Kinoya yad deyildi
Həbib İsmayılov-115
İnsanın evi qəlbinin bağlı olduğu yerdir, deyirlər. Məsləyində uğur qazananlar da könlünü bütünlüklə sənətinə həsr edənlər, sənət ocağını daimi məkan seçənlərdir. Erkən yaşlarından vurulduğu sənətin ardınca gedən, peşəkar yaradıcılığı ilə Azərbaycan mədəniyyətinə uğur gətirən, görkəmli teatr, kino rejissoru, Əməkdar incəsənət xadimi Həbib İsmayılov da fəaliyyəti boyu daim cəmiyyətin diqqətini çəkdi, sevgisini qazandı. Azərbaycan kino sənətində ekranlaşdırdığı iki tammetrajlı filmi ilə yaddaşlarda iz salan sənətkarın anadan olmasının 115-ci ildönümündə xatirəsini hörmətlə anır, çoxşaxəli və maraqlı yaradıcılıq yoluna böyük məmnunluq hissi ilə nəzər salırıq.
Sənətdə ilk addım
Doğrudan da, mühit insanı yox, insan mühitini seçir, yaradır. Həbib İsmayılov da sənət zirvəsinə istedadı, zəhməti sayəsində addım-addım yaxınlaşıb, müvəffəq olduğu hər uğurun nəticəsində hörmət sahibi olub.
1906-cı il fevralın 21-də Naxçıvan şəhərində dünyaya göz açan Həbib İsmayılovun ailəsi əvvəllər Nehrəm kəndində yaşayıb. Atası və babası burda kənd təsərrüfatı ilə, Naxçıvana köçdükdən sonra isə dəmirçiliklə məşğul olublar. Dolanışığın çətinliyinə görə ailə 1910-cu ildə Tiflisə köçməyə qərar verib. Burada ailənin həyat şəraiti tədricən yaxşılaşmağa başlayıb. Orta təhsilini Tiflisdə alan Həbib İsmayılov bir müddət sonra “Yeni fikir” qəzetində korrektor köməkçisi vəzifəsində çalışıb. Sənətə olan marağına görə paralel olaraq şəhərdəki Azərbaycan teatrının səhnəsində uşaq rollarında çıxış edib. Bir qədər sonra ailəsi Bakıya köçüb. Burada o, fəhlə fakültəsində (ali məktəblərə hazırlıq kursları – red.) təhsil alıb (1924-1927), həm də dram dərnəyində səhnə fəaliyyətini davam etdirib. Dərnəkdə aktyor kimi çıxış etməklə yanaşı, müxtəlif mövzulu tamaşalara da quruluş verib. Fəhlə fakültəsini bitirdikdən sonra həyatını bütünlüklə səhnə sənətinə həsr etməyi qərara alıb.
Uğurlu məslək seçimi bilavasitə intuisiya ilə əlaqəlidir. Yaşıdlarından, ətrafdakılardan fərqli olaraq incəsənəti daha dərindən duyan, başa düşən Həbib İsmayılov bütün varlığı ilə sənətə aid olduğunu anlayır, maraqlı səhnə quruluşları ilə diqqət çəkir. Bunu nəzərə alan Xalq Maarif Komissarlığı onu 1927-ci ildə Moskvaya – Mərkəzi Teatr Sənəti Texnikumuna (sonradan Dövlət Teatr Sənəti İnstitutu) oxumağa göndərir. Yaradılan imkandan bacarıqla istifadə edən sənət vurğunu eyni vaxtda həm aktyorluq, həm də rejissorluq fakültələrində təhsil alır. Böyük teatr rejissoru, SSRİ Xalq artisti Konstantin Stanislavskinin məşqlərinə gedərək məşhur teatr nəzəriyyəçisinin sənət bilgisindən bəhrələnir. 1931-ci ildə texnikumu bitirdikdən sonra Bakıya qayıdaraq Türk İşçi Teatrında bədii rəhbər vəzifəsində çalışır. Teatrda fəaliyyət göstərən görkəmli səhnə ustalarından Abbas Mirzə Şərifzadə, Kazım Ziya, Ağasadıq Gəraybəyli, İsmayıl Talıblı, Ağahüseyn Cavadov, Əli Zeynalov, İsmayıl Əfəndiyev və başqa istedadlı aktyorlarla birlikdə çalışması Həbib İsmayılovun teatr fəaliyyətinin daha məhsuldar dövrünə qədəm qoymasına zəmin yaradır. Teatrda bədii rəhbər olmaqla yanaşı, rejissor kimi də tamaşalara quruluş verir. “Gizli əl”, “Küləklər şəhəri”, “Kölgə”, “Yaşar”, “Ölülər”, “Od gəlini” və başqa tamaşalar gənc rejissorun quruluşunda uğurla nümayiş etdirilir.
