2021-ci il İslam aləmində “Qadın İli” elan edilib
İslam
Dünyası Elm, Təhsil
və Mədəniyyət
Təşkilatı – İCESCO 2021-ci ili İslam
aləmində “Qadın
İli” elan edib.
Təşkilatın Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Qadınlar və gələcək” şüarı altında bu il təşkil ediləcək tədbirlərlə bağlı mətbuat konfransı keçirib.
Baş direktor qeyd edib ki, “Qadın İli” elan edilməsi İCESCO-nun 2020-2030-cu illərdə strateji planının tərkib hissəsidir. Onun sözlərinə görə, əsas məqsəd İslam dünyasında sosial, iqtisadi və mədəni həyatda qadınların rolunu gücləndirmək, gənc qızların müasir standartlara uyğun daha mükəmməl təhsil almasını təmin etməkdir.
Təşkilat bu fəaliyyəti dörd istiqamətdə həyata keçirməyi nəzərdə tutur: konfrans və seminarların keçirilməsi, yeni proqram və layihələrin reallaşdırılması, uğur qazanmış qadınların mükafatlandırılması və gender zəminində ayrı-seçkiliyin aradan qaldırılması.
İCESCO-nun rəhbəri əlavə edib ki, üzv ölkələrin hökumətləri ilə sıx əməkdaşlıq şəraitində qadın və qızların cəmiyyətin həyatında daha fəal iştirakı, onların yüksək səviyyədə təhsil alması üçün həyata keçiriləcək proqramlara maliyyə vəsaitinin ayrılması da nəzərdə tutulur. Bu, müsəlman qadınların beynəlxalq təşkilatlarda və qlobal miqyasda da uğurlarının əsasını qoya bilər. Bundan başqa, üzv ölkələrin məktəblərində donor təşkilatlar tərəfindən yoxsul ailələrdən olan qızlara 50 min kompüterin hədiyyə edilməsi, habelə onlara təqaüdlərin verilməsi də planlaşdırılır.
Salim bin Məhəmməd əl-Malik vurğulayıb ki, bu tədbirlər təşkilata üzv ölkələrin Milli Komitələri ilə birlikdə həyata keçiriləcək.
Qeyd edək ki, fevralın 11-də İCESCO-nun təşkilatçılığı ilə “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə beynəlxalq videokonfrans keçirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva fəxri qonaq qismində videokonfransda iştirak edib.
Mədəniyyət.- 2021.- 12
fevral.- S.1;2.