“Uşaqların səhnəsi hər şeydən öncə təlim-tərbiyə yeridir

 

 

Bu il milli kukla sənətində, ölkəmizdə uşaq teatrı ənənələrinin formalaşması və inkişafında müstəsna yeri olan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 90 yaşı tamam olur. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi, Beynəlxalq Kukla Teatrları Assosiasiyası (UNİMA) Milli Mərkəzinin rəhbəri Rəşad Əhmədzadə AZƏRTAC-a müsahibəsində teatrın 90 illik tarixindən, kukla tamaşalarının uşaqların həyata baxışına, tərbiyəsinə təsirindən söz açıb.

 

 

 

– Rəşad müəllim, əvvəlcə teatrın yaranma tarixinə qısa nəzər salmağınızı istərdik...

 

– Məlumdur ki, bünövrəsi olmayan bir sahəni yaratmaq çox çətindir. Bu mənada 1931-ci ildə Molla Ağa Bəbirli tərəfindən yaradılan Kukla Teatrı da çətin və imkansız bir şəraitdə qurulub. Həmin vaxtlarda Molla Ağa Bəbirli mədəni mühitdə tanınmış aktyor idi. Teatrı yaratdıqdan bir neçə il sonra o, Sankt-Peterburq şəhərinə gedib, kuklaların mexanikası, onların ölçüləri barədə məlumat toplayıb. Azərbaycana qayıtdıqdan sonra da səhnələşdirdiyi ilk tamaşaSirkolub. Tamaşada özü düzəltdiyi marionet kuklalardan istifadə edib. Həmin dövrdə teatr səyyar fəaliyyət göstərirdi. 90 illik tarixə nəzər salsaq, görərik ki, teatrımız Azərbaycan Gənc Tamaşaçılar Teatrı və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən teatr kimi fəaliyyət göstərib. 1964-cü il aprelin 15-də teatra dövlət statusu verilib. 1975-ci ildən isə burada böyüklər üçüntamaşalar göstərilir. Azərbaycan və rus bölmələri üzrə fəaliyyət göstərən teatrda bu vaxta qədər yüzlərlə tamaşa hazırlanıb. Hazırda teatrımız V.Obraztsov adına Rusiya Dövlət Akademik Mərkəzi Kukla Teatrı ilə əməkdaşlığını da davam etdirir.

 

 

 

Kukla teatrı yarananda ümumilikdə teatr sənətinə münasibət birmənalı deyildi. Bəs o vaxtlar cəmiyyət bu teatrı necə qarşılamışdı?

 

Kukla teatrı həmişə bəxti gətirən bir teatr olub. Teatrın truppası sovxozkolxozlara gedib zəhmətkeşlər qarşısında tamaşalar nümayiş etdirirdi. Kukla teatrı estetikası bizə xalq ayin və oyunlarından gəlir. Xalqın belə tamaşalara xüsusilə ehtiyacı vardı. Qədim dövrlərdə insanlar müxtəlif əşyalardan kuklalar düzəldir və onlardan özləri üçün tamaşalar hazırlayırdılar. Molla Ağa Bəbirli bu oyun-tamaşaları professional səhnə səviyyəsinə qaldırdı. Onu da qeyd edim ki, kukla teatrına yalnız Azərbaycanda uşaq teatrı kimi baxılır. Bizdən fərqli olaraq Rusiyada bu teatra həm də böyüklər üçün nəzərdə tutulan bir teatr kimi baxırlar. Buna görə də çalışırıq ki, hazırladığımız tamaşalar yalnız azyaşlılar deyil, bütün yaş kateqoriyasındakı teatrsevərlər üçün maraqlı və baxımlı olsun.

 

 

 

Teatr uşaqların dünyagörüşünün formalaşmasına, tərbiyəsinə necə təsir göstərir?

 

Heç kimə sirr deyil ki, uşaqların mənəvi-estetik zövqünün formalaşmasında, vətənpərvər, humanist nəsil kimi yetişməsində teatrın böyük rolu var. Vətənə sevgidən, təbiətə diqqət və qayğıya qədər vacib saydığımız bütün nüanslar kukla tamaşalarının əsas qayəsini təşkil edir. Teatr sehrli bir aləmdən uşaqların saf, məsum düşüncələrinə nüfuz edə bilir. Yəni uşaqlarda teatra sevgi yaranarsa, onlar böyüyəndən sonra digər teatrlara da gedəcəklər. Burada əməkdaşlarımızın da üzərinə çox böyük məsuliyyət düşür. Uşaq teatra gələndə necə qarşılanırsa, onun yaddaşına elə də həkk olunur. Uşaqlar istənilən yaxşı tamaşaya, yeni mövzulara, yaradıcı təxəyyülə asanlıqla meyil göstərirlər, yaxşını pisdən ustalıqla, qəribə bir fəhmlə ayıra bilirlər. Əslində övladlarını tamaşaya gətirən valideynlər daha çox diqqətli olmalıdırlar. Təəssüflər olsun ki, bir çox hallarda onlar teatrın repertuarından, nağıl tamaşaları yeni formatda hazırladığımızdan xəbərləri olmur. Misal üçün, “Qoğalın nağılı”nda axırda qoğalı yeyirlərsə, bizim versiyada o, qəhrəman obraz olduğu üçün onu diri saxlayırıq. Çünki qəhrəmanları uşaqlara elə təqdim etmək lazımdır ki, onlar belə obrazlardan ibrət götürsünlər. Onu da deyim ki, kukla səhnəsinin öz meyarları varbiz bunu xüsusilə diqqətdə saxlayırıq. Səhnədə ölüm, qorxu, qan-qada, eləcə də əxlaqi kontekstdə heç bir neqativ mətləb birbaşaya sətiraltı ötürülə bilməz. Unutmaq olmaz ki, teatr, xüsusən uşaqların səhnəsi hər şeydən öncə təlim-tərbiyə yeridir.