Nailiyyətlərin davamı
Türk İşçi Teatrı 1933-cü ildə Gəncə şəhərinə köçürülür. Kollektivlə birlikdə Həbib İsmayılov da burada teatrın inkişafı, şəhərin mədəni həyatının yaxşılaşması üçün yeni repertuarlar üzərində işləməyə başlayır. Həmin illərdə bu teatrda çalışan aktyorlardan Barat Şəkinskaya, Muxtar Avşarov, Məmmədrza Şeyxzamanov və başqaları Həbib İsmayılovun rejissorluğu ilə hazırlanan, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan bir çox tamaşalarda koloritli rollar yaradaraq teatrın repertuarını zənginləşdirir, sənətsevərlərin zövqünü formalaşdırırdılar. Həbib müəllimin həmin illərdə quruluş verdiyi tamaşalarda həm də aktyor kimi çıxış etməsi (“Yaşar” tamaşasında Toğrul, “Namus”da Barxudar, “1905-ci ildə” tamaşasında general-qubernator və s.) rejissorluqdan əlavə bir tərəf-müqabili kimi yaradıcı heyətin daxili potensialı ilə tanış olmasına imkan yaradır, tamaşaçılara daha yaxın edir, sənətinə məsuliyyətli yanaşdığına görə nailiyyətləri də bir-birini əvəzləyir. 1938-ci ildə o, Musiqili Komediya Teatrına baş rejissor təyin olunur. Burada “Aşıq Qərib”, “Əlli yaşında cavan”, “Lənkəran xanının vəziri” və digər tamaşalara quruluş verir.
İkinci Dünya müharibəsinin başlaması bir çox insanın arzu və istəyini yarımçıq qoysa da, Həbib İsmayılovun sənət bilicisi olması onun ön cəbhədəki fəaliyyətinə də sirayət edir. Ordu sıralarına çağırılan sənət adamı hərbiləşdirilmiş caz-orkestrin rəhbəri, sonra isə 402-ci Azərbaycan atıcı diviziyası klubunun rəisi təyin olunur. 1942-ci ildə Mahaçqala şəhərinə göndərilir, 1943-cü ilin əvvəlində isə Dağıstan Dövlət Teatrının direktoru vəzifəsinə təyin edilir. Teatrın səhnəsində bir neçə tamaşaya, həmçinin məşhur “Arşın mal alan” operettasına quruluş verir.
Kinoda qazanılan uğur
Həyat və sənət yollarının dolanbaclarında uğurla irəliləyən Həbib İsmayılov 1943-cü ildə Bakı kinostudiyasında işə qəbul edilir. İlkin olaraq kinoxronika şöbəsində baş redaktor, sonra şöbə rəisi kimi fəaliyyət göstərən rejissor həm də respublikamızın həyatından bəhs edən bir çox süjetlər, “Cəfər Cabbarlı”, “Sovet İttifaqının himni”, “Torpaq və onun münbitliyi”, “Naxçıvan MSSR-in 25 illiyi”, “Dağıstan MSSR-in 25 illiyi” və başqa sənədli, elmi-kütləvi filmlər çəkir. “Azərbaycan pambıqçılığında aqrotexnikanın tətbiqi” filminə görə isə 1955-ci ildə Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin gümüş medalına layiq görülür.
Həbib İsmayılovun sənət sevgisi, işinin öhdəsindən bacarıqla gəlməsi onun bir nailiyyətdən digərinə tez keçməsinə zəmin yaradırdı. 1947-ci ildə kinostudiya rəhbərliyinin sərəncamı ilə o, kinoxronika şöbəsində bədii filmlərin Azərbaycan dilinə dublyajı üzrə rejissor vəzifəsinə təyin olunur. Burada da aktyorlarla olan işbirliyindən, həmçinin rus dilini mükəmməl bilməsindən yararlanaraq bu sahədə də uğurlara imza atır. 1950-ci ildə kinonun nəzəri bilgilərini dərindən mənimsəmək və təcrübəsini artırmaq üçün Moskvaya – “Mosfilm” kinostudiyasına ezam olunur. Həmin ildə orada Dövlət Teatr Sənəti İnstitutunun qiyabi şöbəsinin aspiranturasına qəbul edilir. Dissertasiyası üçün isə “SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Mirzağa Əliyevin yarıməsrlik səhnə fəaliyyəti” mövzusunu işləyir.
