Sənət, sevgiümid...

 

Musiqi elə bir sirli aləmdir ki, onun sehrinə düşən hər kəs əbədi olaraq bu sevgiyə məğlub olur. Bu sevgi, vurğunluq səni hara qədər aparar, bu, artıq taleyin yazısıdır. Bəxtinə musiqiyə vurğunluq düşən sənətkarlardan biri bu günlərdə redaksiyamızın qonağı oldu. Əməkdar artist, illərin unudulmaz müğənnisi Süleyman Zeynalovun redaksiyamıza gəlişi bizi təəccübləndirdiyi qədər də sevindirdi. Dedi ki, gəldim həm mən sizi yad edim, həm də ötənlərdən-keçənlərdən xatirələrimi bölüşüm...

 

 

 

Sənətə aparan yol...

 

 

 

1953-cü ildə müəllim ailəsində dünyaya gələn Süleyman Zeynalov 1974-cü ildən professional səhnəyə qədəm qoyur. Buna qədər isə Yasamal rayonu 161 nömrəli məktəbdə təhsil aldığı illərdən elə səhnədə ilk çıxışları ilə diqqət çəkə bilmişdi. Görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Əfsər Cavanşirovun “Bənövşə” xorundan başlayan musiqiyə vurğunluq onun gələcək sənət yolunu müəyyən edir.

 

Deyir ki, həmin illərdə bu kollektivdə Amaliya Pənahova, Flora Kərimova, Firuzə İbadova ilə birgə çıxışlar edib: “Bu gün musiqidə az-çox tanınmağımda, müğənni kimi fəaliyyətimdə Əfsər Cavanşirov və “Dan ulduzu” ansamblının rəhbəri Gülarə Əliyevanın böyük rolu var və həmin insanların ruhu qarşısında baş əyirəm”.

 

Sənət yolunda ustad sənətkarlardan öyrəndiyi təcrübədən əlavə, həm də musiqi təhsili almağının vacibliyini bildirən həmsöhbətimiz əvvəlcə Asəf Zeynallı adına Musiqi Texnikumunda, daha sonra isə M.Əliyev adına Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) təhsil alıb.

 

Qızmar yay günlərində, qarlı-sazaqlı qış aylarında zəhmətkeşlərin qarşısında, habelə hərbi hissələrdə çoxsaylı konsert proqramlarında çıxış edib, bölgələrimizi dolaşıb. O, həmçinin xarici ölkələrdə musiqi mədəniyyətimizi layiqincə təmsil edib.

 

1977-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının kapella xorunda çalışan müğənni daha sonraAzkonsertin solisti kimi fəaliyyətini davam etdirib, burada 40 ilə yaxın çalışıb. Onun cəbhə bölgələrində, dövlət tədbirlərində çıxışları bu gün də Azərbaycan Televiziyasının fondunda saxlanılır.

 

Müğənni deyir ki, Şövkət Ələkbərova, İslam Rzayev, Mirzə Babayev, Elmira Rəhimova kimi görkəmli sənətkarlarla uzun müddət bir yerdə çalışıb, onların sənətindən bəhrələnib: “Həmin dövrdə bütün konsertlər canlı səs və canlı musiqi ilə keçirilirdi. Sənətkarlar isə həmişə gənc müğənni kimi mənə dəstək olar, sənətimi dəyərləndirərdilər. Bölgələrdə təşkil olunan məhsul bayramlarında, təşviqat qatarlarında iştirak edərdim. Haqqımda mətbuatda tez-tez yazılar dərc edilər, televiziya ilə çıxışlarım verilərdi”.

 

