Mədəniyyət Nazirliyi
işğaldan azad olunmuş ərazilərdə tarix
və mədəniyyət obyektlərinin vəziyyətinə
dair məlumat yayıb
“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” ölkə başçısının 2020-ci il 29 oktyabr tarixli fərmanına uyğun olaraq Mədəniyyət Nazirliyinin nümayəndələri tərəfindən işğaldan azad olunmuş ərazilərdəki tarix və mədəniyyət obyektlərinin (abidə və müəssisələr) ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə monitorinqlər həyata keçirilir.
Mədəniyyət Nazirliyi bununla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, indiyədək aparılmış monitorinqlər zamanı dövlət qeydiyyatında olan 312 tarix-mədəniyyət abidəsinin monitorinqi həyata keçirilib. Bundan əlavə, həmin ərazilərdə dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 106 obyekt aşkar edilib.
Monitorinqlər zamanı 571 mədəniyyət müəssisəsinin vəziyyəti qeydə alınıb.
Onlardan 286-sı kitabxana, 237-si mədəniyyət evi və klub müəssisəsi, 19-u muzey, 24-ü uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereyadır. Müəssisələrin hamısı, demək olar ki, tamamilə dağıdılıb.
Beynəlxalq təşkilatların, o cümlədən BMT-nin ixtisaslaşmış müəssisələrinin son 30 ildə həyata keçirməli olduğu faktaraşdırıcı missiyalar təşkil edilmədiyinə görə inventarlaşdırma prosesi bu boşluğu doldurmalı olub. Hazırkı monitorinq Ermənistanın 30 illik işğal zamanı tarix-mədəniyyət abidələrinə qarşı törətdiyi qanunsuz hərəkətləri və həmin ərazilərin hansı vəziyyətdə işğaldan azad edildiyini müəyyən etməyə imkan verir.
Məlumatda vurğulanır ki, erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olub. İşğalçılar məscidlərin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər. Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Horadiz kəndindəki iki məscid, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri xüsusilə qeyd olunmalıdır.
Qaraağac qəbiristanlığında yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəy türbəsi də daxil olmaqla XIX əsrə aid 4 türbə tamamilə məhv edilib.
Ağdam şəhərində yerləşən Pənahəli xanın (XIX əsr) və Mehdiqulu xanın türbələrinin dağıntılara məruz qoyulduğu, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan vurulduğu müəyyən olunub. İbrahimxəlil xanın türbəsi (XIX əsr) isə tamamilə dağıdılıb.
İşğal olunmuş ərazilərdə yerləşən zəngin mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik, unikal abidələrə bu cür münasibət dünya irsinə qarşı yönəlmiş təhdiddir. Dini ibadət yerlərinin dağıdılması və donuzların tövlə kimi istifadə olunması erməni vandalizminin bariz nümunəsidir və bu abidələrin timsalında dünya və ölkəmizin mədəni irsinə münasibət beynəlxalq təşkilatların, xarici dövlətlərin qınağına səbəb olmalıdır. Bu hal Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir.
Həmçinin bildirilir ki, təcavüzkar Ermənistan rəhbərliyinin təşkilatçılığı ilə Xocavənd rayonunda yerləşən Azıx mağarası, Ağdam rayonundakı Şahbulaq qəsrinin yaxınlığında xarici ölkələrdən olan mütəxəssislərin də daxil edildiyi saxta arxeoloji ekspedisiyalar tərəfindən qanunsuz qazıntı işləri təşkil olunub. Eyni zamanda Ermənistan tərəfi daha bir təxribata əl ataraq Şuşa şəhərindəki Yuxarı Gövhər ağa məscidində “bərpa” işləri adı altında abidənin tarixini saxtalaşdırmaqla məşğul olub, xalqımıza məxsus bu tarixi tikilinin fars məscidi olmasını iddia edib. Məqsəd isə iki qonşu və dost xalqı bir-birinə qarşı qoymaq idi.
Ermənistan tərəfinin vandalizmi yalnız müsəlman tarixi dini-memarlıq abidələrinə deyil, həmçinin xristian tarixi-dini abidələrinə münasibətdə də özünü göstərib. Kəlbəcər rayonunda yerləşən Xudavəng və Gəncəsər monastırları da daxil olmaqla Qafqaz Albaniyasına aid bir çox məbədlər mənimsənilərək vandalizmə məruz qalıb. Xudavəng monastırına aid Arzu xatın kilsəsinin şərq divarındakı, Xudavəng monastırının incisi hesab olunan freska xüsusi üsullarla kəsilərək götürülüb. Gəncəsər monastırında aparılmış qanunsuz təmir işləri nəticəsində onun əzəli görkəminə zərər dəyib.
Ermənistan Respublikası tərəfindən memarlıq və arxeoloji abidələrlə yanaşı bağ-park, monumental və xatirə abidələri də dağıdılıb. Qubadlı, Füzuli və Ağdam şəhərlərində vaxtilə yerləşmiş 1941-1945-ci il müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidələri tamamilə məhv edilib. Füzuli şəhərində Məhəmməd Füzulinin heykəli, Laçın rayonunun Güləbird kəndində Sarı Aşığın xatirə muzeyi, Molla Pənah Vaqifin Şuşa şəhərində yerləşən büstü, şairə Natəvanın Ağdam şəhərində yerləşən qəbirüstü abidəsi dağıdılıb.
Ermənistan tərəfinin mədəniyyət obyektlərinə qarşı bu cür vandalizm aktları bir çox beynəlxalq sənədlərin, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” Konvensiyanın, “Arxeoloji irsin qorunması haqqında” Avropa Konvensiyasının, “Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında” Konvensiyanın müddəalarının kobud şəkildə pozulmasıdır.
“Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına məxsus tarix və mədəniyyət abidələrinin dağıdılması, mənimsənilməsi və öz tarixi təyinatına uyğun olmayan şəkildə istifadəsinə görə məsuliyyətə cəlb olunacağına və layiqli cəzalarını alacaqlarına tam əminik”, – deyə məlumatda vurğulanır.
Mədəniyyət.- 2021.- 19
fevral.- S.1;2.