 

Düzdür, bir ilə yaxındır davam edən pandemiya şəraitini nəzərə alsaq, bu danışdıqlarımız nəzəri təsir bağışlaya bilər. Hər halda inanırıq ki, bu vəziyyət aradan qalxacaqbiz qapılarımızı tamaşaçıların üzünə acacağıq.

 

 

 

Pandemiya dövründə teatrın fəaliyyəti necə qurulub, bu barədə də danışardınız.

 

– Ötən il mart ayında pandemiya başlayanda bütün teatrlar, o cümlədən Kukla teatrı tamaşa zallarının qapılarını bağlamalı oldular. Ancaq teatrımızın təşəbbüsü ilə “Mədəniyyət” kanalı vasitəsilə repertuarımızda olan 27 tamaşadan 6-sı çəkildi və ilk olaraq həmin kanalda göstərildi. Sonradan biz fəaliyyətimizi genişləndirərək televiziya vasitəsilə ustad dərslərin keçirilməsini təşkil etdik. Aktyor və rejissorlarımız uşaqlara tamaşalar haqqında məlumat verib, onların səhnəarxası özəlliklərini izah ediblər. Həmçinin uşaqlar arasında pandemiya ilə bağlı bir nağıl müsabiqəsi də keçirdik. Müsabiqədə qalib seçilən nağılı pandemiya bitəndən sonra səhnələşdirməyi düşünürük. Bundan əlavə, hər ay internet səhifəmizdə aylıq repertuarlarımızı təqdim edirik və “Youtube”, “Facebook” profillərimizlə tamaşalarımızı yayımlayırıq.

 

 

 

– Teatrın nəzdindəki  studiyaların da yəqin bu istiqamətdə layihələri olub?

 

– Teatrımızın nəzdində istedadlı uşaqlardan ibarət “Oyuq”, fiziki imkanları məhdud olan həvəskarlardan təşkil olunmuş “Küllücə”, eləcə də peşəkar aktyorfiziki imkanları məhdud yuxarı yaş qrupu həvəskarlardan ibarət inklüziv teatr kimi uğurla çalışan “Oyun” teatrı fəaliyyət göstərir. Onlar da daim yeni-yeni sosial-mədəni aksiyalarvideoçarxlar, kliplər, canlı yayım formatlı monotamaşalar vasitəsilə öz izləyicilərinə ismarıclarını çatdırmağa çalışırlar. Pandemiya dönəmində də bu aktiv proses davam etdi. Bir müsabiqə baş tutdu, ardınca vətənpərvərlik mövzusundaQarabağ Azərbaycandır!” şüarı altında iki klipiki videoçarx hazırlandı.

 

Pandemiya dövründə biz Vətən müharibəsində torpaqlarımızı erməni işğalından azad etdik. Bütöv bir nəslin ləyaqəti, qeyrəti özünə qayıtdı. Şəhidlərimizin ruhu şad oldu. Bütün dünya xalqımızın qəhrəmanlığını, dövlətimizin qüdrətini, Ordumuzun yenilməzliyini gördü. Bu, hər birimiz üçün, xüsusən də yaradıcı insanlar üçün unudulmaz məqamdır. Qeyd edim ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilk  ianəni edən teatr olaraq vətəndaşlıq borcumuzu da yerinə yetirməyə çalışdıq. Eləcə də Silahlı Qüvvələrə Yardım Fonduna, “YAŞAT” Fonduna da müəyyən vəsait köçürdük. Qəhrəman Vətən oğullarına sevgi və ehtiramımız sonsuzdur. Bu gün biz yeni layihələr üzərində işləyirik, yaxın gələcəkdə yeni tamaşalar hazırlayacağıq. Uşaqlar bizim gələcək davamçılarımızdır. Biz onları vətənpərvərlik ruhunda tərbiyə etməyə borcluyuq.

 

Mədəniyyət.-2021.- 24 fevral.- S.5.