Əməkdar artist Əlican Əzizov vəfat edib
Azərbaycan mədəniyyətinə itki
üz verib. Respublikanın Əməkdar artisti, uzun illər Gəncə Dövlət
Dram Teatrında aktyor kimi fəaliyyət göstərən Əlican
Əzizov 69 yaşında
vəfat edib.
Əlican
Süleyman oğlu Əzizov 1952-ci il
fevralın 23-də anadan
olub. 1975-ci ildə
Azərbaycan Dövlət
İncəsənət Universitetinin
Dram və kino aktyorluğu fakültəsini
bitirib.
1975-1996-cı illərdə
Gəncə Dövlət
Dram Teatrında fəaliyyət
göstərib. Aktyorun
“Vaqif” (S.Vurğun) tamaşasında Vidadi, “Aydın”da (C.Cabbarlı) Dövlət bəy, “Almaz”da (C.Cabbarlı) Fuad və s. rolları maraqla qarşılanıb.
1996-cı
ildən Gəncə Dövlət Nizami Poeziya Teatrında yaradıcılıq fəaliyyətini
davam etdirən Əlican Əzizov N.Gəncəvinin əsərləri
əsasında hazırlanmış
tamaşalarda İsgəndər,
Bəhram, Çoban, Fərhad obrazlarını
yaradıb, “Xeyir və Şər”, “Gül və Zəhər” və s. tamaşaların
quruluşçu rejissoru
olub.
Aktyor həmçinin “Azərbaycanfilm”in
istehsalı olan “Süd dişinin ağrısı”, “Dairə”,
“Şahid qız” filmlərində çəkilib.
Əlican Əzizovun sənət fəaliyyəti dövlət
tərəfindən qiymətləndirilib. Aktyor
2000-ci ildə “Əməkdar
artist” fəxri adına, 2006-cı ildə
Prezident mükafatına
layiq görülmüşdü.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2021.- 12
fevral.- S.6.