Bir sevinək, bir gülək”

 

 

Fevralın 17-də sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin şagird və dərnək üzvləri arasında “Bir sevinək, bir gülək” onlayn Respublika uşaq yaradıcılıq müsabiqə-festivalına start verilib.

 

Təhsil Nazirliyinin dəstəyi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqə-festival martın 17-dək davam edəcək. Müsabiqənin məqsədi uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, istedad və bacarıqlarını üzə çıxarmaq, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasına şərait yaratmaq, Novruz adət-ənənələrini, milli-mənəvi dəyərləri təbliğ etməkdir.

 

Müsabiqə onlayn formatda 3 yaş qrupu (6-9, 10-13, 14-17) və 3 nominasiya (bədii qiraət, təsviri-tətbiqi sənət və vokal ifaçılığı) üzrə keçirilir.

 

Bədii qiraət üzrə hər iştirakçı müsabiqəyə yalnız bir şeirin oxusunu (müddəti 3-5 dəqiqə, videogörüntü telefon, planşetya kamera ilə çəkilə bilər) təqdim edə bilər. Təsviri-tətbiqi sənət üzrə işlərin işlənmə texnikası sərbəstdir. Novruz adət-ənənələrini əks etdirən rəsm və dekorativ-tətbiqi sənət nümunələrində orijinal yanaşma əksini tapmalıdır. Tətbiqi sənətin müxtəlif sahələri, o cümlədən keramika, xalçaçılıq, metal üzrə , ağac üzərində oyma, bədii toxuma və tikmə, quramas. işlər təqdim oluna bilər.

 

Vokal ifaçılığı üzrə xalq və bəstəkar mahnılarının ifasının (3-4 dəqiqə), habelə saz, tütək, balabans. alətlərdə ifanın videoyazısı təqdim edilə bilər.

 

İşlər göndərilərkən iştirakçı və oxuduğu, məşğul olduğu təhsil müəssisəsi haqqında məlumatlar qeyd olunmalıdır. Bədii qiraət üzrə işlər (martın 11-dək) ugim-1@mk.edu.az, təsviri-tətbiqi sənət üzrə işlər incesenet.art@list.ru, vokal ifacılığı üzrə işlər biz.birinci@gmail.com elektron poçt ünvanlarına göndərilməlidir.

 

Mədəniyyət.- 2021.- 19 fevral.- S.4.