Torpağın müdafiəsindən mədəni irsin mühafizəsinə

 

Qarabağ müharibəsi iştirakçıları işlə təmin olunur

 

Fevralın 22-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində bir qrup Qarabağ müharibəsi qazilərinin abidə mühafizəçisi kimi işə qəbulu ilə əlaqədar görüş keçirilib.

 

Görüşdə Dövlət Xidmətinin rəisi Azad Cəfərli çıxış edərək Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbədən danışıb. Bildirib ki, bu görüş Birinciİkinci Qarabağ müharibələrinin iştirakçısı olmuş insanların işə götürülməsi istiqamətində ilk addımdır: “İlkin olaraq 10 nəfər işə cəlb olunub. Daha bir qrup qazimizin də abidə mühafizəçisi, yardımçı dövlət qulluğu vəzifəsinin daşıyıcısı kimi sıralarımıza qoşulması nəzərdə tutulur. Yeni 6 nəfərin işə cəlb olunması istiqamətində sənədələşmə işləri artıq tamamlanmaq üzrədir”.

 

Vurğulanıb ki, şəhid ailələrinin və qazilərin işlə təmin olunması daim diqqətdə saxlanılacaq və bundan sonra da bu istiqamətdə zəruri addımlar atılacaq.

 

Dövlət Xidmətinin rəisi həmçinin qeyd edib ki, bütün ölkə ərazisində, xüsusən də işğaldan azad olunmuş ərazilərdə abidələrin mühafizəsi, bərpası və istifadəsi işinin günümüzün tələblərinə, çağırışlarına uyğun şəkildə həyata keçirilməsi və lazımi koordinasiyanın təşkilini təmin etməyə çalışacağıq.

 

Vətən müharibəsi iştirakçısı Allahverdi İsgəndərov qeyd edib ki, müharibə veteranı kimi Dövlət Xidmətində işə götürülməsi sevindirici haldır. Vurğulayıb ki, xalqımızın mədəni irsinin qorunmasına xidmət etməkdən qürur duyur.

 

Vətən müharibəsində könüllü olaraq iştirak edən gənc Turan Hacıyev Vətənin müdafiə olunmasının hər bir şəxs üçün müqəddəs borc olduğunu bildirib. O, xalqımızın mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılmasında əməyinin olacağını sevindirici hal kimi dəyərləndirib.

 

Dövlət Xidmətinin rəisi sonda işə götürülən qaziləri bir daha təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Qeyd edək ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yeni formalaşan regional idarələrində abidə mühafizəçisi kimi 16 nəfər müharibə iştirakçısı işlə təmin olunacaq.

 

 

Mədəniyyət.-2021.- 24 fevral.- S.3.