Mədəniyyət naziri televiziya kanallarının rəhbərləri ilə görüşüb

 

Fevralın 16-da Milli İncəsənət Muzeyində Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ilə ölkəmizdə fəaliyyət göstərən televiziya kanalları rəhbərlərinin görüşü keçirildi.

 

Görüşdə Rövşən Məmmədov (“Azərbaycan TeleviziyaRadio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti), Mirşahin Ağayev (Real TV), Balakişi Qasımov (İctimai Televiziya), Kamil Şahverdiyev (Space TV), Murad Dadaşov (Xəzər TV), Azər Xəlilov (Azad Azərbaycan TV), Vüqar Xəlilov (CBC TV), Radik İsmayılov (ARB TV) və Lider TV-nin nümayəndəsi Nazxanım Bağırova iştirak edirdi.

 

Əvvəlcə görüş iştirakçıları Milli İncəsənət Muzeyinin “Azərbaycan incəsənəti minilliklər boyu” adlı daimi sərgisi ilə tanış oldular. Ekspozisiyada Azərbaycanın qədim maddi və mənəvi mədəniyyətini özündə əks etdirən ilkin və sonrakı dövrlərdə təkmilləşən tətbiqi və təsviri sənət nümunələri sərgilənir.

 

Sərgidə nümayiş olunan miniatür əsərlərə baxış zamanı nazir Anar Kərimov dövlət başçısının sərəncamı ilə bu ilin ölkəmizdə “Nizami Gəncəvi İlielan edildiyini, eyni zamanda ötən ilin 16 dekabrında Türkiyə, Azərbaycan, İran və Özbəkistanın birgə hazırladığı “Miniatür sənəti” mədəni elementinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salındığını diqqətə çatdırdı.

 

Qeyd etdi ki, bunları nəzərə alaraq miniatür sənətinə diqqət artırılmalı, televiziyalarımız da bu sənətlə məşğul olan insanları cəmiyyətə tanıtmalıdır.

 

Sərgiyə baxışdan sonra görüş dəyirmi masa formatında fikir mübadiləsi ilə davam etdi. Anar Kərimov ilk olaraq 14 fevral tarixində qeyd olunan Milli televiziyanın yaranması günü münasibətilə televiziya rəhbərlərini təbrik etdi. Bildirdi ki, cəmiyyətin inkişafında, milli həmrəyliyin gücləndirilməsində televiziyaların böyük rolu var: “Statistika göstərir ki, rəqəmsal platformaların daha çox vüsət aldığı bir vaxtda ənənəvi media vasitələri öz mövqelərini qoruyub saxlamaqda davam edir. Bu gün televiziyalar ictimai fikrin formalaşmasında, müstəqil dövlətçiliyimizin təbliğində mühüm rol oynayır. Bunun ən bariz nümunəsini biz 44 günlük Vətən müharibəsi zamanı televiziyalarımızın fəaliyyətində gördük”.

 

Daha sonra Anar Kərimov Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatlardan söz açdı. Nazir həmçinin dövlət başçısının tapşırığına uyğun olaraq mədəniyyət sahəsində həyata keçirilən islahatların və yeniliklərin ictimaiyyətə təqdim edilməsi prosesinə televiziyaların da dəstək göstərməsinin əhəmiyyətini qeyd etdi.

 

Görüşdə mədəniyyətin bütün sahələrinin işıqlandırılmasının diqqətdə saxlanılması, o cümlədən Qarabağın mədəni irsinin təbliği (Mədəniyyət Nazirliyinin “Mədəniyyəti Qarabağa qaytarırıq” layihəsi) məsələləri müzakirə edildi.

 

Anar Kərimov mədəniyyət sahəsinin təbliği ilə bağlı görüş iştirakçılarının təkliflərini dinlədi. Televiziya rəhbərləri ayrı-ayrı məsələlərlə bağlı fikirlərini bölüşdülər.

 

Televiziyaların film nümayişi siyasətinə yeni baxış, nazirliklə televiziyalar arasında işçi qrupun yaradılması, birgə fəaliyyət planının hazırlanması ilə bağlı fikirlər səsləndirildi. Vətənpərvərlik mövzusunda verilişlərin hazırlanması, mədəniyyətin müxtəlif sahələrində insan resurslarının inkişafı, cizgi filmlərinin istehsalı və yayımı, kino sahəsində yeniliklər və görüləcək işlər, eləcə də televiziyaların “Azərbaycanfilm” kinostudiyası ilə əməkdaşlıq məsələləri müzakirə edildi.

 

Nazir yaxın zamanlarda film.az platformasının yaradılacağını diqqətə çatdırdı. Qeyd etdi ki, bu platforma həm xarici, həm də yerli kanal və şirkətlərin Azərbaycanda filmpavilyon çəkilişlərindən asanlıqla istifadəsinə şərait yaradacaq.

 

Vurğulandı ki, “Mədəniyyət” kanalı Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq edirbundan sonra da birgə layihələr davam etdiriləcək. Nazirlik tərəfindən yaradılacaq Azərbaycan Kino Agentliyi ilə əlaqələrin qurulmasının vacibliyiqeyd olundu.

 

Görüş zamanı “Nizami ili” ilə bağlı tədbirlər planı, Zəfər muzeyinin yaradılması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

 

Həmçinin regional mədəniyyət idarələri ilə sıx əməkdaşlıq, ali və peşə təhsili müəssisələrində operator, səs rejissoru və digər sənət sahələrinin gənclər arasında populyarlaşdırılması və inkişafı, teatrlarda milli satirik ruhlu tamaşaların müasir yanaşmalarla təqdim edilməsinin əhəmiyyəti qeyd olundu.

 

Görüş iştirakçıları Əqli Mülkiyyət Agentliyi tərəfindən musiqi əsərlərinin lisenziyalaşdırılmasının əhəmiyyətini də vurğuladılar.

 

Qeyd olunan məsələlərə münasibət bildirən nazir yaxın zamanlarda verilən təkliflər üzrə işçi qrupunun yaradılacağını və bu istiqamətdə artıq müəyyən addımların atıldığını dedi. Bildirdi ki, səsləndirilən bütün təkliflər nəzərdən keçiriləcək. Təkliflərin həyata keçirilməsi həm nazirliyin, həm də televiziyaların fəaliyyətinə töhfə verəcək.

 

Sonda nazir Anar Kərimov səmimi və faydalı fikir mübadiləsinə görə televiziya rəhbərlərinə təşəkkür etdi.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2021.- 17 fevral.- S.1;3.