“Xəmsə möcüzəsi”
yaradıcılıq müsabiqəsinə yekun
vurulub
Təhsil Nazirliyinin dəstəyi və 1 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə keçirilən “Xəmsə möcüzəsi” onlayn beynəlxalq yaradıcılıq müsabiqəsinə yekun vurulub.
Nazirlikdən bildirilib ki, müsabiqənin məqsədi Azərbaycanda və digər ölkələrdə yaşayan gənc nəsli Nizami Gəncəvinin yaradıcılığı ilə tanış etmək, onlarda klassik irsə məhəbbət hissi aşılamaq, şairin “Xəmsə”sinin süjetləri əsasında Azərbaycan miniatür sənətinə maraq oyatmaq, təsviri-tətbiqi sənət növləri vasitəsilə bilik və bacarıqlarını formalaşdırmaqdır.
Bədii qiraət və təsviri-tətbiqi sənət nominasiyaları üzrə 3 yaş qrupunda (6-9, 10-13, 14-17) keçirilən beynəlxalq onlayn yaradıcılıq müsabiqəsinə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Portuqaliyadan olan uşaqlar qatılıb. Müsabiqəyə ümumilikdə 1070 rəsm işi daxil olub.
Müsabiqəyə təqdim olunan əl işləri Xalq rəssamı Sakit Məmmədov, Əməkdar incəsənət xadimi Rafiq Əzizov, bədii qiraət üzrə təqdimatlar (videomateriallar) isə Əməkdar artist Ağalar Bayramov tərəfindən qiymətləndirilib.
Qaliblər diplom və sertifikatlarla təltif edilib.
Mədəniyyət.-2021.- 24
fevral.- S.7.