Ədəbiyyat nəğməkarı – emosional nəsrin ustadı

 

 

Onun qəhrəmanları düşünməkdən artıq duyur, mühakimədən artıq hiss edirlər”

 

Əlvan yaradıcılığı ilə ədəbiyyatımıza təravət gətirən, xalqımızın ədəbi-mədəni fikir xəzinəsini zənginləşdirən görkəmli ədiblərimizdən birinasir, kinodramaturq, tərcüməçi, Xalq yazıçısı Ənvər Məmmədxanlı olub. Həssas qəlbli yazıçının səmimi sevgi ilə yaratdığı qəhrəmanlar oxucunun qəlbinə hərarət bəxş edir, insanları bəşəri ideyalar uğrunda mübarizəyə səsləyir.

 

Ənvər Qafar oğlu Məmmədxanlı 1913-cü ilin fevralında Göyçay şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Sənaye Texnikumuna qəbul olunur. Təhsilini başa vurub ixtisası üzrə müxtəlif müəssisələrdə işləyir. Eyni zamanda Azərbaycan NeftKimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) qiyabi oxuyur. Moskvada Ali Kinematoqrafiya İnstitutunda təhsil alır.

 

Onun da gənclik illəri qanlı-qadalı illərə düşür. Bir çox həmyaşıdları kimi İkinci Dünya müharibəsində iştirak edir. Cənub-qərb cəbhəsində “Qızıl ordu” qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olur. Qəzet səhifələrində  tez-tez təsirli publisistik yazıları dərc edilir. Sərt və eyni zamanda emosional üslublu publisistikası Vətənə məhəbbət və düşmənə nifrət ruhu üstündə köklənir. O, “Qərbə atəş”, “And” və s. yazılarında Azərbaycanın igid oğullarının müharibədəki qəhrəmanlıqlarına işıq salırdı.

 

Ənvər Məmmədxanlı ədəbiyyata 1934-cü ildə “Burulğanpovesti ilə gəlmişdi. Müəllif ilk əsərində neftçilərin həyatını qələmə almışdı. Onun “Bakı gecələri”, “Buz heykəl”, “Karvan dayandı”, “Boyunbağı”, “Əfsanəli dağlar”, “Qaralmış günəş” həmin dövrdə ən çox oxunan əsərlər sırasında idi. “Şərqin səhəri”, “Od içində”, “Şirvan gözəli” pyesləri Azərbaycan teatrlarının repertuarında möhkəm yer tuturdu.

 

Şirvan gözəli” pyesinin tamaşası “Zaqafqaziya teatr baharı” festivalında birinci dərəcəli diploma layiq görülmüşdü. Vaxtilə böyük türk şairi Nazim Hikmət də bu əsəri oxuyub bəyənmiş və belə demişdi: “Əsl məqsədinizi dolayı yolla deyə bilmisiniz”. Ancaq əsər o dövrdə mətbuatda kəskin tənqid edilir.

 

Danmaq olmaz ki, Ənvər Məmmədxanlı “Şərqin səhəri” əsərində sosializm ideyalarını təsvir etsə də, Azərbaycan həqiqətlərini də sətiraltı mənalarda məharətlə ifadə edib. Görkəmli yazıçının orta məktəb dərsliklərində yer alanBuz heykəl”, “Sevinc”, “Ananın ölümü” hekayələri və digər əsərləri müəllifin müharibə dövrü yaradıcılığının əsasını təşkil edir.

 

Ədibin yaradıcılığında cənub mövzusu da xüsusi yer tutur. “Karvan dayandı”, “Qızıl qönçələr” və “Baş xiyabanda” hekayələri bu mənada diqqətəlayiq nümunələrdir. “Qızıl qönçələr” Cənubi Azərbaycan zəhmətkeşlərinin ağır həyat şəraitindən bəhs edir. Ümumiyyətlə, Ənvər Məmmədxanlı təbiət mənzərələri təsvirində böyük ustalıq nümayiş etdirib. Dağlar, dərələr, çaylar və dənizlər və s. onun təsvirlərində daha məzmunlu, daha inandırıcıdır.

 

Ənvər Məmmədxanlı “Azərbaycanfilm” kinostudiyasında ssenari redaksiyasının baş redaktoru olub, maraqlı kinossenarilər yazıb. Kino sənətinin incəliklərini yaxşı bilən yazıçı idi. Mehdi Hüseynlə birgə yazdığı ssenari əsasında 1947-ci ildə “Fətəli xan” bədii filmi lentə alınıb. Ssenariləri əsasında həmçinin “Cazibə qüvvəsi”, “Babək” və s. filmlər çəkilib, maraqla qarşılanıb.

 

Tanınmış ədib Mikayıl Rzaquluzadənin yazıçı haqqında məqaləsində deyilir: “Məmmədxanlı Ənvər yaradıcılığında ən çox seçilən xüsusiyyət onun lirik bir nasir olmasıdır. Böyük düşməzsə, demək olar ki, o, bizdə lirik-psixoloji emosional nəsrin banisi sayıla bilər. Məmmədxanlı Ənvər verdiyi bu daxili aləm təsvirində insan psixologiyasının bir cəhətinə – hissiyyatın, emosiyaların təsvirinə çox əhəmiyyət verir. Onun əsərlərində soyuq mühakimələrə, dərin təfəkkürə və bunların ifadəsi olan ritorikaya, didaktik nəticələrə az təsadüf edilir. Onun qəhrəmanları düşünməkdən artıq duyur, mühakimədən artıq hiss edirlər”.

 

Ənvər Məmmədxanlı ədəbi tənqidin daim diqqət mərkəzində olub. Əsərləri həm yüksək qiymətləndirilib, həm də sərt tənqid edilib. Mənbələrdə göstərilir ki, o, bunlara heç vaxt reaksiya verməyib, tənqidlərə qarşı çox dözümlü olub.

 

Yazıçı ömrünün müdrik çağlarında “Babək” romanını qələmə alır. Ancaq əsəri tamamlamağa ömür vəfa etmir. Yazıçı 19 dekabr 1990-cı ildə vəfat edir. Ölümündən sonra Xalq yazıçısı Anar romanı və “Babək” kinossenarisini birləşdirərək tamamlayır və “Azərbaycan” jurnalında dərc etdirir. Anar həmçinin ədibin məşhur “Həyatım ağrıyır” deyimi əsasında eyniadlı xatirə-povest qələmə alıb.

 

Əməyi yüksək qiymətləndirilən yazıçı iki dəfə “Şərəf nişanı” və bir dəfə “Qırmızı əmək bayrağı” ordenləri ilə təltif olunub. Həmçinin 1963-cü ildə “Əməkdar incəsənət xadimi”, 1987-ci ildə isə “Xalq yazıçısı” fəxri adlarına layiq görülüb.

 

Dərin məzmunlu bədii əsərləri, maraqlı publisistikası, kinossenariləri ilə yaddaşlarda silinməz iz qoyan Ənvər Məmmədxanlı heç vaxt unudulmayacaq.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2021.- 19 fevral.- S.5.