Leyla Bədirbəylinin şəxsi
arxiv fondu
yaradılıb
Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, Dövlət mükafatları laureatı Leyla Bədirbəylinin (1920-1999) şəxsi arxiv fondu yaradılıb.
Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev arxiv sənədləri ilə bizi tanış edərək ətraflı məlumat verdi. Bildirdi ki, Leyla Bədirbəylinin şəxsi arxiv fondunun yaradılması sənətkarın ötən il qeyd edilən 100 illik yubileyinə ithaf olunub. Fonda aktrisanın nadir fotoşəkilləri, əlyazmaları və s. arxiv sənədləri daxil edilib: “Pandemiya səbəbindən sənətkarın 100 illik yubileyini təntənəli qeyd etmək mümkün olmasa da, bu layihə ilə kiçik töhfəmizi vermiş olduq”.
Görkəmli sənətkarın arxiv sənədlərinə – xoşbəxt günlərinin əbədiləşdiyi fotolara baxırıq. Fotolardan boylanan yaradıcılıq uğurları ilə zəngin illər, bir də sənətkar taleyi. Fondun direktor müavini Rəşad Qasımov fotofaktlar haqqında söz açır. Deyir ki, bu fotolar sənətkar ömrünün bir anını əks etdirsə də, eyni zamanda sənət salnaməmizin bir səhifəsi haqqında mənbədir.
Cəmil müəllim bir neçə qovluğu açaraq bizi arxiv sənədlərinin nüsxələri ilə tanış edir. Bu nüsxələr sırasında ilk olaraq Leyla Bədirbəyliyə həsr olunan şeirləri görürük. Sənətkar haqqında yazılan məqalələrin yığıldığı qovluq da diqqətimizi çəkir. Bu qovluqda 100-dən artıq qəzetlərdən kəsilmiş xəbər və məqalə var. Öyrənirik ki, aktrisa haqqında ilk məqalə 1938-ci ildə “Gənc işçi” qəzetində dərc edilib. Maraqlıdır ki, məqalə aktrisa Leyladan deyil, rəqqasə Bədirbəylidən bəhs edir.
Digər qovluqda isə Bakı teatrlarının bukletləridir. Bu bukletlər Leyla Bədirbəylinin oynadığı tamaşalardan söz açır.
İndi isə jurnalların yer aldığı qovluqla tanış oluruq. “Qobustan”, “Azərbaycan qadını” və digər dərgiləri görürük. Aktrisanın vaxtilə dəvət olunduğu müxtəlif tədbirlərin dəvətnamələri illərin yaddaşını oyadır. Ən vacib məqam isə budur ki, bütün bu sənədlərin hamısı mərhum sənətkar tərəfindən səliqə-sahmanla toplanıb, sistemləşdirilib.
Əlyazmaların yer aldığı qovluq da teatr və kino salnaməmizin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. “Tufan faciəsi” tamaşası barədə, görkəmli ədəbiyyat və incəsənət xadimləri İsmayıl Şıxlı, Süleyman Tağızadə, Əminə Dilbazi, Mirzağa Əliyev, Hüseyn Seyidzadə, Müxlis Cənizadə, Sidqi Ruhulla, Səməd Vurğun, Mehdi Hüseyn, Sabit Rəhman haqqında xatirələr...
Bu əlyazmalar sırasında “Azərbaycan kinosu haqqında xatirələr” sübut edir ki, Leyla xanım ilk dəfə Qəmər Salamzadənin “Dəcəl dəstə” filmində çəkilib: “Bu filmi biz 20 il əvvəl Moskvadan alaraq Bakıya gətirdik. Bilirsiniz ki, Üzeyir bəyin Leyla xanımın kinoya gəlməsində böyük rolu olub. “Üzeyir bəy haqqında xatirələr” adlı məqalə də bu baxımdan qiymətlidir. II Dünya müharibəsində cəbhəyə yollanan əsgərlər üçün konsertlər verən incəsənət xadimləri sırasında Leyla xanım da var idi və qovluqların biri bütünlüklə həmin dövrü əhatə edir”.
Arxiv sənədləri içərisində diqqətimizi çəkən nümunələrdən biri də afişalar oldu. Leyla xanım vaxtilə “Azərbaycanfilm” kinostudiyasında 1980-ci ildə yaradılan “Kino-aktyor teatrı”nın bədii rəhbəri olub. Bu teatrın oynadığı tamaşalar, eləcə də teatrlarımızda aktrisanın rol aldığı səhnə əsərlərinin afişaları ötən günlərin acılı-şirinli xatirələrindən soraq verir. 1990-cı ildə ləğv edilən “Kino-aktyor teatrı” haqqında yeganə arxiv materialları da məhz bu afişalardır. Tamaşaların afişalarında kimlərin adlarına rast gəlirik. Korifey sənətkarların adları qeyd edilən afişaların ən yaşlısı 1950-ci illərə aiddir. Fondda Leyla xanımın qohum və doğmalarının fotoları da qorunur.
Bütün qovluqları açsaq da, içindəki bütün sənədləri vərəqləyə bilmədik. Bu arxiv materialları Dövlət Film Fondunu nə dərəcədə zənginləşdirirsə, Leyla Bədirbəylinin əbədiyaşar sənəti də xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Bu düşüncələrlə Dövlət Film Fondunun rəhbərliyinə minnətdarlığımızı bildirib, ayrılırıq. Sanki Leyla xanımın fotolardakı siması arxamızca boylanır. Öz kübarlığı və zadəgan baxışları ilə...
Lalə AZƏRİ
Mədəniyyət.- 2021.- 12
fevral.- S.3.