“Səhər görüşləri” kimi populyar verilişdə mütəmadi çıxışlar edən müğənni daha sonra “Təranə” gənclik ansamblına da solist kimi dəvət olunur. Bu ansamblla çıxışları da maraqla qarşılanır. Səsi və ifası ilə maraq doğuran müğənni Əməkdar incəsənət xadimi Gülarə Əliyevanın əhbərlik etdiyiDan ulduzuinstrumental ansamblına dəvət edilir. Bu ansamblla bir sıra ölkələrdə konsert proqramı ilə çıxışlar edir, tamaşaçıların könlünü oxşayır. O, bu qastrol səfərlərini fəaliyyətinin ən unudulmaz, yaddaqalan xatirələri hesab edir. Azərbaycan Televiziyasının Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestri və “Xatirə” ansamblında çalışdığı müddətdə də peşəkarlığını artırmaqdan usanmır. Bu gün müğənninin 50-dən artıq ifası “qızıl fondda qorunur. Filmlərdə və teatr tamaşalarında ifaları yaşayır. Mirzə İbrahimovun “Kəndçi qızı” əsərinin tamaşasında Xalq artisti Sevda İbrahimovanın, İlyas Əfəndiyevin “Büllur sarayda” tamaşasında Oqtay Kazıminin bəstəsi olan mahnılar da Süleyman Zeynalovun ifasında səslənib. Xalq artisti Şəfiqə Axundovanın “Gəlin qayası” operasında balaca çoban, rejissor Ceyhun Mirzəyevin lentə aldığı “Fəryad” filmində isə oynadığı kiçik planlı obraz da onun sənət taleyinin unudulmaz səhifələrinə çevrilib.

 

 

 

Həssas repertuar seçimi, özünəməxsus ifa

 

 

 

Həmsöhbətim deyir ki, sənət taleyini hər zaman mükəmməl yaşamağa çalışıb. Bəlkə elə bu səbəbdəndir ki, bəstəkarlıq məktəbimizin ən parlaq simalarından olan Xalq artisti Tofiq Quliyev 1990-cı ildə “Bakı” qəzetində müğənni haqqında “Ürəkdən gələn səs” adlı məqalə dərc etdirib. Böyük bəstəkar məqalədə yazırdı: “Şövkət Ələkbərova, Gülağa Məmmədov sənəti heç vaxt ölməyəcək və əbədi yaşayacaq, çünki bu sənətin gənc və istedadlı Süleyman Zeynalov kimi davamçıları var”. Tofiq Quliyev məqalədə müğənninin repertuar seçiminə həssaslığını, özünəxas ifa üslubuna malik olmasını xüsusi vurğulayırdı.

 

Həyatın acı ironiyası sənətkarın taleyindən yan keçməyib. Gənc yaşlarında həyat yoldaşını itirən Süleyman Zeynalov bir qız, bir oğlunu təkbaşına böyüdərək onlara həm ata, həm da ana olub. Vaxtilə həyat yoldaşının müalicəsi üçün evini belə satmaq məcburiyyətində qalıb. Taleyin mənəvi zərbəsi sonradan onun səhhətində də problemlər yaradır. Zamanında populyarlığın ona gətirdiyi şöhrət və sənət sevinclərini xatırlayan müğənni ötən günlərin şirin xatirələrini fotoların yaddaşından nəql edir. Şəfiqə Axundova ilə Şuşada zəhmətkeşlərlə görüş, Gülarə xanımla “Dan ulduzu” ansamblında birgə çıxış, hərbi hissələrdə, Moskvada qastrol səfəri zamanı fotonun yaddaşına köçmüş anlar...

 

Bu gün orta nəslin nümayəndələri Süleyman Zeynalovun ifalarını yaxşı xatırlayırlar. Özününqeyd etdiyi kimi, gənclik və sağlamlığının imkan verdiyi zamanlarda xalq tərəfindən qəbul olunub. Həmişə böyük sənətkarlardan dəstək görən müğənni ustadlardan öyrəndiklərini yaradıcılığına tətbiq etməklə öz ifalarına özünəməxsusluq gətirə bilib. Sənət yolundan, ailəsindən söz açarkən arabir kövrəlir...

 

44 günlük Vətən müharibəsində Qələbəmizə də öz kövrək duyğuları ilə yanaşır müğənni. 1992-ci ildən cəbhə bölgələrində konsertlərini xatırlayır və həmin dövrlərdə aldığı fəxri fərman və təşəkkürnamələrdən söz açır. Bu yaxınlarda “Mədəniyyət” kanalına dəvət olunaraq canlı çıxışını diqqətimizə çatdırır. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın onu qəbul etməsini, problemləri ilə maraqlanmasını sənətinə verilən dəyər kimi qiymətləndirir...

 

***

 

Arzuları çoxdur. Ancaq ən böyük arzusu isti bir ocaqda övladlarının xeyir işini görməkdir. Bir valideyn üçün bundan böyük səadət ola bilməz...

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2021.- 17 fevral.- S.5.