“Bizim sənətin sözü rəqsdir...”
Zakir Ağayev:
“Tamaşaçı səhnədə 2-3 dəqiqəlik
gözəl rəqs, balet nömrəsi
görürsə, bunun arxasında uzun məşq prosesi, insan əməyi dayanır”
Müsahibim və ondan ayrı təsəvvür belə eləmədiyim xanımı ilə vədələşdiyimiz məkanda – Akademik Musiqili Teatrın balet truppasının məşq zalında görüşdüm. Məşqlər, səhnə, bu güzgülü məşq otağı üçün çox darıxdığı üz-gözündən oxunurdu. Gözlərində sevinc o yan-bu yana gedir, bir-iki balet elementini nümayiş etdirərək söhbətimizə ayaq verirdi. O, hərəkət elədikcə bu bəstəboy, şux insanın 65 yaş həqiqətinə inana bilmirdim. Təkcə mən? Yox, ən çox da özü buna inanmaq istəmir. Ona görə də inadla güzgülərdəki əksinə gülümsəyir, məmnun halda göz vururdu...
Beləliklə, həmsöhbətimiz Akademik Musiqili Teatrın baş baletmeysteri, Əməkdar artist Zakir Ağayevdir.
Bu maraqlı söhbətdən seçmələr sayəsində sizi istedadlı və nikbin adamla daha yaxından tanış etməyə çalışacağam. Əslində, müsahibim Zakir Ağayev olsa da, “hər Məcnunun öz Leylisi” prinsipi ilə həm ömür-gün, həm də sənət yoldaşı olan teatrın quruluşçu baletmeysteri, Əməkdar artist Leyla (Yelena) Ağayeva da söhbətimizin mərkəzində oldu. Səhnədə hər zaman birlikdə addımlayan, həyatın bütün sınaqlarından üzüağ çıxan cütlük bu söhbətə də birlikdə gəlmişdi.
– Zakir müəllim, bu nə müsibətdir, balet artisti də səhnədən, məşqdən, teatrdan bu qədər ayrı düşər?
– Müsibət də sözdür? Boğuluruq e, zarafat deyil, az qalıb bir il ola ki, biz teatra, səhnəyə həsrətik. Lənətə gəlmiş koronavirus bizi yaman sınadı. Təsəvvür edin, həyatının əsas hissəsini teatrda, səhnədə, dərsdə, məşqdə keçirən adamlar dörd divar arasına qısıldılar. Doğrudur, Musiqili Teatr pandemiya dövründə də fəaliyyətini dayandırmadı. Onlayn layihələr, videoçarxlar, rəngarəng kliplər hazırladı. Amma nə olsun, bunların heç biri canlı ünsiyyəti, teatrı, qaynar sənət həyatını əvəz edə bilmir. Sənət adamları üçün mart ayından işsiz qalmaq çox çətindir. Demək olar ki, bizim üçün həyat dayanıb.
– Balet mürəkkəb və çətin sənətdir. Bizdə də bu sənətin öz auditoriyası var. Ömrünüzü verdiyiniz bu sahədə populyar simalar azdır. Bu məqam sizi narahat edibmi?
– Desəm ki, etməyib, qeyri-səmimi olar. Amma sənətə olan sevgi siz
deyən bütün
o bəzək-düzəyin, şöhrətin üzərində
dayanır. Baxın,
bizim teatrın unikal
vəhdəti var: musiqi, vokal, balet, xor, aktyor
oyunu. Belə olduğuna görə
nə bir ayrı-seçkilik görür,
nə də göstərməyə çalışırıq.
Əsas ortaya çıxan materialdır. Xoreoqrafiya sənətinin
özəl xüsusiyyəti
odur ki, obrazları, dramaturgiyanı
rəqs hərəkətləri
ilə açır.
Bizim sənətin sözü rəqsdir. Eyni zamanda tamaşalarda
rəqs, balet nömrələri olanda tamaşaya xüsusi bir ovqat, rəngarənglik
verir.
– Balet nömrələrinin
tamaşada istifadəsinə
gəlincə, bu gün sözsüz teatr, tamaşa formaları mənasında
müzikl, performans dediyimiz formalar peşəkar səhnələrdə
boy göstərir. Bu kimi tendensiyalar yaradıcılıq fəaliyyətinizə
necə nüfuz edir?
– Dünyada proqressiv hadisələr gedir, eləcə də mədəniyyətdə, incəsənətdə,
teatrda. Bizim teatrımız da
çalışır ki,
həmin irəliləyişlərdən
geri qalmasın. İstəyirik ki, novatorluğu
özümüzə, mentalitetimizə
uyğun tamaşalarda
istifadə edək.
