyə olan həvəslərini artırmaq, onları dünya uşaq ədəbiyyatı nümunələri ilə tanış etməkdir.

 

Mədəniyyət.- 2021.- 3 fevral. S. 7.