Ustad sənətkarın sənətkar qızı

 

Milli teatr səhnəsində yaratdığı müxtəlif səpkili rollarla tamaşaçı yaddaşında əbədiləşən sənətkarlarımızdan biriXalq artisti Firəngiz Şərifova olub. Görkəmli sənətkar dramatik təbiəti, əlvanlığı ilə seçilən ifa tərzi ilə gənc tamaşaçıların bədii zövqünün formalaşmasına  və vətənpərvərlik ruhunda tərbiyəsinə layiqli töhfələr verib.

 

Firəngiz Şərifova 6 fevral 1924-cü ildə Bakı şəhərində görkəmli aktyor, teatrkino rejissoru, Xalq artisti Abbas Mirzə Şərifzadənin ailəsində dünyaya göz açıb. Orta məktəblə yanaşı, səkkiz il Bakı Xoreoqrafiya Məktəbində də  təhsil alıb. Dramaturq Cəfər Cabbarlının təkidi və atasının razılığı ilə hələ səkkiz yaşında “Oqtay Eloğlu” əsərinin tamaşasında Sevər və bir müddət sonraSevil” tamaşasında Gündüz rollarında çıxış edir. Ancaq bu xoşbəxt günlərin ömrü uzun olmur. Atası 1937-ci ildə həbs edilərək “xalq düşməni” kimi güllələnir...

 

Maddi-mənəvi sıxıntılar içərisində böyüyən Firəngiz Şərifovanın teatr sevgisi daha da dərinləşir. 1941-ci ildə Üzeyir Hacıbəylinin məsləhəti ilə sənədlərini Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Vokal fakültəsinə verir. 1947-ci ildə təhsilini uğurla başa vuran Firəngiz Şərifovanın təyinatı  Azərbaycan Dövlət Musiqili Komediya Teatrına verilir. O, bu teatrın səhnəsində Gülçöhrə (“Arşın mal alan”, Üzeyir Hacıbəyli), Durna (“Durna”, Səid Rüstəmov), Ulduz (“Ulduz”, Süleyman Ələsgərov), Keto (“KetoKote”, Vladimir Dolidze), Bayadera (“Bayadera”, İmre Kalman) və s. maraqlı obrazlara səhnə həyatı verir.

 

Aktrisa sonra Akademik Milli Dram Teatrının səhnəsində də parlaq sənət nümayiş etdirir. Perdidata (“Qış nağılı”, Vilyam Şekspir), Həcər (“Qaçaq Nəbi”, Süleyman Rüstəm), Rəfiqə Rəhimli (“Alov”, Mehdi Hüseyn), Ket (“Afrodita adası”, Aleksis Parnis), Erfila (“Dəlilər”, Lope de Veqa), Gülgün (“Od gəlini”, Cəfər Cabbarlı) kimi obrazlarla teatrsevərlərin könlünü oxşayır. Həmin dövrdə Akademik Teatrda özünümaliyyələşdirmə üsuluna başlanılır və müvəqqəti olaraq fəaliyyətini dayandırır. Firəngiz Şərifova Xalq Maarif Komissarlığı İncəsənət İşləri İdarəsinin (indiki Mədəniyyət Nazirliyi) sərəncamı ilə Gənc Tamaşaçılar Teatrının truppasına qəbul olunur. O, qısa vaxt ərzində bu teatrın repertuar ağırlığını çəkən aktrisalardan birinə çevrilir. Yaratdığı səhnə obrazları onun sənətkar qüdrətini ortaya çıxarır. AktrisaSöhrab və Rüstəm” (İsgəndər Coşqun), “Anacan” (Yusif Əzimzadə), “Keçən ilin son gecəsi” (Anar), “Sən nə üçün yaşayırsan?” (İmran Qasımov, Həsən Seyidbəyli), “Rübailər aləmində” (Məmmədhüseyn Təhmasib), “Şəhidlər” (Bəxtiyar Vahabzadə), “Mahmud və Məryəm” (Elçin), “ dəvə” (Elçin), “Nənənin kələyi” (Əhməd Orucoğlu) və digər tamaşalarda yaddaqalan obrazlar yaradır.

 

Firəngiz Şərifova 1960-cı ildə yenidən Akademik Milli Dram Teatrına dəvət olunur. O, bu sənət ocağında böyük həvəslə çalışır. Qısa müddət ərzində parlaq sənət hadisəsinə çevrilən obrazlar qalereyası yaradır. Lakin bu səhnədə beş il işlədikdən sonra, 1965-ci ildə yenidən Gənc Tamaşaçılar Teatrına qayıdır. Fitrətən sənətə bağlı olan Firəngiz Şərifova bu teatrın səhnəsində müxtəlif janrlı və ən fərqli üslublu obrazlarla tamaşaçıların zövqünü oxşayır.

 

Firəngiz Şərifova istedadını kinoda da sınamış, uğur qazanmışdı. O, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunanQaraca qız”da Yasəmən, “Bir ailəlik bağ evi”ndə Ana, “Bayquş gələndə” filmində Nənə, “Qərib cinlər diyarında” ekran əsərində Tükəz, “Qətl günü”ndə Nənə və s. kino obrazları ilə kino aktrisası kimiparlaq ifa nümayiş etdirmişdi. “Bir ailəlik bağ evi” filmindəki Ana rolu psixoloji məna çalarlarına və emosional sənətkarlıq xüsusiyyətlərinə görə aktrisanın parlaq ekran obrazı kimi səciyyələndirilir.

 

Ümumiyyətlə, Firəngiz Şərifovanın Azərbaycan kinosunda həyat verdiyi surətlər psixoloji dərinliyi, səmimiliyi və inandırıcılığı ilə səciyyələnərək parlaq ekran obrazları kimi uğurlu tale yaşayıb. Aktrisanın müxtəlif televiziya tamaşalarında böyük sənətkarlıqla oynadığı rollar qiymətli sənət nümunələri kimi milli televiziyanın fondunda qorunur. Görkəmli sənətkarın altmış ildən artıq bir dövrü əhatə edən mənalı yaradıcılıq yolu gənc aktyorlar nəsli üçün bir sənət məktəbidir.

 

Sənətkar milli teatrkino sənətinin inkişafında xidmətlərin görə “Əməkdar artist” (1958), “Xalq artisti” (1969) fəxri adlarına, 2009-cu ildə “Şöhrət” ordeninə layiq görülüb. Prezidentin fərdi təqaüdçüsü olub.

 

Sənəti və nəcib xarakteri ilə qəlblərdə yaşayan aktrisa 20 fevral 2014-cü ildə, 90 yaşında vəfat edib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2021.- 12 fevral.- S.6.