Faydalı filmlər
Məşhur İsveç rejissoru İnqmar Berqman kino yaradıcılığının mahiyyətini insanlara fayda verməklə ölçərək deyirdi: “Avtomobillər, mebellər, yollar kimi filmlərimin də insanlara faydalı olmasını istəyirəm”. Bu mənada mahiyyəti və mühüm sosial mesajı ilə əhəmiyyət kəsb edən filmlər, sözün əsl mənasında, faydalı filmlərdir. Həbib İsmayılovun quruluşunda xeyirxahlığı, humanizmi, ədalətliliyi təbliğ, haqqı müdafiə edən “Ögey ana” (1958) və “Böyük dayaq” (1962) filmləri də cəmiyyətin ictimai-mədəni həyatında mühüm rol oynayan, yüksək mənəvi dəyərləri təbliğ edən faydalı ekran əsərləridir. Yuxarıda sadalanan kino fəaliyyətinə və sənət təcrübəsinə əsaslanaraq rejissor bədii kino sahəsində olan bacarığını təsdiqləmək məqsədilə tammetrajlı filmlər ekranlaşdırır. Yaradıcılıq metodunun nəzəri-estetik təsbiti kimi onilliklər sonra belə baxımlığını itirməyən, mənəvi-əxlaqi dəyərləri ön plana çəkən, ən axırıncı plandakı rolun belə həyat mövqeyini tanıdan, istedadlı aktyor heyətini milyonlara sevdirən bu kimi filmlərin azlığı isə təəssüf hissi doğurur.
“Ögey ana” filminin ədəbi ssenarisini Həbib İsmayılov ssenarist
Anna Yanla birlikdə yazır. Film Azərbaycan tamaşaçıları
tərəfindən böyük
rəğbətlə qarşılanır.
1959-cu ilin may ayında
Moskvada keçirilən
Azərbaycan ədəbiyyatı
və incəsənəti
ongünlüyündə nümayiş
etdirilir, izləyicilərin
sevgisini qazanır.
Filmdə
bütün dövrlərdə
mövcud olan ailə-məişət problemlərinin
çözülməsinin, ailədaxili münasibətlərin
yaxşılaşmasının (filmin baş qəhrəmanlarının təsiri
ilə) fərdlərin
davranışından, mənəvi
keyfiyyətlərindən asılı
olduğu vurğulanır,
Dilarə və Arif cütlüyünün
səbri, yüksək
intellekti isə hadisələri münaqişə
zəminindən (dramatiklikdən)
kənarlaşdıraraq, normal məcraya yönəltmələrinə
səbəb olur. Beləliklə, insanların bir-birinə
bəslədiyi (yaşından,
təhsilindən, dünyagörüşündən
asılı olmayaraq) hörmət və sevginin sayəsində xoşbəxt ailə bağlarının mümkünlüyü
mövzusu filmin leytmotivinə çevrilir.
İlk tammetrajlı
filmi ilə bədii kinoda böyük nailiyyət qazanan Həbib İsmayılov “Böyük
dayaq” filmini yazıçı Mirzə
İbrahimovun eyni adlı romanının motivləri əsasında
çəkir. Rejissor dövrünün sosial mövzusunu, mürəkkəb
və qərəzli insan münasibətlərini
ekrana gətirməklə,
filmin baş qəhrəmanı Rüstəm
kişinin, eləcə
də onun ətrafındakı insanların
psixologiyalarını, davranışlarını
emosional, publisist üslubda cilalamaqla cəmiyyətin mühakiməsinə
verir. Ədalətli mühit, gözəl
dünya naminə çalışan insanları
haqqın qalib təəssübkeşləri olaraq
alqışlayır. Filmlərində
rol alan
aktyor heyətinin potensialına yaxından bələdçiliyi isə
rejissorun bədii kinoda təsadüfi olmadığını bir
daha sübut edir, mənəviyyat kinosu olan faydalı
ekran əsərlərinin
onilliklər belə sevilməsinə imkan yaradır.
Şəhla ƏMİRLİ
Kinoşünas
Mədəniyyət.- 2021.- 19
fevral.- S.7.