Niyyətin hara – iş
yerin ora...
30 yaşlı
doğma kollektivə ürək sözü
Mədəniyyət sahəsinə bağlı
olan ailədə dünyaya göz açmışam. Atam və əmim
10 ilə yaxın musiqi müəllimi kimi fəaliyyət göstəriblər. Deyirlər, övlad
ailədə gördüyünü
götürər. Mən də
kiçik yaşlarımdan
mədəniyyət yönlü
fəaliyyət sahəsini
seçəcəyimi düşünürdüm. Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinə qəbul
olunmağım məni
arzularıma daha da yaxınlaşdırırdı.
Tələbəlik dövründə mədəniyyətlə bağlı
nəşrləri, o cümlədən
“Mədəniyyət” qəzetini
oxuyurdum. Nə gizlədim, nə zamansa bu qəzetdə
çalışmaq da
fikrimdən keçirdi...
Artıq universiteti bitirirdim. Diplom işini
təhvil vermişdim.
Bir gün “Mədəniyyət”
qəzeti redaksiyasına
üz tutdum. Baş redaktorun qapısını
döydüm. Baş
redaktor mədəniyyətin
hansı sahəsinə
maraq göstərdiyimi
soruşdu, qəzetin iş prinsipi, əhatə etdiyi sahələr barədə
məlumat verdi.
Mən də ali təhsil
aldığım ixtisas
üzrə – kitabxana və nəşriyyat işi sahəsinə bələd olduğumu və daha çox
bu istiqamətdə yazmaq istədiyimi bildirdim. Bir müddət sərbəst
yazılar yazdım, tədbirlərdən informasiya
hazırladım. Beləcə, mən də “Mədəniyyət” kollektivinin
üzvü oldum.
2019-cu ilin 31 may tarixini heç vaxt unutmayacağam. Həmin gün müxbir
kimi ilk dəfə bir tədbirə gedirdim. Heç ağlıma gəlməzdi
ki, qəzet üçün ilk yazım
böyük satirik şair və maarifpərvər Mirzə
Ələkbər Sabirlə
bağlı olacaq.
Bir gün əvvəl şairin doğulduğu Şamaxıda ənənəvi
Sabir poeziya günlərinin açılış
mərasimi keçirilmişdi.
Sonra tədbirlər paytaxtda davam etmişdi. Rəşid Behbudov adına Azərbaycan
Dövlət Mahnı
Teatrında Sabir poeziya günlərinin bağlanış mərasimi
gerçəkləşirdi. Böyük həyəcan və sevinclə bu poeziya gecəsinə qatıldım. Tədbirdən material hazırlayıb redaktora təqdim etdim.
Xəbəri qəzetin səhifəsində
görəndə sevincimin
həddi-hüdudu yox idi. İşdən evə gedəndə
ilk yazımın olduğu
qəzetin bir nüsxəsini özümlə
götürmüşdüm. Avtobus dayanacağından evimizədək təxminən
bir kilometrlik yolu necə qət etdiyimi bilmədim...
Qəzetdə fəaliyyətə başladığım
ilk günlərdən təcrübəli
həmkarlarım öz
köməyini məndən
əsirgəmədilər. Deyirdilər ki,
bu yolu seçmisənsə,
öz üzərində
səylə çalışmalısan.
Etiraf edim ki, bu
tövsiyələr köməyimə
çatdı, həmçinin
qəzetdə dərc
olunan əvvəlki yazılardan bəhrələnməyə
çalışdım.
Deyirlər, həyatda xoşbəxt insanlar həm də sevdiyi məsləyə qulluq edənlərdir. Çox şadam ki, mən də əmək fəaliyyətimə bu il 30 yaşını qeyd edən “Mədəniyyət” qəzetində başladım və iki ildir bu kollektivin üzvüyəm. Yubiley münasibətilə bütün həmkarlarımı və qəzetimizin dəyərli oxucularını təbrik edirəm. “Mədəniyyət”ə daha böyük yubileylər arzusu ilə
Nurəddin MƏMMƏDLİ
Mədəniyyət.- 2021.- 19
fevral.- S.7.