Aktyorların da jestlərində,
hərəkətlərində xoreoqrafik leksika olmalıdır ki, onun obrazını inkişaf elətdirə bilsin. Bu baxımdan
aktyorlarla işimiz çox maraqlı alınır. Qaldı ki,
balet truppasına, burada hamı peşəkarlardır.
– Balet truppanıza qayıdacağıq, mənə
hələ prosesin özü maraqlıdır.
Daha doğrusu, rejissor-dramaturq-baletmeyster
dialoqu. Hər tamaşa balet nömrəsinə yer olmur və ya əksinə, material, mizan, oyun ritmi
az qala balet
nömrəsi çağırır,
amma yoxdur...
– Biz proses zamanı balet nömrəsinin süjetin inkişafına
xidmət edib-etmədiyinə
baxırıq. Hər rejissor
musiqili teatrda tamaşa qura bilmədiyi kimi, hər tamaşa da balet nömrəsi
istəmir. Ümumən, əgər tamaşada musiqi varsa, deməli,
bizim artıq orada işimiz var. Ola bilər balet truppası iştirak eləməsin. Amma musiqi
nömrəsi varsa, ona uyğun aktyor plastikası olmalıdır. Quru oyundan,
mətnin daha gur, daha təsirli
aktyor ifasından çox, musiqinin ahəngində oyun təqdimatı vacibdir.
Məhz buna görə mətn daha yaxşı açılır.
Balet nömrələrini hansısa
tamaşaya məcbur salmaq olmaz.
– Aktyorların musiqili tamaşalarda oyun üslubu da mütəmadi müzakirə
olunur və “balet nömrəsi olmayan musiqili tamaşada da bizim işimiz var” dediniz. Hər aktyorla
ibtidai xoreoqrafik elementlərin məşqi
mümkün olurmu?
– Bu teatrda çalışan hər bir aktyor
bunu yaxşı dərk etməlidir və düşünürəm
ki, bizim bütün aktyor heyətimiz “mənəm”likdən
uzaqdır. Onu da deyim ki, teatrımızda son illər müxtəlif sexlərə işçi
qəbulu başladı
və sırf peşəkar, teatrın profilinə uyğun olanları seçdik.
Musiqili teatrın aktyoru olmaq istəyənlərin
əsas işindən
– aktyorluq bacarığından
savayı səsini, plastik keyfiyyətlərini
də yoxlayırıq.
İndi bizə gələn gənclərin əksəriyyəti
o səviyyədədir və
onlarla işləmək
asandır.
– Bəs nisbətən yaşlı və orta nəsil aktyorlar?
– Onları da cəlb edirik və siz deyən
o tanınmışlar da
peşəkar olduqları
üçün özləri
xoreoqrafik məşqlər
istəyirlər.
– Balet amansız sənətdir. Müəyyən yaşdan sonra
səndən imtina edir. Ora gələrkən artıq
bilirsən ki, 40-dan sonra səhnədə olmayacaqsan...
– Haqlısınız, baletin
səhnə həyatı
çox qısadır.
Vur-tut 20 il,
o da 16-17 yaşından
işə qəbul olunursansa. Səhnə gözəlliyi, gəncliyi
sevir və sən 38-40 yaşında
o elementləri icra edib dinamikliyini saxlaya bilmirsən. Bizim truppamıza gəlincə,
biz yalnız Xoreoqrafiya
Akademiyası məzunlarını
işə götürürük.
Özümüz də orada çalışırıq. Müddət qısa olduğuna görə öz sözünü deməyi və sənətini nümayiş
etdirməyi bacarmalısan...
– Qeyd etdiyimiz kimi, pedaqoji fəaliyyətlə də
məşğulsunuz. Gənc kadrlar
və böyük zəhmət tələb edən balet. Münasibət necədir?
– Bu gün gənclər daha az işlə daha tez və çox
nəticə arzulayır.
Buna görə də belə düşünənlər bu
sənətdə qalmırlar.
Bu sənət fədailəri sevir və yalnız onlar uğur qazanırlar. Biz də məhz onlarla çalışırıq.
Tamaşaçı səhnədə 2-3 dəqiqəlik gözəl
bir rəqs, balet nömrəsi görürsə, bilməlidir
ki, onun arxasında uzun və ağrılı məşq prosesi, insan əməyi dayanır.
– Zakir müəllim, bəlkə Leyla xanıma da söz verək...
