“Şəhid olsam, məzarıma
Qarabağ torpağından tökərsiniz...”
Xalqımıza Qələbə sevinci yaşadan cəsur Vətən oğullarını tanıtmaqda davam edirik. Həmin igidlərin sırasında Namiq Cavadovun da adı var.
Namiq Rəhbər oğlu Cavadov 1973-cü il noyabrın 7-də Xocalı rayonunun Cəmilli kəndində anadan olub. İlk təhsilini Tofiq Hüseynov adına Xocalı şəhər 2 saylı tam orta məktəbdə alıb. 1992-ci ilin 26 fevralında mənfur erməni ordusu Xocalıda bəşər tarixində görünməmiş soyqırımı törətdiyi zaman Namiqin ailəsi bu qətliamdan sağ qurtulanlardan idi. Ailə Bakı şəhərinə pənah gətirir. Namiq 1993-cü ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə daxil olur. O, həmçinin BDU-nun Hərbi kafedrasında da oxuyur, leytenant rütbəsi alır.
Namiq Cavadov hərbi xidmətini Sədərək rayonunda keçir. Xidmət müddətində əsgərlərinin və zabit heyətinin dərin hörmətini qazanır. İxtisası atıcı-snayperçi olsa da, tank sürür, minaları zərərsizləşdirməyi də bacarırdı.
2020-ci ilin Vətən müharibəsi zamanı ehtiyatda olan Namiq Cavadov könüllü olaraq oktyabrın 19-da cəbhəyə yola düşür. Qubadlı uğrunda döyüşlərdə iştirak edir. Səkkiznəfərlik xüsusi təyinatlı qrupla düşmənin onlarla canlı qüvvəsini məhv edir. Oktyabrın 25-də Laçının Güləbird qəsəbəsində əsgərlərinə yardım etmək üçün mövqeyini dəyişərkən düşmən gülləsinə tuş gələrək şəhadətə qovuşur.
Şəhid zabitin anası Svetlana Cavadova deyir ki, Namiqi tanıyanlar onun necə vətənpərvər olduğunu bilirdilər: “Uşaq yaşlarından çox mərd və qürurlu idi. Hər zaman işğalda olan torpaqların həsrəti ilə yanırdı. Dilindən Qarabağ, Xocalı sözləri düşmürdü. Şəhidlik zirvəsinə ucalacağı elə bil ona agah olmuşdu. Düzdür, mən övladımı itirmişəm, ürəyim yanır. Ancaq Namiq Vətən uğrunda canını fəda edib. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Şəhidin həyat yoldaşı Gültəkin Cavadova xatirələrini qürur hissi ilə bölüşür: “Onun haqqında danışacaqlarım bir romana belə sığmaz. Namiqin dediyi bu söz yadıma düşəndə kəlmələr boğazımda düyünlənir. Bir dəfə Namiqlə 2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olan əsgərlərin həyat yoldaşları ilə müsahibəyə baxırdıq. Mənə dedi ki, görürsən, yoldaşları haqqında danışarkən necə qürurla danışırlar? Onlar haqqında necə düzgün məlumat verirlər? Mən şəhid olanda sən də belə danışarsan...”.
1997-ci ildə ailə həyatı quran Namiq iki övlad böyüdüb. Fidanın 22, Rəhbərin 20 yaşı var. Övladlarını da özü kimi çox vətənpərvər yetişdirib.
Fidan Cavadlı deyir ki, şəhid övladı olmaq mənəvi cəhətdən ağır, həm də qürurvericidir: “Atam Vətənin dar günündə silaha sarılıb onun çağırışına hay verib. Soyuq səngərdə öz hərbçi qardaşları ilə birgə torpağımızı yağı düşməndən qoruyub. Belə bir atanın övladı olduğum üçün qürur və fərəh duyuram. Atamla bu haqda tez-tez söhbət etməsək də, amma bir gün yanımızda olmayacağını da dilə gətirirdi. Elə bil bizi yoxluğuna alışdırırdı. Mənim saçıma sığal çəkib, “Saçların çox gözəldi, qızım, amma mən öləndə saçlarını qəti yolmazsan” deyirdi. Onun yoxluğuna alışmaq nə qədər çətin olsa da, bilirəm ki, atam istədiyi ali mərtəbəyə yüksəlib. Vətən sağ olsun”.
Rəhbər Cavadlı: “Atam bəlkə də hər bir övladın arzulayacağı bir valideyn idi. Yeri gələndə dostum, yeri gələndə məsləhətçim və ən əsası hər bir çətinliyimdə, pis-yaxşı günlərimdə dəstək verən idi. Hər zaman Qarabağın gözəlliyindən bəhs edər, o torpaqları bizim də görməyimizi arzulayardı. Sosial şəbəkələrdə də ancaq Vətən sevgisindən, yurd həsrətindən yazardı. 2019-cu il noyabrın 7-də, doğum günündə sosial şəbəkə hesabında onu təbrik edənlərə belə bir rəy yazmışdı: “Əziz dostlar! Təbrikləriniz üçün minnətdaram. Lakin çox təəssüf edirəm ki, ad günümü öz vətənimdə, vətənsiz qeyd edirəm”. Biz onunla fəxr edirik. Bilirik ki, o, cismən olmasa da, ruhən hər zaman bizim yanımızdadır”.
Rəhbər atasının 8 il əvvəl öz noutbukunda yazdığı məqaləsini tapdığını deyir: “Orada qeyd etmişdi ki, ən böyük arzum torpaqlarımız uğrunda vuruşaraq şəhadətə qovuşmaqdır. Əgər bu istəyim reallaşsa, məzarıma Qarabağ torpağından bir ovuc tökərsiniz...”.
Leytenant Namiq Cavadov oktyabrın 26-da Bakıda II Fəxri xiyabanda torpağa tapşırılıb. Dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin.
Nurəddin MƏMMƏDLİ
Mədəniyyət.- 2021.- 19
fevral.- S.5.