Nizami Gəncəvinin 880 illiyinə
həsr edilmiş tədbir
Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar müxtəlif müəssisə və təşkilatlarda tədbirlər, layihələr həyata keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş ədəbi-musiqili gecə təşkil edilib.
Tədbirdə nazirliyin nümayəndələri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin şəxsi heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda “Nizami Gəncəvi İli”nin elan edilməsinin xalqımızın tarixinə və mədəniyyətinə ehtiramın təzahürü olduğu vurğulanıb. Bildirilib ki, milli-mənəvi dəyərlərə hörmət ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün davam edən dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan Ordusunda dahi şairin xatirəsinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəlməsində mühüm rol oynayır.
Çıxışlardan sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin bədii heyətinin ifasında Nizami Gəncəvinin əsərləri əsasında musiqili kompozisiyalar təqdim olunub.
Mədəniyyət.- 2021.- 17 fevral.- S.3.