– Eybi yox, onun
65 yaş müsahibəsində
də mən susaram, o danışar (gülür). Təbii ki, bu, bir zarafatdır, əlbəttə, buyursun.
Nəzərə alın ki, mənim ilham qaynağım, həyat və sənət stimulum məhz odur.
Eşitdiyi iltifat dolu etirafdan
məmnun görünən
Leyla xanım da söhbətə qoşulur.
Leyla Ağayeva: Biz xoşbəxt
adamlarıq ki, bu sənətin ali təhsilini
almışıq və
onu istedadlı gənclərimizə tədris
edib sevdirməyi bacarmışıq. Biz o sevgini truppamıza təlqin edə bilmişik.
Müxbir:
Leyla xanımın söhbətə qoşulmağı
yaxşı oldu. Məqamdır, bir az da sənətkar ailəsindən
danışaq. Bu harmoniyanı yaratmaq və bir-birindən yorulmadan çalışmaq
çətin deyil ki?
Leyla Ağayeva: Sizə bir hadisə danışım. Akademik Milli
Dram Teatrında tamaşa
qururduq. Rejissoru Kamran
Şahmərdan idi.
Xatırlayırsınız yəqin, “Teleskop”u
deyirəm. Bizi görəndə
və ailə olduğumuzu biləndə
“Vəssalam, mənim tamaşam getdi. Ər-arvad hərəsi öz hikkəsini yeridəcək, mən də ortada qalacam” dedi və
biz xeyli güldük.
Zakir Ağayev: Biz bir-birimizi tamamlayırıq
və illərdir ki, yorulmadan belə işləyirik.
Müxbir:
Zakir müəllim, yaradıcı döyüşün
də, dialoqun da hakim tərəfləri
olur, etiraf edin...
Zakir Ağayev: Olur, çox olur. Məsələn, hansısa element üzərində bərk
müzakirə aparırıq.
Fikir üst-üstə düşmür.
Bu məqamda artıq kişi hakimiyyəti
ön plana keçir, sözümü
deyirəm və məşqdən çıxıram
(gülür). Qayıdıb görürəm ki, mən deyən olub.
Leyla Ağayeva: Amma, hər dəfə də sən deyən olmur (gülür).
Zakir Ağayev: Bizim işdə yeganə diktator ən yaxşı forma, ən yaxşı nəticəni
istəyən və göstərəndir.
Leyla Ağayeva: Bütün müzakirələrimiz, mübahisələrimiz
elə burada – məşq zalında, işdə qalır. Evdə bu barədə, demək olar ki, danışmırıq.
Zakir Ağayev: Bizim truppanın işçilərini
buraya bağlayan səbəblərdən biri
də yaratmış olduğumuz ailə mühitidir. Onlarla ata-ana münasibətindəyik.
Nə qədər tələbkar
olsaq da, onlara səmimi sevgimizi aşılaya bilmişik.
Müxbir: Uzunillik ailə təcrübəsi və peşəkarlığın verdiyi vərdişlər də var. Bu mənada yəqin bir-birinizi bir baxışdan başa düşmək də var...
Zakir Ağayev: Nə bildiniz? Var, daha çox qohum-əqrəbalarımız bunu bilirlər və öz aralarında “Leyla Zakirə nə deyib, nə işarə elədi ki, biz hiss eləmədik” deyib hələ də heyrətlənirlər. Küsdüyümüz, incidiyimiz vaxtlar da olur. Amma nə vaxt başlayıb, nə vaxt bitir, bilmirik. Bir-birimizə hörmət edir və səhvlərimizə görə üzr istəməyi bacarırıq.
Leyla Ağayeva: Biz hər şeydən öncə dostuq. Bir-birimizə güzəştə getməyi bacarırıq. Təkəbbür, xüsusən də qadınların təkəbbürü sağlam, möhkəm ailəyə mane olur.
– Zakir müəllim, bayaqdan danışırıq, siz gah hansısa balet elementlərini nümayiş etdirir, gah da şövqlə yaradıcı axtarışlarınızdan danışırsınız. Qısası, sizə 65 yaşı heç cür yaraşdıra bilmirəm.
– Mənə 65 yaşın var deməsəydilər, heç bunu hiss eləmirdim. Az qala boynuma qoyursunuz yaşımı. Nə 65? Həm çox gümraham, həm də bütün balet elementlərini nümayiş etdirəcək plastikam var. Siz özünüzlə gətirdiyiniz 65-ə də başa salın ki, yanılıb (gülür).
– Yazanda başa salaram...
Söhbətləşdi: Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2021.- 12
fevral.- S.5.